“Avropa Şurasına üzv dövlətlərdən heç biri Şuranın standartlarına cavab vermir” – SƏMƏD SEYİDOV

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir neçə komitəsinin iclasi keçirilir. Dekabrın 13-də hüquqi işlər və insan haqları, 14-də monitorinq komitələrinin iclasları keçirilib. Dekabrın 15-də isə Siyasi işlər və demokratiya komitəsinin iclası olacaq. Bu iclaslar yanvar sessiyasına hazırlıq çərçivəsində AŞPA-nın builki son iclaslarıdır.

Etikxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Monitorinq komitəsinin iclasından sonra  bildirib.

Komitə sədri deyib ki, bu son iclaslarda yanvar sessiyasının gündəliyindəki məsələlər müzakirə olunur:

“Məsələn, bu gün AŞPA-nın monitorinq komitəsində iki mühüm məsələ bir məruzədə təqdim edilib. Məruzə daxilində həm monitorinq proseduru altında olan, həm də olmayan ölkələr müzakirə edildi və yanvar sessiyasına təqdim edilmək üçün razılaşdırıldı.

Biz uzun illərdir ki, Avropa Şurasına üzv olan bütün ölkələrlə bağlı monitorinq məruzəsinin hazırlanmasını təklif edirdik. Yəni, yalniz Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya və sair kimi monitorinq prosesində olan ölkələrin deyil, həmçinin Almaniya, Avstriya, Fransa, Finlandiya kimi Avropa ölkələrinin də təhlilinin aparılmasını istəyirdik. Bu məruzə bizim məhz həmin təklifimizi əks etdirir. Məruzədə Avropada gedən proseslər, xüsusilə də miqrasiya, qaçqın problemləri, terror aktları, təhlükəsizliklə əlaqədar məsələlərə xüsusi yer verilib. Çünki Avropa bu gün çox çətin vəziyyətdədir.

Bugünkü müzakirəyə Azərbaycanla bağlı müsbət məqamlar daxil olunub. Əlbəttə, bəzi tənqidi məqamlar da var. Lakin digər ölkələrlə müqayisədə Azərbaycan ilə bağlı məruzəyə daxil edilmiş məsələlər sənədin əsas məğzini və prioritetini təşkil etmir. Bu gün Avropa Şurasına üzv dövlətlərdən heç biri Şuranın standartlarına cavab vermir. Bu mənada Avropanın köhnə demokratiyalarında mürəkkəb proseslərin gedişi bu ölkələrin də müzakirə obyektinə çevrilməsini qaçılmaz edir.

Biz Azərbaycana qeyri-obyektiv yanaşan qüvvələrin bu cür məruzələrdən öz siyasi məqsədləri üçün istifadə etmək cəhdlərinin qarşısını alırıq və bundan sonra da almaq əzmindəyik”.

Etikxeber.az

 

Read Previous

Putinlə Ərdoğan telefonda bir “araya” gəldi

Read Next

Bakıda “Beşiktaş” futbol klubuna aid mağaza fəaliyyət göstərəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir