“Avis”-in rəhbəri məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən “Avis” apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış edib. O, E. Məhərova bəraət verilməsini istəyib.

E. Məhərov son söz deyib və o da barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Sonra prosesdə hökm oxunub. Hökmə əsasən, E. Məhərov barəsində 3 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçısı E. Məhərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitəsi, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Terrorçularla əlaqədə şübhəli bilinən 3 nəfərin adı “qara siyahı”ya əlavə edildi

Read Next

“Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan İrana kredit ayıracaq” – Cavid Qurbanov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir