“AXC-ni xalqımızın qan yaddaşından, ruhundan qoparmaq, hafizələrdən silmək mümkün olmadı…”-KAMİLƏ ƏLİYEVANIN YAZISI

Cəmi bir neçə gündən sonra 20-ci əsrdə ilk müstəqil dövlətimizin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının yaradılmasının 102 ili, 102 yaşı tamam olur.

Düz 102 il öncə Şərq-müsəlman aləmində ilk hüquqi-demokratik, dünyəvi dövlətin əsası qoyuldu.

Böyük ziyalılarımızın, mütəfəkkirlərimizin, tarixi şəxsiyyətlərimizin, qurucu babalarımızın illərlə apardıqları mübarizə sayəsində-1918-ci ilin mayın 28-də müstəqil dövlətimiz, AXC elan olundu.

Düzdür, ilk müstəqil dövlətimizin ömrü çox təəssüflər olsun ki, uzun çəkmədi, cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Amma bununla belə, həmin iki illik dönəm, 23 aylıq dövr xalqımızın tarixinə, yaddaşlara qızıl hərflərlə həkk olundu.

Belə ki, AXC dövründə ən mühüm addımlardan biri kimi, qadınlara seçmək və seçilmək hüququnun tanınması oldu, hansı ki, dünyaya insan haqlarından, demokratiyadan dərs keçməyə calışan bəzi aparıcı Qərb, Avropa dövlətləri illər sonra qadınlara bu hüququ tanıdılar. Eyni zamanda, qısa bir müddət ərzində parlamentarizm ənənələrinin əsası qoyuldu, 1919-ci ilin dekabrında çoxpartiyalılıq əsasında formalaşdırılan Azərbaycan Parlamentinin ilk iclası keçirildi, bu parlamentdə çoxsaylı qanun və qərarlar qəbul olundu.

AXC Parlamentinin bütövlükdə 17 aylıq fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı və onlardan təxminən 230-u qəbul edildi. Bununla yanaşı, Azərbaycanda savadsızlığın aradan qaldırılması sahəsində önəmli addımlar atıımağa başlandı.

Azərbaycan ali məktəblərinin, Azərbaycan universitetlərinin flaqmanı olan Bakı Dövlət Universitetinin (BDU) yaradılmasına qərar verildi və 1919-cu ilin sentyabrından həmin universitetin fəaliyyətə başlamasına nail olundu. BDU-nun Azərbaycan xalqının tarixində, Azərbaycan təhsilinin, elminin inkişafında hansı rol oynadığı da elə bilirəm ki, heç kim üçün sirr deyil, bu haqda geniş danışmağa da ehtiyac yoxdur.

Heç təsadüfi deyil ki, ölkə Prezidentinin tarixi Sərəncamından irəli gələrək, ötən il BDU-nun çox möhtəşəm 100 illik yubiley tədbiri keçirildi. Tədbirdə iştirak edən və geniş məzmunlu, tarixi nitq söyləyən dövlət başçımız bir daha BDU-nun tarixinə, 100 il ərzində keçdiyi yola böyük qiymət verdi. O, çıxışında dedi:

“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir…”.

Elə bilirəm ki, bu, BDU-ya, onun keçdiyi yola verilən ən böyük qiymət və dəyərdir.

Eyni zamanda, xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik- Azərbaycanda Xalq Maarifi Nazirliyi də 1918-ci ildə may ayının 28-də AXC hökuməti tərəfindən təsis edildi. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi.

Eyni zamanda, həmin dövr ərzində xeyli sayda Azərbaycan gənci xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi və həmin tələbələrin çoxu sonradan Azərbaycan xalqının həyatında, tarixində çox mühüm rol oynayan şəxsiyyətlərə çevrildilər. Bütün bunlar hamısı bir daha onu göstərir ki, AXC Azərbaycan xalqının ruhundan doğan bir cümhuriyyət olmuşdur.

Sonra 71 ərzində başqa bir dövlətin, quruluşun tərkibində yaşamalı olsaq da, AXC-ni xalqımızın qan yaddaşından, ruhundan qoparmaq, hafizələrdən silmək mümkün olmadı.

Əksinə, 80-ci illərin sonlarında-Qarabağ hadisələri fonunda alovlanan milli-azadlıq hərəkatının növbəti dalğası baş qaldırdı və xalqımız 1991-ci ilin avqustun 30-da bir əsrdə ikinci tarixi müstəqilliyinə, haqq etdiyi azadlığna qoşuşdu.

Gələn il artıq ikinci müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik.

Bununla da AXC qurucularının, qurucu, istiqlalçı babalarımızın əziz ruhlarını bir daha sevindirmiş olacağıq.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz və azadlığımız daha əbədi, daha dönməz olacaq, yeni zəfərlər, yeni qələbələr qazanılacaq və tarximizə, tarixə qızıl hərflərlə həkk olunacaq.

18:01

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri, professor

Etikxeber.az

Read Previous

Danışıqların faydası qaldımı?-MÖVQE

Read Next

“Milan” “Real Madrid”in futbolçusuna görə danışıqlar-APARIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir