“Ay Laçın, can Laçın, mən sənə qurban Laçın…”-JALƏ ƏLİYEVA LAÇININ AZADLIĞINDAN, ÖLKƏ PREZİDENTİNİN XALQA MÜRACİƏTİNDƏN YAZDI

Laçın, qartal baxışlı, dağ vüqarlı Laçın!

28 il öncə, 18 may 1992-ci ildə bir andaca qocalan, beli kükülən Laçın!

4 il yağı düşmənə, onun qanlı havadarlarına dirənən, mücadilə aparan, Şəhidlər verən, sonda yenilmək məcburiyyətində qalan qartallar diyarım!

Zatən Şuşadan sonra sənin də hər mənada yolun, izin, bəndin-bərən bağlanmışdı.

Beş gün tez, beş gün gec…

İşğalın an məsələsiydi və murdar düşmən də bunu fövtə verməzdi, necə ki, vermədi, axı, “arxalı köpək qurd basar” deyib atalarımız…

Qara 18 maydan da sənin əzabların, əziyyətlərin, məşəqqətlərin, acıların, ağrıların, nisgillərin, yanğıların başladı, birə beşqat artdı.

Qorun-qorun yandın, köz oldun, kösöv oldun, ancaq səsini, acını, hayqırtını içində boğdun.

Qürurun, mənliyin, qartal vüqarın imkan verməzdi ki, kiminsə qarşısında ağlayasan, sızlayasan.

Adını, şanına yaraşanı da etdin.

Səbr etdin, gözlədin.

Gözlədiyin gün də, an da gəldi, yetişdi!

Düz 28 il, 6 ay, 13 gün öncə tərk etmək məcburiyyətində qaldığın Laçınına qovuşdun Laçınım…

Bir andaca Laçın oğlana döndün Laçınım…

Biz səni hər zaman belə görmüşdük, bu dəfə də belə gördük-qartal baxışlı, dağ vüqarlı, Laçın Laçınımız kimi!

Bəli, səni bir güllə atılmadan, bir Şəhid verilmədən yenidən qazandıq, yenidən sənə qovuşduq!

Amma Sənin azadlığın, Haqq etdiyin Qurtuluşun uğrunda yetişdirdiyin İgid oğullarının, Vətən övladlarının qanları, canları bahasına oldu!

Onlardır bu Qurtuluşun, bu Azadlığın fədailəri, qəhrəmanları, cahangirləri!

Qarşılarında baş əyirik…

Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Böyük Yaradandan şəfa diləyirik!

Var ol, Müzəffər Ali Baş Komandan, min yaşa, Qalib Sərkərdə-cənab İlham Heydər oğlu!

Var ol, Xalq Qəhrəmanının, Xilaskarın rəşadətli Ordusu, igid Azərbaycan Əsgəri, min yaşa!

Sizlərə minnətdarıq!

Əziyyətinizi, Haqqınızı halal edin!

Ali Baş Komandanın dünən Azərbaycan xalqına tarixi müraciətində deyildiyi kimi, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq.

Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Laçının da qaytarılmasını nəzərdə tutan 10 noyabr Bəyanatının altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı.

Ölkə Prezidentinin də dediyi kimi, “indi başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı.

Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı.

Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.

“Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır”-deyərək, Ali Baş Komandan həmçinin bildirdi ki, artıq müharibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Və tam əminik ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq.

Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.

Laçın bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Laçın yolu və bu yolu açan dəmir yumruq”-MUSA URUD YAZIR

Read Next

44 gündə-informasiya müharibəsində kimlər nələrlə yadda-QALDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir