“Aylardır Nurlanla birlikdə bu xəstəliklə mübarizə aparır, ona kömək etməyə çalışırıq…”-JALƏ ƏLİYEVA MEHRİBAN ƏLİYEVAYA VƏ HƏKİMLƏRƏ MİNNƏTDARLIQ ETDİ

Zərdabın Məlikli kəndindən Nurlan İsrafilov qardaşımızın sağlamlığına qovuşması üçün aylardır ailəsi, yaxınları ilə birlikdə biz də səfərbər olmuşuq.

Xatırlatmaq istəyirəm ki, Nurlan bir-neçə xəstəlikdən əziyyət çəkir.

Qara ciyər serrozudur, ağ ciyərində iltihab gedir. Hər iki əməliyyat, xüsusilə qaraciyər böyük vəsait tələb edir.

Çünki transplantasiya edilməlidir. Ötən ilin sonlarında anası yardım üçün mənə müraciət etdi, qəbulumda oldu, müraciətlərinin Heydər Əliyev Fonduna, şəxsən xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş etdi.

Elə həmin gün onların müraciəti ünvanına çatdırıldı. Mövcud vəziyyəti izah edərək, bu günə qədər minlərlə, on minlərlə vətəndaşımıza öz yardımını əsirgəməyən Heydər Əliyev Fondunun dəstəyini xahiş etdik.

Aldığım məlumata görə, digər bir həmyerlimiz Seymur Bayramov da həmin məsələylə bağlı olaraq Fonda müraciət etmişdir. Cavab ləngimədi. Çox qısa bir zaman sonra Heydər Əliyev Fondundan şad xəbər gəldi. Nurlanın hər iki xəstəliyinin əməliyyatı ilə bağlı bütün məsrəfləri Fond öz üzərinə götürdü. Çox böyük bir məbləğdəvəsait ayrıldı.

Ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakları ilə yeni açılan, yüksək standartlı Bona Dea Beynəlxalq Hospitalına bütün lazımi təlimatlar verildi. Hamımız çox sevindik.

Lakin… təəssüf ki, hərşey tam yoluna düşmüşkən, əməliyyat üçün maddi baxımdan heç bir problem qalmamasına rəğmən, Nurlanın bu günə qədər əməliyyat olunması mümkün olmayıb.

Çünki əməliyyata əks göstərici olan daha bir xəstəliyi ortalığa çıxdı. Həmin problem də əlavə əməliyyat və xeyli vəsait tələb edir. Novruz bayramı ərəfəsində, Baş həkim Musa Abbasovla bir-neçə dəfə əlaqə saxladım. Vəziyyətlə maraqlandım.

Nurlanın damağında iltihab prosesi getdiyini, 16 dişinin çıxarılmalı olduğunu, qanının faizinin çox aşağı olduğunu və belə vəziyyətdə əməliyyat edilməsinin tibbi baxımdan təəssüf ki, imkansız olduğunu öyrəndim.

Xəstəxanada Nurlanı müayinə və müalicə edən Eldar həkim, Kamil həkim, Kamran həkim və digərləri ilə də dəfələrlə söhbətimiz oldu. İlk növbədə qanının normala düşməli olduğunu, bunun üçün əvvəlcə dərman prepatları ilə müalicə olunması gərəkdiyini, daha sonra isə qan kütləsi vurularaq əməliyyat edilə biləcəyini söylədilər. Dərman müalicəsi almadan qan kütləsinin vurulması laxtalanmaya səbəb ola bilərmiş.

Daha sonrakı etapa hazırlıq üçün Milli Hemotologiya və Transfuzuologiya İnstitutunun rəhbəri Valeh Hüseynovla əlaqə saxladım, bizə qan təmin edilməsində köməklik göstərmələrini xahiş etdim. Sağ olsun, əməliyyat vaxtı çatdığında kömək edəcəyini dedi.

Hazırda Nurlan əməliyyata hazırlıq mərhələsi kimi, 14 gün ərzində “Revolade-50” preparatını qəbul etməlidir. Bu kifayət qədər bahalı dərmandır və karantin səbəbiylə hazırda apteklərə daxil olmur. Həmin preparat Nurlan üçün Türkiyədən sifariş edildi və hazırda yoldadır…

Bax beləcə, aylardır Nurlanla birlikdə bu xəstəliklə mübarizə aparır, ona kömək etməyə çalışırıq… Bir neçə müddət öncə rayonda adına hesab nömrəsi açıllb, bu aksiya bu gün də davam edir.

Mən öz yardımını əsirgəməyən bütün duyarlı insanlara buradan təşəkkür edirəm. Xüsusilə, bu müddət ərzində maddi və mənəvi yardımıyla Nurlanın yanında olan ləyaqətli gəncimiz Seymur Bayramova təşəkkür edirəm.

Və əlbəttə ki, Nurlan İsrafilovun ən böyük dəstəkçisi və himayəçisi – Heydər Əliyev Fonduna, onun rəhbəri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığımız sonsuzdur.

Allah onu və dövlət rəhbərimizi qorusun!

İnanırıq ki, bu günə qədər məhz onların sayəsində sağlamlığına qovuşan onminlərlə vətəndaşımızdan biri də Nurlan olacaq.

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Həmsədr dövlət kimi ABŞ-dan gözləntimiz budur…” – DEPUTAT TRAMP-IN MƏKTUBUNU DƏYƏRLƏNDİRDİ

Read Next

Külək davam edəcək, bəzi yerlərdə dolu düşəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir