“Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dəfələrlə dilə gətirib…” – SAHİBƏ QAFAROVA

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində keçirilən sərbəst müzakirələrdə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova da çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, deputat deyib ki, bu sessiya çərçivəsində  qitə dövlətlərini təhdid edən, real təhlükə mənbəyi kimi çıxış edən bir çox məsələlərdən danışdılar, terrorizm, diskriminasiya kimi məsələləri müzakirə etdilər:

“Hesab edirəm ki, müasir dövrdə kifayət qədər aktual olan məsələlərdən biri də enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi bu gün, faktiki olaraq, dövlətlərin milli təhlükəsizliyinin ən mühüm komponentlərindən biridir. Son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Avropa ölkələrinin dövlət və hökumət başçıları bununla bağlı öz narahatlıqlarını dəfələrlə dilə gətiriblər.

Onlar Avropa ölkələrinin ən zəif, həssas yerinin enerji təhlükəsizliyi ilə bağlı olduğunu bildirirlər. Avropa üçün ənənəvi enerji mənbələri, təbii olaraq, tükənir. Biz çox da uzaq olmayan keçmişin təcrübəsində enerji məsələlərindən bəzən təzyiq, təhdid vasitəsi kimi istifadə olunduğunu müşahidə etmişik. Ona görə də düşünürəm ki, bu gün enerji məsələlərinə daha çox diqqət ayırmalı, bu istiqamətdə ədalətli, proqressiv fəaliyyəti dəstəkləməliyik”.

S. Qafarova qeyd edib ki, Azərbaycan da zəngin karbohidrogen yataqlarına malik ölkədir:

“Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan xalqı “Əsrin müqaviləsi”nın 25 illiyini qeyd etdi. Bu müqavilənin imzalanması Azərbaycanın inkişaf tarixində, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan enerji mənbələrinin, marşrutlarının şaxələndirilməsi mövqeyindən çıxış edir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata vəsiqə alan enerji layihələri regional və qlobal miqyasda da uğurlu əməkdaşlıq platformalarının formalaşmasında mühüm rol oynayıb. Azərbaycan miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib.

Əsas strateji məqamlardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində strateji amil kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir. Bəli, bu gün Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Azərbaycan hazırda Avropa üçün yeganə yeni mənbədir.

Ölkəmiz enerji ehtiyatlarının ixracında şaxələndirilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Beləliklə, tam məsuliyyətimizlə deyə bilərik ki, Azərbaycan öz enerji potensialı və ədalətli enerji siyasəti ilə Avropanın enerji xəritəsini dəyişdirir…”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ən əvvəl onlar istəyirlər ki, bu lənətə gəlmiş müharibə qısa zamanda başa çatsın…” – RAFAEL HÜSEYNOV AŞPA-DAN SƏSLƏNDİ

Read Next

“Qarabağ Azərbaycandır!” və ya “Valday”da “aprel müharibəsi” mesajı – ƏFLATUN AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir