“Avroparlament rəsmilərinin son bəyanatı bizim növbəti uğurumuz, ermənilərin növbəti ifşası, uğursuzluğu oldu”-MİLLƏT VƏKİLİ

Bədnamlığı, fitnəkar əməlləri ilə tanınan Ermənistan baş nazirinin-Paşinyan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən üçüncü magistral yolun, Qafan-Hadrut avtomobil yolunun tikiləcəyi haqqında ictimaiyyətə açıqladığı layihə bölgədə sülhə, sabitliyə əngəl, 32 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesinə ciddi təhlükə yaradır. Artıq Ermənistanın, onun küçədən, çevriliş yolu ilə iqtidara gəlmiş Paşinyan hakimiyyətinin bədnam, fitnəkar, təxribatçı əməlləri açıq müstəviyə keçib. Son bir ayda bu fitnəkar və təxribatçı əməllərin ardı-arası kəsilmir, daha da intensivləşməkdədir.

Əvvəl məhz Paşinyanın dəstəyi və təhriki ilə qondarma, quldur, oyuncaq “DQR” rejimində “seçki şousu”nun keçirilməsi, ardınca hamımız üçün müqəddəs və əziz olan Şuşamızda “andiçmə mərasimi” adı altında maskaradın təşkil olunması, indi isə belə bir “qərar”ın verilməsi Ermənistanın, Paşinyan hakimiyyətinin iç üzünü, mahiyyətini bir daha açır, onun, onların illərdir “taxdığı” maskanı yırtır, bu ölkənin, onun faşist, rasist, terrorist ruhlu avantürist siyasətçilərinin, başbilənlərinin əsl xislətini ortaya qoyur, onların sülhdə, təhlükəsizliyin təmin olunmasında qətiyyən və birmənalı şəkildə maraqlı olmadıqlarını açıq şəkildə gözlər önünə sərir. Odur ki, Avropa Parlamentinin dünənki bəyanatı, konkret olaraq, Avropa Parlamentinin Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand, Azərbaycan və Ermənistan üzrə məruzəçilər xanım Jelyana Zovko və cənab Trayan Baseskunun Birgə Bəyanatı adi, sıradan bir bəyanat deyil. Bu, çox yerində və zamanında verilmiş bir bəyanatdır. Bu, Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasını bir daha təsdiqləyən bəyanatdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Qeyd edib ki, bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilir. Eyni zamanda, bəyanatda “Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”– deyə, vurğulanır.

“Onu da nəzərə çatdırmaq istəyirəm ki, bununla bağlı ölkəmizin həm Xarici İşlər Nazirliyi, həm Müdafiə Nazirliyi öz mövqeyini açıq şəkildə ifadə edib. XİN-in bəyanatında bildirilir ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsinə cəhd göstərən siyasəti uğursuzluğa məhkumdur. Münaqişənin davamlı həllinə nail olmağın yeganə yolu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb edildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasının təmin olunmasıdır. Eyni zamanda, MN-in bəyanatında bildirilir ki, Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb. Həmçinin, qeyd olunur ki, strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir.

Bəli, istər Avropa Parlamenti kimi nüfuzlu bir qurumun, onun rəsmilərinin məlum bəyanatı, istərsə də Azərbaycanın rəsmi strukturlarının birmənalı və qətiyyətli mövqeyi artıq ortadır. Bu baxımdan, Azərbaycana qarşı törədilən təcavüz siyasətinin, Azərbaycan ərazilərinin hərbi işğalda saxlanılması və bu ərazilərdə etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasının, eləcə də bu torpaqlarda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətin tam məsuliyyəti Ermənistanın üzərindədir. İşğalçı ölkə bu əməllərinin cavabını gec-tez verəcək. Necə ki, 2016-cı və 2018-cı illərdə bunu əyani şəkildə görmüşdük, şahidi olmuşduq. Əgər Ermənistan, onun avantürist rəhbərliyi öz fitnəkar əməllərindən, işğalçılıq və təcazükarlıq siyasətlərindən əl çəkməsələr, aldıqları zərbələr və cavablar bu dəfə daha ağır, daha sarsıdıcı və daha öldürücü olacaq. Buna onlar, eləcə də, hər kəs əmin olsun.

Bununla yanaşı, Avroparlament rəsmilərinin bəyanatı həm də onun təsdiqi oldu ki, artıq heç bir yerdə, hətta, ermənilərin, ermənipərəst antiAzərbaycan dairələrin təsiri altında olan beynəlxalq qurumların özündə belə, onları yalanları, iftiraları, böhtanları keçmir, işə yaramır. Artıq onlara heç kim inanmır, onların yalanları, fitnələri artıq hər kəsi bezdirib. Ona görə yaxşı olardı ki, ermənipərəst mövqeyi ilə seçilən bəzi Avropa, Qərb təşkilatları və siyasətçiləri də artıq olanlardan birdəfəlik nəticə çıxara, öz yanlışlarından dönəydilər. Bu, bizdən öncə onların özlərinə lazımlı və gərəklidir. Ümid etmək və inanmaq istəyirik ki, Avroparlament rəsmilərinin son bəyanatı onlara da bir dərs, ibrət olacaq. Son olaraq, həqiqəti dilə gətirdiklərinə və etiraf etdiklərinə, ermənilərin və Ermənistanın işğalçı mahiyyətini açıqladıqlarına görə, Avroparlamentin adıçəkilən rəsmilərinə minnətdarlığımızı ifadə edir, onların daim həqiqətin yanında olmalarını və ədalətin bərpasına töhfə vermələrini arzulayırıq. Son bəyanat bizim növbəti diplomatik uğurumuz, Ermənistanın isə növbəri ifşası oldu”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

22:52, 11 iyun

Etikxeber.az

Read Previous

Milli Məclisin növbəti iclası: SPİKER 15 İYUNDAN DANIŞDI, KOMİTƏ SƏDRİNİN MÜAVİNİ YENİDƏN NAXÇIVANLA BAĞLI MƏSƏLƏ QALDIRDI, MİLLƏT VƏKİLİ İNTERNET PROBLEMİNDƏN SÖZ AÇDI…- YENİLƏNİB – (6)

Read Next

Zəlimxan Məmmədlinin seçimi-ƏLİ İNSANOV OLDU…-FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir