Avropa İttifaqının Regional Komitəsinin müşahidə qrupu: “Səsvermə prosesi dinc şəraitdə keçdi”

Avropa İttifaqının (Aİ) Regional Komitəsinin üzvlərindən ibarət müşahidə qrupu Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bəyanat yayıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qrupun rəhbəri, Finlandiyadan olan Paulina Haijanen sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə apardıqlarını deyib. O, bildirib ki, müşahidə qrupu səfər öncəsi referenduma çıxarılan Konstitusiya dəyişikliklərinin məzmununu araşdırıb, sentyabrın 26-da ümumxalq səsverməsi günü 2 seçki dairəsinin 10 seçki məntəqəsində səsvermə prosesinin müşahidəsini aparıb. Qrup apardığı araşdırmalar və müşahidələr əsasında referendumun keçirilməsinin suveren Azərbaycan dövlətinin səlahiyyətlərinə aid və bu barədə qərarın verilməsinin milli qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib. Həmçinin referenduma çıxarılan məsələlər ölkədə idarəetmə sisteminin gücləndirilməsi, insan hüquqlarının müdafiəsinin rəsmiləşdirilməsinə xidmət edir.

P.Haijanen deyib: “Qrupun üzvləri olduqları məntəqələrdə çoxsaylı müşahidəçilərin səsvermə prosesinin gedişini müşahidə etdiklərinin şahidi olublar. Səsvermə prosesi texniki və təşkilati baxımdan çox yaxşı təşkil edilmişdi. Məntəqələrdə seçici fəallığı yüksək idi və səsvermə prosesi dinc şəraitdə keçdi. Hər hansı bir zərurət olmadan polisin və ya yerli icra hakimiyyəti orqanının nümayəndələrinin seçki məntəqələrinə daxil olmalarını və səsvermə prosesinə müdaxilə etmələrini müşahidə etmədik. Səs verənlər müstəqil və heç bir kənar müdaxilə olmadan səsvermə prosesində iştirak edərək öz iradələrini ifadə etdilər”.

Qrupun rəhbəri əlavə edib ki, səsvermə prosesi başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri bir məntəqədə bülletenlərin sayılması prosesini izləyib və digər müşahidəçilərə də bülletenlərin sayılması prosesini izləməyə hər hansı maneçiliyin törədilmədiyinin şahidi olublar. Müşahidə qrupu belə bir qənaətə gəlib ki, sentyabrın 26-da Konstitusiyaya dəyişiklərlə bağlı referendum tam şəffaf şəraitdə keçib. Referendumun nəticələri Azərbaycan xalqının öz iradəsini müstəqil və azad şəkildə ifadə etdiyini əks etdirir.

Etikxeber.az

Read Previous

UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək – BU GÜN

Read Next

“Qəbələ”–“Maynts” görüşünü hansı hakimlər briqadası idarə edəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir