“Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur…Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır…”-SAHİBƏ QAFAROVA RUSİYADAN ERMƏNİSTANA SƏRT İTTİHAMLAR SƏSLƏNDİRDİ – SPİKER LAVROV VƏ VOLODİNLƏ DƏ BİR ARAYA GƏLDİ – YENİLƏNİB -(6) – FOTOLAR

Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Yerevanın mərkəzində Hitlerin tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə heykəl qoyulması məsələsinə toxunub.

Etikxeber.az-ın xəbərinə görə, spiker deyib:

“Ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı oldu.

Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”.

***

Milli Məclisin Sədri çıxışı zamanı həmçinin, Dağlıq Qarabağ məsələsi barədə fikirlərini səsləndirib:

“Mən bizim ən yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinə toxunmaya bilmərəm. Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin beşdə bir hissəsi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib. Burada iştirak edənlərin münaqişə haqqında obyektiv və tam təsəvvürü olması üçün mən Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs etmək istərdim. 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Diqqət yetirin, bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi” .

10:33

***

“Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur”.

Bunu da Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı bildirib. 

Spiker ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiyanın beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcəyinə və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə ümid etdiyini vurğulayıb. 

***

“Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”-deyən spiker Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə də danışıb və bildirib ki, ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur:

“Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün  Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur”.

Qeyd edək ki, ilk dəfədir Azərbaycan parlamentinin spikeri Rusiya Federal Məclisində çıxış edir.

10:41

***

Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış edib.

Rusiyaya səfərə dəvət üçün Federasiya Şurasının Sədri Valentina Matvienkoya təşəkkürünü bildirən Milli Məclisin Spikeri Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Hazırda Prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini vurğulayıb.

Parlamentin Sədri bildirib ki, müasir dövrdə Azərbaycanla Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki  və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Xüsusi olaraq qeyd edilib ki, Rusiya ticarət sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu iki dövlətin regionları arasında əməkdaşlığın coğrafiyası gündən-günə genişlənir: “Bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri olan Dağıstan və Tatarıstanla, Həştərxan, Saratov, Sverdlovsk, Ulyanovsk, Yekaterinburq, Vladimir, Volqoqrad və digər vilayətlərlə  fəal əməkdaşlıq edir.

Xüsusilə, Azərbaycanla Rusiya arasında humanitar sahədə səmərəli əməkdaşlıq böyük məmnunluqla qeyd edilməlidir. Dövlət başçılarımızın təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu son illər iki dövlətin humanitar əlaqələri sahəsində əsas hadisələrdən birinə çevrilib”.

Qeyd edilib ki, ölkəmizdə həmişə rus dilinə və rus mədəniyyətinə qayğı ilə yanaşılıbdır. Azərbaycanda Bakı Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Respublikanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır, ali məktəblərin əksəriyyətində rus dilində şöbələr var. Bakıda 1920-ci ildən – 100 il bundan öncə açılışı olmuş Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir.

“Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyi çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkədə Cənubi Qafqazda ən böyük – 120 mindən çox üzvü olan rus icması fəaliyyət göstərir. Bu icmaya Altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelin başçılıq edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində rus icmasının fəaliyyətini yüksək dəyərləndirərək deyib: “Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlamışdır. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”-deyə, o, bildirib

S. Qafarova deyib ki, ölkələrimiz arasında məhsuldar humanitar əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi yeri var: “Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında hər iki ölkənin parlamentləri də fəal iştirak edirlər.

Hazırda ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələr “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin müddəalarına əsaslanır. Bu sənədə əsasən, daimi əməkdaşlıq üzrə parlamentlərarası komissiya yaradılıb.

Hər iki ölkənin parlament sədrlərinin ənənəvi qarşılıqlı səfərləri və dostluq qruplarının fəaliyyəti dövlətlərarası əməkdaşlığın daha da dərinləşməsinə xüsusi töhfə verir.

Deputatlarımız nüfuzlu beynəlxalq qurumlarda fəal əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. Xatırlatmaq istərdim ki, AŞPA-da Rusiyanı bu beynəlxalq qurumda səsvermə hüququndan məhrum edən qətnamə layihəsi səsə qoyularkən Azərbaycan nümayəndə heyəti tam heyətdə bu sənədə qarşı səs verən azsaylı nümayəndə heyətlərindən biri olub”.

Sahibə Qafarova deyib ki, bizim ölkələrimizi ümumi tarixə malik olmağımız da birləşdirir. 75 illiyini bu il qeyd etdiyimiz faşizm üzərində böyük Qələbə də məhz bu qəbildəndir.

Spiker vurğulayıb ki, ötən illər ərzində faşist ideologiyasına son qoyulmasına baxmayaraq, bəzi ölkələrin son zamanlar tarixi yenidən yazmaq istəməsi ilə yanaşı, nasist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri də müşahidə olunur, onlara abidələr ucaldılır və bu da beynəlxalq ictimaiyyətin haqlı qəzəbinə və qınağına səbəb olur. Mübaliğəsiz biabırçılıq olan bu cür hadisələrə münasibət bildirməkdən Rusiya kənarda qalmadı və nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə barədə BMT-də müzakirə aparılmasının və qətnamə qəbul edilməsinin təşəbbüskarı olub:

“Ancaq biz görürük ki, bir sıra dövlətlər, məsələn Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir. Əks təqdirdə, Yerevanın mərkəzində Hitler tərəfdarı olan faşist əlaltısı Qaregin Njdeyə altı metr hündürlüyündə heykəlin qoyulmasını nə ilə izah etmək olar? Axı, “kim Almaniya uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur. Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır”.

13:25

***

Azərbaycan parlament nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.

 Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayan Sergey Lavrov bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına dəyərli töhfə olacağına inamını bildirib.

Qeyd edilib ki, Rusiya tərəfi yeni tərkibli Milli Məclisin nümayəndə heyətinin ilk səfərlərlərdən birini Rusiya etməsini yüksək qiymətləndirir. Ümumiyyətlə, yüksək səviyyəli dövlət məmurlarının o cümlədən, Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərləri tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Sergey Lavrov qeyd edib ki, Azərbaycan rəsmiləri ilə aparılan söhbətlər zamanı hər iki ölkənin prezidentləri – Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı qaldırılan məsələlərin həlli üçün birgə səylərin artırılması qərara alınmışdır. Rusiya Azərbaycanla həyatın bütün sahələrində o cümlədən, diplomatik müstəvidə münasibətlərini daha da dərinləşdirmək niyyətindədir.

Rusiyanın Xarici İşlər naziri Azərbaycan parlamentinin Rusiya Federal Şurası Dövlət Duması ilə əlaqələrini, nümayəndə heyətlərimizin beynəlxalq parlament təşkilatlarında iştiraklarını önəmli hesab edib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan-Rusiya münasibətləri çoxəsrlik ənənəyə malikdir və həmişə öz xarakterik xüsusiyyətləri ilə seçilib. S.Qafarova bildirib ki, dövlət müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olan Rusiya  ilə Azərbaycan arasında bu illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksələn güclü bir əməkdaşlıq formalaşıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında müntəzəm təmaslar, etibarlı münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə edilə bilən münasibətlərimizə dinamizm verir.

Mükəmməl siyasi dialoqla yanaşı, ölkələrimiz arasında iqtisadi əlaqələr bu gün də dinamik inkişaf edir. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir.

İki ölkə arasında bölgələrarası əməkdaşlıq coğrafiyasının sürətlə genişlənməsinə diqqət çəkən Milli məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün Azərbaycan Rusiya Federasiyasının subyektləri – Dağıstan və Tatarıstan, Həştərxan, Saratov, Sverdlovsk Ulyanovsk, Yekaterinburg, Vladimir, Volqoqrad və digər bölgələrlə fəal əməkdaşlıq edir.

Sədr qeyd edib ki, dövlətlərimizin parlamentləri də Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayır: “Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında 9 yanvar 2001-ci il tarixli Əməkdaşlıq Sazişinin müddəalarına əsaslanan əlaqələr daha dinamik xarakter alır. Azərbaycan və Rusiyanın milli parlament nümayəndə heyətləri ənənəvi olaraq ən vacib və aktual məsələlərdə bir-birini dəstəkləyərək müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər”.

Milli Məclisdə və Federal Məclisdə dostluq qrupları fəaliyyət göstərir və qurumlar arasında daimi ikitərəfli parlamentlərarası komissiya mövcuddur.

S.Qafarova qeyd edib ki, Cənubi Qafqazda etnik rusların sayca ən çox yaşadığı ölkə Azərbaycandır: “Ölkələrimiz arasında 200-dən çox ikitərəfli sənəddən ibarət güclü hüquqi baza mövcuddur.

Bunların arasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi, habelə Bakı Dostluq və Strateji Əməkdaşlıq Bəyannaməsi var”.

Milli Məclisin Sədri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgənin istənilən inkişafına ciddi maneələr yaratmağa davam edir. Azərbaycan münaqişənin sülh yolu ilə siyasi həllinə sadiqdir. Münaqişənin həlli BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır:

“Bütövlükdə, ATƏT-in Minsk Qrupunun nəticəsiz fəaliyyəti fonunda bu qrupun həmsədri olan Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirak edir. Rusiya tərəfi bu sahədə çox səy göstərmişdir. Bununla birlikdə, son vaxtlar Ermənistanın Baş naziri N.Paşinyanın münaqişənin həlli üçün kompromis variantının yalnız Azərbaycanın Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıması şərtilə müzakirə edilə biləcəyi barədə “yeddi şərt” deyilən absurd açıqlamaları, münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir. Həm də N.Paşinyanın erməni işğalı altındakı Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulması barədə verdiyi açıqlamalar tənqidlərə davam gətirmir”.

Milli Məclisin Spikeri Dağlıq Qarabağın tarixinə kiçik bir ekskurs  edərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən  imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Demokratik Respublikası yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda Sovet hakimiyyəti quruldu.

Bir il sonra isə – 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında.

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini  mənsubiyyətinə görə sıxışdırılmamışdı.

Ermənistan rəhbərliyi unutmamalıdır ki, müasir dünyada Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını “Ermənistanın və “Artsax”ın ümumi təhlükəsizlik sistemi” kimi qələmə verərək gizlətmək alınmayacaq. Xüsusən də Ermənistanın özünün Azərbaycanın Tovuz bölgəsində döyüşlərin başlanmasına səbəb olmasından və Qarabağın hüdudlarından kənarda Ermənistanın məhz bölgə üçün bütövlükdə önəmli olan infrastruktur obyektlərini hədəf almasından sonra işğal faktını gizlədə bilməyəcək.

Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün  Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən  həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz məskunlaşdırılması xüsusi narahatlıq doğurur.

Sergey Lavrov Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bildirdi ki, Rusiya ATƏT-nin Minsk qrupunun həmsədri kimi problemin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir. O, bildirdi ki, Ermənistanın  Baş naziri N.Paşinyanın Dağlıq Qarağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prossesinə maneə törədir. Bu rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.

Milli Məclisin Sədri Sahibə Qafarova ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olaraq əlindən gələni əsirgəməyəcəyinə inamıını ifadə etdi.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:08

***

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiyaya səfəri davam edir.

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşü başlayıb.

16:00

***

Məlum olduğu kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirildi. Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var.

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edib, bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir. Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verdi. Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir.

Sahibə Qafarova bildirib ki, bizim ölkəmiz çoxmillətli və çoxkonfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirib. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir.

Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində – Tovuz rayonu ilə sərhəddə baş vermiş silahlı toqquşmalar barədə danışılıb. Sahibə Qafarova deyib ki, biz problemin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə tərəfdarıq. Sülh danışıqları baş tutmasa Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək.

Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

Etikxeber.az

.

Read Previous

“Özbəkistan ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə tərəfdar çıxır…”-ELDAR İBRAHİMOV – AZƏRBAYCAN VƏ ÖZBƏK PARLAMENTARİLƏRİ BİR ARAYA GƏLDİLƏR – FOTOLAR

Read Next

“İlkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”-RAMİN BAYRAMLI – SON SUTKADA 146 YENİ YOLUXMA, 2 ÖLÜM FAKTI QEYDƏ ALINDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir