Avroparlamentin üzvü Prezidentə açıq və konstruktiv çıxışına görə minnətdarlıq etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az AZƏRTAC-a xəbər verir ki, Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim Prezident İlham Əliyevə açıq və konstruktiv çıxışına görə minnətdarlıq etdi. O, ötən il qəbul olunan sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirdi. Hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırdı. “Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”, – deyən Sayyad Kərim ölkəmizlə “Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını bildirdi. Sayyad Kərim Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi.

Avropa Parlamentinin Finlandiyadan olan deputatı, Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala Prezident İlham Əliyevə səmimi və konstruktiv çıxışına görə minnətdarlıq etdi. O, Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdi. Azərbaycanda dünyəvi cəmiyyətin qurulduğunu və bunun çox mühüm hal olduğunu, Azərbaycanın İslam aləmində mühüm dünyəvi ölkələrdən birinə çevrildiyini deyən Heydi Hautala Avropa və Azərbaycan vətəndaşları arasında təmasların genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının təmsilçisi və xarici ölkələr komitəsinin üzvü olan Ramona Manesku dedi ki, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycan müsəlman ölkələri içərisində bir nümunədir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Ramona Manesku bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyini bildirdi. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladı və bu siyasəti davam etdirəcəklərini qeyd etdi.

Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini dedi. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirdi, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını dedi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlətimizin başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirdi və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırdı. Daha sonra Prezident İlham Əliyev qeyd etdi ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlətimizin başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğuladı. Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirdi. Dövlətimizin başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğuladı. Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırdı.

Görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edildi, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini dedilər.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımların atıldığını, gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini dedi, bu sahədə “ASAN xidmət”in fəaliyyətinin səmərəli olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

İlham Əliyev Emil Milli və Emin Hüseynovdan danışdı :”Yalandır”

Read Next

Gənclərdən ibarət taekvondo yığması Rusiyadakı turnirdə 15 idmançı ilə təmsil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir