AYBƏNIZ HAŞIMOVANIN 50 YAŞINA… – Firuzə Nadir yazdı

Aybəniz Haşımova – 50… Heç inana bilmirəm.
Nə tez ötdü bu illər? Ötmədi, quş kimi uçdu…
Bu 50 ilin tən yarısı qədər dostluğumuz var…
…Mən Aybənizi tanıyandan o heç dəyişmədi. Nə sevinci, nə uğurları onu dəyişdi, nə dərdi, nə kədəri… Aybəniz necə vardısa, eləcə də qaldı. Sevincinə də sadiq qaldı, uğuruna da, dərdinə, kədərinə də. Dostuna da sadiq qaldı, ustadına da, sənətə də, sənətinə də…
Allah ona istedad verdi, səs verdi. O, Allahın bəndələri arasından sevərək, seçərək ona verdiyi bu səsə sadiq qaldı, sağına-soluna xərcləmədi, qorudu o səsi…
10 yaşında gəldi sənət dünyasına. Bülbül adına orta ixtisas musiqi məktəbində oxudu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbdə istedadlı uşaqlar üçün muğam sinfi açıldı, musiqi aləmində ilk kövrək addımlarını atan bu balaca istedadlara hər cür qayğı göstərildi.
aybeniz-xanim
Aybeniz
aybenizzz
aybeniz-ak-2
ayka-shahnaz
Aybəniz o qayğını, o xeyir-duanı unutmadı. Elə bu qədirbilənliyinə görə də 1979-cu ildə 11 yaşında ikən Moskvada Ostankino televiziyasının “Şən notlar” verilişinin laureatı, 1983-cü ildə Moskvada Ümumdünya gənclər festivalının diplomatı oldu. 1985-ci ildə, 17 yaşında Moskvada “Böyük teatr”da Ü.Hacıbəylinin 100 illik yubileyində çıxış etdi və s… Aybəniz sənətinə sadiq qaldı – səviyyəsini saxladı, səs “sandığı”na gözəl nəğmələr topladı, hətta bəzi mahnılara “möhür” vurdu, ifası ilə mədəniyyətimizi zənginləşdirdi, “Əməkdar artist” fəxri adı ona nahaq yerə verilməyib ki… Aybəniz nəslinə, kökünə, ailəsinə sadiq qaldı, Gəncədə – ata ocağında gördüklərimə əsasən deyirəm bunu.
O, yaxşı bilir, Ata-Ana nədir, bacı-qardaş nədir… Aybəniz əyalətdə yaşayan yeganə Xalq artistimiz, gözəl sənətkarımız, bacısı, həddən ziyadə qürur duyduğu Şahnaz Haşımovanın “Sənətimi Aybənizə verdim” əmanətinə sadiq qaldı… Aybəniz müəllimlərini, ustadlarını, üzərində haqqı olan insanları yaddan çıxarmadı. “Niyazi, Tofiq Quliyev, Nazim Əliverdibəyov bizə necə qayğı göstərirdilər. Şövkət Ələkbərova, sanki səsindən səs, nəfəsindən nəfəs verirdi bizə.
Bu qayğını necə unutmaq olar” dedi… Aybəniz ustadına sadiq qaldı. Öz ustadına Aybəniz qədər dəyər verən, müxtəlif tədbirlərlə adını, xatirəsini daim yad edən ikinci bir tələbə tapmaq çətindi. 2002-ci ildə onunla birgə “Vətən Şövkətinin həsrətindədir” adlı sənədli film hazırladıq – Şövkət Ələkbərova haqqında. Filmin çəkilişləri zamanı görəydiniz Aybənizi!O fədakarlığı yalnız övlad edə bilərdi! Bax, elə buna görə də mən Aybənizi Şövkət Ələkbərovanın tələbəsi yox, qızı hesab edirəm. Sanki Şövkət xanımın iki qızı varmış: Natella və Aybəniz. Şövkət xanımın oğlu Bəşir Səfərovdan, gəlini Gülnara xanımdan da o doğma münasibəti gördüm Aybənizə…
Təbii ki, həmin filmin ən böyük bəzəyi Şövkət xanımın səsi, unudulmayan xatirələri idi. Üstəlik, kimlər danışmamışdı Şövkət xanım haqqında? Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Rzayev, Vasif Adıgözəlov… Bu dahilərin Şövkət Ələkbərova haqqında çox dəyərli fikirləri yer alıb filmdə. İndi onlar da həyatda yoxdu. Amma Şövkət xanımla birlikdə həm də o filmin yaddaşındadılar, xatırlanırlar…
Sözümün canı var: Nə qədər Aybəniz Haşımova kimi etibarlı davamçılar var, onların ustadları da unudulmayacaq. Filmdə Aybəniz bir söz demişdi, heç yadımdan çıxmaz: “Mən bu dünyadan köçəndə, (Allah ömür versin) tələbələrimə deyəcəyəm ki, əgər məni sevirsinizsə, mən bu dünyada olmayanda, məni yox, Şövkət xanımı yad edin…”.
Şövkət xanımın ölümündən keçən bu illərdə Aybəniz hər kəlməsini Şövkətlə başlayıb, Şövkətlə bitirib – “Şövkət mənim sənət tacımdır” deyə elə il olmayıb ki, onu hansısa tədbirlə yad etməsin. Bu il fevralın 7-də Şövkət xanımın xatirıə günündə zəng vurub məni tədbirə dəvət edəndə, ilk ağlıma gələn fikir də bu olmuşdu: “Aybəniz özünü unudar, Şövkət xanımı yox…”. Bu, belədir. Aybənizin həmin gün Şövkət xanımın qəbri üstə oxuduğu layla hələ də qulaqlarımdan getmir. Bu, əsl “layla” idi, Ana laylası, bala laylası…
…Aybəniz sənətə sadiq qaldı – istedadlı uşaqları başına yığıb “Bülbüllər”i yetişdirdi, onları sənətə gətirdi. Bu missiyanı bu gün yaradıcısı olduğu “Sənət Akademiyası”nda uğurla davam etdirir...
…Aybəniz ilk peşəkar musiqi təhsili aldığı Bülbül adına orta ixtisas musiqi məktəbini, tələbə yoldaşlarını unutmadı. Neçə il öncə tələbə yoldaşlarını bir araya gətirdi, yenə də birlikdə maraqlı bir layihə hazırladıq. Mən Aybənizin illər öncə rəfiqəsi, çox dəyərli sənətçimiz, gözəl insan, Əməkdar artist Nuriyyə Hüseynovanın Opera və Balet Teatrında solo-konsertindəki canıyananlığını da unuda bilmirəm. O konsertin aparıcısı idim…
Yəni Aybənizi tanımaq, sevmək üçün çox imkanım oldu. Və yanılmadım…
…O, heç vaxt şou-biznes qalmaqalı ilə yadda qalmadı, o, ucuz dedi-qodudan, qeybətdən, məişət söz-söhbətindən uzaqdı. Hər dəfə Aybənizi gündəmə gətirən ya yeni layihəsidir, ya yetirmələrinin tanıtımıdır, ya ustadları ilə bağlı tədbiridir, ya hansısa tanınmış sənətkarın taleyi ilə bağlı narahatlığıdır. Bir sözlə, kiməsə, hansı yolla olursa-olsun, kömək etmək istəyidir…
…Sənətdə öz sözünü demiş görkəmli müğənnilər, sənə adamları xəstələnəndə, yatağa düşəndə onlarla bağlı narahatlığını yada salıram. Hansının ayağına daş dəysə, hamıdan tez kəsdirər başının üstünü… Yaxud şəhidlərlə bağlı çəkdiyi filmləri göz önünə gətirirəm… Və yaxud, onun Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova ilə bağlı dövlət başçısına müraciətini xatırlayıram və s. və i… Yəni o ancaq sənətlə bağlı gündəmə gəlir – mənim gördüyüm, bildiyim budur… Kiçik bir epizodu da xatırlatmaq istəyirəm. 2015-ci ilin martı idi. YAP Qadınlar Şurasının təşəbbüsü ilə 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Bilgəhdəki Ahıllar evinə getmişdik. Aybəniz də gəlmişdi. Burada vaxtilə AzTV-də işləyən Rafiq Cəbiyevi gördü, özünə gələ bilmirdi. “Heç sizi burada görmək istəməzdim. İcazə verin, sizi evimə aparım, sizə öz qızınız kimi baxım, mənim xalqa tanınmağımda çox rolunuz olub…” dedi… Bəli, o, belədir və “belə” olmağın kökündə yanımcıllığı dayanır, insanlığı dayanır, sənətə, sənətkara sevgisi dayanır. O, ürəyi, qəlbi, ruhu sevgi dolu bir insandı…
…Və Aybəniz, sənəti ilə bərabər, gözəl bir qız övladı da böyütdü. Çox sevinirəm ki, Aynişan seçdiyi sahədə diqqətçəkən nailiyyətlər qazanır, anası ilə birgə “Sənət Akademiyası”da çalışır… Aybənizin 50 yaşına nə arzulayım? Qoy ən parlaq sənət uğurları bundan sonra döysün qapısını. Bir də… Aynişanın elçiləri döysün qapısını!
aybbbb
Aynişan Vətən, torpaq şəhidi olan bir qeyrətli oğulun – Xalid Quliyevin tək yadigarıdı!
Bu yadigar çox xoşbəxt olsun!
Və bu xoşbəxtlik həyatın, taleyin yaşatdığı bütün ağrı-acıları unutdursun Aybənizə…
Firuzə Nadir
Etikxeber.az

Read Previous

Heydər Əliyev Fondu tərəfindən Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırıldı – FOTO

Read Next

Çimmək qadağan olunmuş fəvvarədə çimən turistlər axtarışa verildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir