“Avropa Şurası əməli köməklər göstərə bilmədi və bacarmır” – DEPUTAT

Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi

Avropa Şurası Parlament  Assambleyası (AŞPA) yay sessiyasının ikinci iş günü Daimi Komitə və büronun ənənəvi hesabat məruzəsi ilə başlanıb.

Həmin müzakirələr ətrafında çıxış edən Ermənistan nümayəndə heyətinin üzvləri önlara xas riyakarlıqla ölkəmiz Azərbaycan və Türkiyə əleyhinə yalan və iftiralarla dolu çıxışlar ediblər.

Etikxeber.az xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov nitqini bu saxtakarlıqları və böhtanları ifşa etməklə başlayaraq belə çməzmunlu çıxışların növbəti dəfə işğalçı Ermənistanın və onu təmsil edən deputatların əsl sifətini göstərdiyini, Avropa Şurası bu cür arzuolunmaz və və məyusedici davranışların yeri olnmadığını bəyan edib.

Azərbaycanlı deputat diqqəti bu mötəbər qurumun hazırda çox məsul və həlledici bir tarixi mərhələni yaşadığını vurğulayaraq söyləyib ki, bu gün Büro və Daimi Komitənin inkişaf haqda hesabatı müzakirə edilərkən Avropa Şurası sərhəddə dayanan kimidir:

“Elə düz 70 il əvvəl də belə idi. O vaxt bu təşkilat yaranırdı və Avropa, dünya mühüm bir sərhədin astanasında idi. İkinci dünya müharibəsindən sonra büsbütün başqa bir Avropa və dünya formalaşmışdı, soyuq müharibə epoxası başlanırdı. Avropa Şurasının bioqrafıyası təsdiq edir ki, o, məhz soyuq müharibə dövrünün uğurlu təşkilatı imiş. Çünki bu qurumun demokratiya, insan hüquqları sahəsində əldə etdiyi başlıca uğurların hamısı elə həmin dövrlərə təsadüf edir. Elə ki, soyuq müharibə epoxası bitməyə, artıq real qanlı qarşıdurmalar ortaya çıxmağa başladı, Avropa Şurası daha əvvəlki effektdə fəaliyyət göstərə bilmədi. Hərbi münaqişə və işğalların qarşısını almaqda, milyonlarla qaçqın və köçkünün problemlərini həll etməkdə Avropa Şurası əməli köməklər göstərə bilmədi və bacarmır”.

Bütün bunların səbəbinin Avropa Şurasının iş üsullarında müşahidə edilən qüsurlardan irəli gəldiyini qeyd edən R.Hüseynov konkret faktlar üzərində dayanaraq deyib:

“İcra olunmayan, kağız üzərində qalan gücsüz qətnamələr, baş alıb gedən ikili standartlar, sözlə əməlin düz gəlməməsi, idarə olunan qruplaşmalar, ayrı-ayrı üzv ölkələrə fərqli münasibətlər, təşkilatın nizamnaməsinin mütəmadi pozulmasına biganə münasibət, islahatların dekorativ səciyyəsi və çox-çox oxşar səbəblər. Avropa Şurasının bu qüsurlardan xilas olması üçün məxsusi bir antivirus proqramına ehtiyacı var. Yoxsa ki, ən ümdə məsələlərin həllində hamımızın ortaq sərvəti olan bu maşın – Avropa Şurası xəta verir, yaddaşı donur, həddən artıq yüklənmiş görünür. Ona görə də mənim fikrimcə Avropa Şurası sərhədin bu tayından o tayına, varlığının 70 yaşdan sonrakı hissəsinə sadəcə kosmetik islahatlarla yox, kardinal dəyişikliklərlə getməlidir. Yeni dövr onu göstərir ki, sözün gücü ilə işləmək daha keçmir, əvvəlki effekti vermir. Ona görə də sözün hərəkətə çevrilə, işləyə bilməsindən ötrü onu irəlilədən real güc olmalıdır”.

ASPA-RAFAEL

Bununla əlaqədar olaraq  47 ölkəni əhatə edən Avropa Şurasının  qərar və qətnamələrinin icrasına bilavasitə xidmət edə biləcək konkret təsir mexanizmini yaratmalı olduğunu deyən R. Hüseynov  Avropa Şurası Nazirlər Komitəsinin idarəçilik sistemində də dəyişikliklərin vaxtın çağırışı olduğunu bildirib:

“Təcrübə aşkar şəkildə nümayiş etdirir ki, qərarların, qətnamələrin icrasına bilavasitə təsir göstərən işlək mexanizm olmadan, Nazirlər Komitəsinin yalnız məşvərət, tövsiyyə xarakterli orqan kimi qalmaqla nəyəsə nail olması mümkün deyildir. Hər bir üzv ölkə bilməlidir ki, məqamı çatanda təşkilatın yalnız siyasi deyil, çox ciddi iqtisadi və digər sanksiyalarına da məruz qala bilər”.

Avropa Şurasının sabahına nikbin baxmağa çağıran R. Hüseynov göstərib ki, bəzən Avropa Şurasını artıq ömrünü başa vurmuş təşkilat kimi dəyərləndirmək kimi pessimist mülahizələrlə də qarşılaşmaq doğru deyil. Ömrünün növbəti onilinə Avropa Şurası əsaslı şəkildə dəyişilmiş, dövrün tələblərinə uyğun olan qurum şəklində qədəm qoyarsa, belə narahat düşüncələrə də yer qalmaz.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Şirməmməd Hüseynov dəfn olundu: “Burada dayanmaq mənim üçün ağırdır” – FƏRƏH ƏLİYEVA – YENİLƏNİB – (3)

Read Next

Prezident Şirməmməd Hüseynovun vəfatı ilə əlaqədar nekroloq imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir