Aynalı tüfəng, mehmetciyin məktubu, altun medal… – ZÜLEYXA NADİR YAZIR

Bakının işğaldan azad edilməsinin 101 illiyi

      Tovuz rayonunun Əlimərdanlı kəndində bir ev var.  Adi kənd evlərindən biridi.  Kənddəki digər  evlərdən zahiri görünüşünə görə elə də çox fərqlənmir. Amma bu evin mərhum sahibi Ələsgər Musayev həmkəndlilərindən fərqli bir ömür yaşayıb. Çox maraqlı və mənalı, elə o qədər də məşəqqətli həyatı olub…

      Bu evdə düz  101 ildi  köhnə bir  tüfəng  müqəddəs  əşya kimi qorunub saxlanır. O, Çanaqqala savaşında şəhid olmuş Şaynalı adlı türk əsgərinin olub. 101 yaşlı bu tüfəngi  mən illər öncə  elə həmin evdə görmüşəm. Qəribə bir görünüşü var. İndiki  silahlara bənzəmir. Tüfəngin ön hissəsində və  arxasında güzgü var.

     Aynalı tüfəng  bu kəndə, bu evə  necə gəlib?  Sualımın cavabını və digər maraqlı  faktları sonralar Ələsgər Musayevin  mərhum qızı, uzun müddət Bakının Nizami rayonundakı 1 saylı uşaq evinin direktoru işləmiş, pedoqoji elmlər namizədi, Əməkdar müəllim Leyla Məmmədovadan öyrəndim.

                                                 İlk mükafat

1918-ci ildə  Azərbaycanı daşnak quldurlardan və bolşevik hərbi birləşmələrdən xilas etmək üçün köməyə gələn Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu  Qazax, Ağstafa, Tovuz, Şəmkir ərazisindən keçərkən yerli əhali əsgərləri böyük məhəbbətlə qarşılayıb, hətta onların sıralarına qoşulanlar da olub. Onlardan biri də Ələsgər Musayev olub.  Leyla xanım danışırdı: “Atam o zaman yaraşıqlı, ucaboylu, pəhləvan cüssəli, 19 yaşında  bir gənc idi. Türk qoşunları Tovuzdan keçərkən atam Əlimərdanlı kəndi ilə rayon mərkəzi arasındakı 8 kilometrlik məsafəni piyada gedib ki, türklərə  baxsın. Əyinlərində əsgər paltarı, çiyinlərində tüfəng olan igid türkləri görəndə atamın qanı cuşə gəlib. Elə ordaca qərar qəbul edib  ki, türklərlə birlikdə döyüşsün. Kimin nə deyəcəyini, valideynlərinin razı olub-olmayacaqlarını belə düşünmədən  türk zabitinə yaxınlaşıb sıralarına qatılmaq istədiyini bildirib”.

Bölük komandiri Qədir Əfəndi ona yaxınlaşıb ərklə  danışan bu oğlanı başdan-ayağa diqqətlə süzüb.  Ələsgərin boy-buxunu, uca qəməti, iti baxışı, cəsarəti  çox xoşuna gəlib. Hətta bu  oğlan ona tanış gəlib, kim olduğunu xatırlamağa çalışıb: “Allah, Allah… Yoxsa, bu, Şaynalıdı?.. Yoxsa mən yuxu görürəm?.. İnsan necə də bir-birinə bənzəyərmiş”?! (Çox güman ki, Qədir Əfəndinin dediyi mehmetciyin adı Şahin Ali olub, Ələsgər Musayev onu Şaynalı deyə tələffüz edirmiş – Z.N.)

Leyla xanım atasının xatirələrindən söz açarkən deyirdi ki,  atam türk zabitinin onu diqqətlə, başdan-ayağa sualdolu baxışlarla süzməsindən şübhələnib, qorxuya düşüb. Fikirləşib ki, görəsən nə qəbahət işlətdi ki, zabit ona belə şübhəli baxır? O, Qədir Əfəndinin  bu qəribə baxışının səbəbini az sonra  anlayacaq.

Komutan əsgərləri yanına çağırıb deyir ki, bu dəliqanlı bizimlə birlikdə döyüşmək istədiyini bildirir. Adı Ələsgərdi. Amma mən ona bu gündən sonra Şaynalı Ələsgər deyəcəm. Bilirsinizmi niyə?  Çünki Canaqqala savaşında şəhid olan Şaynalı adlı  qəhrəman əsgərimizə çox bənzəyir, sanki onun ekiz tayıdı. Mən onu görən kimi Şaynalını xatırladım, hətta bir an mənə elə gəldi ki, o ölməyib, burda bizimlədir.  Haydı, dəliqanlı, keç əsgərlərimin sırasına!

O gündən Şaynalı  adını daşıyan Ələsgər bu adın məsuliyyətini canına hopdurub  damarlarında daşıyıb və onun şərəfini qorumağa çalışıb. Və o, azərbaycanlı Ələsgər deyil, anadolu türkü olan Şaynalı olaraq qəlbində baş qaldıran nifrətin ağırlığını daşnaklardan azad etdikləri yaşayış məntəqələrində onları qarşılayan insanların üzündə gördüyü sevincin təsiri altında özündən uzaqlaşdırıb.

Qədir Əfəndi  şəhid Şaynalının qorxmaz, igid, vətənini canı-qanı qədər sevən, onun yolunda şəhid olan bir  döyüşçü olduğunu, hər kəsdən  seçildiyini fürsət düşdükcə Ələsgərə danışırdı. Qanlı  döyüşdə düşmən mərmisindən  bədənləri parça-parça olan, tikələri belə ələ gəlməyən Çanaqqala əsgərlərindən söhbət açırdı.  Danışdıqca da gözlərindəki kədərə qarışmış qürur hissi aydınca sezilirdi:  “18 mart döyüşü bəlkə də  dünya hərb tarixində ən qanlı, ən dəhşətli döyüş idi. İngilislər və fransızlar dənizdən  quruya çıxdılar. Təpələrin arxasından hücuma keçdilər. Amma biz gavurlardan  qorxmadıq.  Tüfəngimizə süngü taxıb  əks hücuma keçdik, onları dənizə  tökdük, zəfər qazandıq”. Ələsgər bu söhbətləri dinləyə-dinləyə özünü Şaynalının yerində hiss edir və bu adın  Tovuza gəlməsindən, hörmətindən, xüsusilə də bu qədər əsgərin içindən seçilib ona verilməsindən  dolayı qürur duyurdu.  Bu ad onun həyatının ilk  mükafatı idi. Bu ad onun  ömür yolundakı ən dəyərli titul idi.

Bu ad illər sonra  həm də başına gələcək bəlaların  səbəbkarı olacaq. Amma Şaynalı Ələsgər  son nəfəsinə qədər Çanaqqala döyüşçüsünün adını pasportundakı rəsmi adından üstün tutacaq və bundan qürur duyacaq,  yorulmayacaq, usanmayacaq…

zulyxa-1

                                                     Əmanət

Qafqaz İslam Ordusunun  Göyçay yaxınlığındakı Qaraməryəm kəndini ələ keçirmiş düşmənlərlə döyüşünü Şaynalı Ələsgər bir ömür unutmadı. Həmin döyüşün  odu-alovu, dəhşəti xırda detallarına qədər  yaddaşından  silinmədi.  1918-ci ilin iyun ayı idi. Qaraməryəm, Ağsu şossesi və Müsüslü-Kürdəmir dəmir yolu ətrafında qanlı döyüşlər gedirdi. Türklər düşmənlə döyüşdə canlarından keçir,  “uf”  demədən şəhid olurdular. Göydən od yağırdı, aclıq, susuzluq əsgərləri əldən salsa da ruhdan düşmür, son güllələrinə, son nəfəslərinə qədər döyüşürdülər. Çanaqqala kimi bir döyüşdə tarixi qələbə qazanmış  türklər üçün  bu savaş da növbəti alın yazıları idi. Uzun-uzun yolları arxada qoymuş, şəhərlər, kəndlər keçmiş Çanaqqala  döyüşçüləri  yenə də canlarını fəda etməkdən çəkinmirdilər. Axşama yaxın Qaraməryəm demək olar ki, düşməndən təmizləndi. Döyüşdə 300-ə yaxın şəhidin qanı torpağı “suvardı”. Həmin gün Şaynalı Ələsgər taleyini dəyişən, həyatına naxış vuran aynalı tüfəngi ilk dəfə əlinə aldı.

Şaynalı Ələsgər sonralar  aynalı tüfənglə bağlı gizlincə, qonşuların eşitməyəcəyi tərzdə, az qala pıçıltı ilə ailəsinə belə danışacaq: “ Axşamüstü Qədir Əfəndi məni yanına çağırdı, əvvəlcə təşəkkür etdi. Mən bunun  səbəbini soruşmadım. Çünki qayda belə idi, dinmədən,  əlavə sual vermədən sona qədər komutanı dinləməlisən. O mənə bir tüfəng göstərib dedi ki, əlindəki silahı ver mənə, götür bu tüfəngi – Şəhid Şaynalınındı.  Bu tüfəngə layiq ola biləcək  döyüşçü sənsən. Çox xoşbəxt idim. Komutanın bu hərəkəti  mənə xoş gəldi. Unutmayacağım təsirli bir hadisə idi. Tüfəngi əlimə alanda gördüm ki, üstündə güzgü var. Diqqətlə baxdığımı görən Qədir Əfəndi dedi ki, dəliqanlı, bu, başqa silahlara bənzəməz. Çanaqqala belə aynalı tüfənglərin sayəsində  keçilməz oldu, düşmənlər  o torpağa ayaq basa bilmədilər”. 

Şaynalı Ələsgər bu əhvalatı ailə üzvlərinə danışandan sonra tüfəngi doğma balası kimi bağrına basacaq və deyəcək: “Bilirəm məni həbs edəcəklər, bəlkə də öldürəcəklər. Aynalını sizə əmanət edirəm. Onu qoruyun, heç kimə verməyin ”…

                                                   Son məktub

Bir dəfə Leyla xanım mənə əski ərəb əlifbası ilə yazılmış bir kağız  parçası göstərib dedi ki, bu, atamdan  qalan ən qiymətli xatirədir. Şəhid Şaynalının yazdığı məktubdur.  Mhmetcik şəhid olmamışdan bir gün əvvəl yazıb, amma məktub sahibinə yetişməyib. Vaxtilə Qədir Əfəndinin  bu məktubla bağlı atasına söylədiklərini Leyla  xanım mənə söylədi:

-18 martda baş verən şiddətli döyüşdən bir gün əvvəl  Şaynalı məktub yazıb. Atasına ünvanladığı məktubda sabah qanlı bir  döyüş olacağını və bəlkə də bu  savaşdan sağ çıxmayacağını yazan  Şaynalı onu da  əlavə edib ki, əgər şəhid olsa üzülməsin. Əksinə oğlu ilə qürur duysun. Vətən torpağında əbədi yatacaq  oğlunun yoxluğu onu əyməsin. Amma o, məktubunu göndərə bilməyib. Döyüşdə ağır yaralanan Şaynalı son nəfəsində məktubu Qədir Əfəndiyə verib ki, atasına göndərsin. Tale elə gətirib ki, Şaynalı gözlərini əbədi yumandan 5-10 dəqiqə sonra Qədir Əfəndi də yaralanıb. Onu xəstəxanaya  çatdırıblar. Bir müddət müalicə alandan sonra yenidən orduya qayıdan Qədir Əfəndinin sonralar da  imkanı olmayıb ki, şəhidin məktubunu valideynlərinə göndərsin. Əslində istəyirmiş ki, müharibədən sonra mehmetciyin ailəsi ilə görüşüb məktubu  versin. Amma döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə yollanan Qədir Əfəndi ürəyinin üstündə  gəzdirdiyi məktubu özü ilə ta Azərbaycana qədər  gətirib.  Bölük komandiri Şaynalı Ələsgərə deyib ki, inşaallah Bakını  azad etdikdən sonra vətəninə dönən kimi ilk işi şəhid Şaynalının məktubunu atasına vermək olacaq. Oğlum, Ələsgər, – deyib, – bu məktub türk tarixinin şanlı səhifələrindən biridi. Üç ildi onu  özümlə daşıyıram. Bəlkə də məni gücləndirən, stimul verən mehmetciyimin məktubudu. Gəncəcik Şaynalının ruhu həmişə mənimlədi. Onu çox sevirdim, baxışları gözümün önündən çəkilmir. Sonuncu sözləri hələ də qulaqlarımda səslənir.

Amma Çanaqqalada məğlub olmayan, Azərbaycanda zəfər qazanan Qədir Əfəndinin arzusunu amansız ölüm gözündə qoyub.

                                                Vəsiyyət

O gün Göyçay rayonunun Bığır kəndi ətrafında susuzluqdan dodaqları quruyan, nəfəsi təngiyən əsgərin təkcə dili deyil,  gözləri də yalvarırdı – bir  damçı su üçün. O gün ətrafda partlayan bombalardan, az qala yağış kimi yağan güllələrdən, başlarına yağan top mərmilərindən qorunmaq olurdu, amma günəşin beyinləri yandıran istisinə tab gətirmək mümkün deyildi.

-Su… su…

O gün komutan Qədir Əfəndi  də yaralı idi. Amma onu incidən yarası deyildi,  “su” deyə pıçıldayan əsgərinin iniltisi ağrıdırdı onu. Susuzluqdan özü qovrulsa da əsgərinin belə əlacsız qalmasına dözə bilmirdi, sanki ürəyi sinəsindən qopurdu. Sürünə-sürünə uzaqlaşdı. Bir qədər sonra geri döndü. Əlindəki qabın içində olan 3-5 damçı  suyu  dodaqları parçalanan əsgərinə içirtdi. Amma gec idi, çox gec… əsgər son nəfəsini verirdi. Qədir Əfəndi nalə çəkdi, səsi uzaqlarda  əks-səda verdi. Onun əsgərləri gözünün qabağında can verirdilər. Susuzluqdan ölürdülər. Komutan əlaczıs qalmışdı. Ətrafda suyu xatırladan  bir əlamət belə yox idi. Qanlı savaşın içində Allah sanki, susuzluqla əsgərləri  sınağa çəkirdi.

Bir neçə saat sonra Qədir Əfəndi  bu “sınaqdan” çıxa bilmədi. Komutanda  artıq  dözüm qalmamışdı, susuzluğa tab gətirə bilmirdi. Şaynalı Ələsgər  Qədir Əfəndiyə su tapmaq ümidilə özünü ora-bura çırpdı. Su tapmadı ki, tapmadı.  O, gözlərini  əbədi yumdu. Amma son nəfəsində  gözlərini tovuzlu əsgərin üzünə zilləyib “Şaynalı… məktub…” sözlərini  güclə pıçıldadı.  Sanki vəsiyyət edirdi.  Bu dəfə də  Şaynalı Ələsgər nalə çəkdi. Onun səsi Acıdərəyə, Bığıra səs saldı… Onda 1918-ci il ilin iyul ayı idi. 

O, komutanını qucağına alıb bir neçə addım irəlilədi. Sonra geri döndü. Nəyisə xatırlamağa çalışdı. Yerə oturdu. Qədir Əfəndinin başını dizlərinin üstünə qoyub  üzünə  baxdı. Çox sevdiyi komutanının öldüyünə inanmaq istəmirdi. Köynəyinin cibindən bir kağız parçası çıxardı. Bu,  şəhid Şaynalının son məktubu idi. İki damla göz yaşı  yanaqlarından süzülüb əlindəki kağızın üstünə düşdü… sətirlər qarışdı. Qədir Əfəndinin arzusu ürəyində qaldı. Şəhid Şaynalının məktubu yenə də sahibinə yetişmədi.  Şaynalı Ələsgər məktubu köynəyinin cibinə qoydu – eynən Qədir Əfəndi kimi – ürəyinin üstünə…

Şaynalı Ələsgər susuzluqdan ölən Qədir Əfəndini əlləri ilə dəfn etdi. Elə adam var ki, çox sevdiyi, candan bağlandığı birisinin yoxluq adlı yükünü ömrünün sonunacan böyük bir ağrı ilə ürəyinin başında gəzdirir. İllah da ki, bu şəxs onun taleyini dəyişdirən, gözünü açan, dünyaya baxışını dəyişən, kim olduğunu özünə göstərən birisi olanda, bu itkinin yerini heç nə ilə doldurmaq olmur. Onun təsəllisi yalnız həmin insanın işıqlı xatirəsi, bir də özündən sonra yadigar qalan əşyaları olur. Qədir Əfəndi Şaynalı Ələsgər üçün elə bir VARLIQ  idi ki, ömrünün sonunacan onu unutmadı. Komutanından ona  yadigar qalan aynalı tüfəng və şəhidin məktubu yaşadığı ömürdə  bir talisman kimi taleyini müşaiyət etdi.  (Şaynalı Ələsgərin daha bir talismanı da var idi. Bu, Bakının azad edilməsindən sonra Nuru Paşanın ona verdiyi altun medal idi. Bir ömür  pencəyinin yaxasından açmadığı həmin medalı atasının ölümündən sonra  Leyla xanım dünyanın ən qiymətli əşyası kimi evində saxlayırdı).

Sovetlər dönəmində  Şamaxıdakı, Göyçaydakı türk şəhidlərinin məzarını ziyarət etmək qadağan idi. Amma Şaynalı Ələsgər bu qadağalardan qorxmurdu. Bakıya Kürdəmir yolu ilə deyil, Şamaxı yolu ilə gedirdi. Bığırdakı, Acıdərədəki türk şəhidlərinin məzarlarını ziyarət edirdi. Erməni daşnaklarına, rus bolşeviklərinə qarşı döyüşdüyü bu yerlərdə onun da izləri var idi. Hər dəfə ora gedəndə acı xatirələrin məngənəsindən çətinliklə çıxırdı. Sevimli komutanının məzarı başında göz yaşlarını saxlaya bilmirdi. Leyla xanım danışırdı ki, atam hər dəfə  bu məzarları ziyarətə gedəndə özü ilə su aparırdı – Qədir Əfəndinin məzarına çiləmək üçün.  Sanki bununla da sevimli komutanına olan  vəfa borcunu ödəməyə çalışırdı.

                                              65 illik həbs

Bakı azad edildikdən sonra Şaynalı Ələsgər Tovuza özü ilə üç  qiymətli əşya apardı: aynalı tüfəng,  şəhid Şaynalının məktubu və  altun medal. Şaynalı Ələsgərin bu dünyadakı arzularından biri, bəlkə də  birincisi o idi ki, Qədir Əfəndinin  çatdıra bilmədiyi məktubu aparıb şəhid Şaynalının valideynlərinə versin. Çox istəyirdi bunu. Amma mümkün deyildi. Sovetlər dönəmində “Türkiyə” deyənin az qala dilini  kəsirdilər, ən yaxşı halda isə ona “pantürkist” damğası vururdular. Şaynalı Ələsgər də bir ömür bu “damğa” ilə yaşadı. Bir ömür  bu “damğa”nın acısını çəkdi.

Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsi uğrunda ermənilərə qarşı döyüşdüyünə görə sovet hökuməti Şaynalı Ələsgəri  bağışlamadı. Onu işgəncələrə, təqiblərə, təhqirlərə məruz qoydu. Amma Şaynalı Ələsgər aynalı tüfəngini  sovet hökumətinə vermədi. 30-cu illərdə NKVD-nin əlinə keçməsin  deyə bağda torpağa basdırdı. 1941-1945-ci il müharibəsindən sonra onu torpaqdan çıxarıb evinin yuxarı başına qoydu.  Amma çuğul ölməyibmiş. Hökumətə xəbər çatdırıb ki, aynalı tüfəng  yenə Şaynalı Ələsgərin evinin baş ucundadı.  O da var ki, dünya  yaxşılardan xali deyil. Başqa bir həmkəndlisi Şynalı Ələsgəri qorumaq üçün aynalını təkrar  gizlətməyi məsləhət görür. Aynalı tüfəng bu dəfə də bağda gizlədilir – ot tayasının arasında. Milislər  hər yanı didik-didik edirlər,  evin axtarmadığı bir yerini qoymurlar. Allah şəhid Şaynalının xatirəsinin tapdanmasına  imkan vermir.  Sonralar da təhlükə hiss edən anda gah qonşuda, gah zirzəmidə, gah da tövlədə gizlədilən aynalı  tüfəngin faciəsi sahibinin faciəsi  ilə  “qoşa addımlayıb”.  Düz 65 il “həbsdə” qalan aynalı tüfəng 1991-ci ildən sonra “azadlığa çıxır”, necə deyərlər gün üzü  görür. Leyla xanım onu  yenidən ata evinin baş divarından – Şaynalı Ələsgərin şəklinin yanından asır.

Qafqaz İslam Ordusunun azərbaycanlı əsgəri ömrünün 1936-cı ildən sonrakı zaman kəsiyində bağışlanmadı ki, bağışlanmadı. Sovet höküməti Şaynalı Ələsgəri  müxtəlif bəhanələrlə həbs etdi. Amma o nə aynalı tüfəngini, nə şəhid Şaynalının  məktubunu, nə də 1918-ci ilin qanlı döyüşlərini, əsgər dostlarını, komutanını unutmadı. Hətta qorxmadan həbsxana yoldaşlarına o günlərdən danışdı, qəhrəman türklərin şücaətindən bəhs etdi.  O, doqquz il  həbsdə yatdı. Lakin üzünə bağlanan bütün qapılara rəğmən torpaq uğrunda, vətən yolunda xidmətini gizlətmədi, bunu ömrünün şərəf tarixi saydı.

Bu şərəfi zinətləndirən isə onun aynalı tüfəngi oldu.  O aynalı tüfəng ki, Çanaqqala zəfərindən 104 il keçməsinə baxmayaraq, indi də  bir azərbaycan türkünün soyadını yaşadan Musayevlər nəslinə, 81 yaşında dünyasını dəyişmiş Şaynalı Ələsgərin nəvə-nəticələrinə  şərəf gətirir.

       P.S. Vaxtilə doğulduğum kəndə bitişik qonşu Əlimərdanlı kəndində Şaynalı Ələsgərin evində gördüyüm tüfəngin üstündəki güzgüyə-aynaya çox  təəccüblənmişdim. Bir neçə il əvvəl təsadüfən öyrəndim ki, həmin güzgünü tüfəngin üstünə Çanaqqala qazisi Əli Dəmirəl düzəldib. Döyüşdə məğlub olmuş ingilis əsgəri öz tüfəngini səngərdə qoyub qaçıb. Tüfəngi tapan  mehmetciklər silahın arxa hissəsində  güzgü olduğunu görürblər. Əli Dəmirəl deyib ki,  o da tüfəngə  belə ayna qoya bilər. Elə də edib. Lakin Əli Dəmirəl ingilislərdən fərqli olaraq tüfəngin iki tərəfinə də güzgü qoyub. Və bundan sonra qəhrəman əsgərin düzəltdiyi aynalı tüfənglərdən hər manqaya bir dənə verilib. Ki… onlardan biri də şəhid Şaynalıda (Şahin Alidə)  olub.

     Üç il sonra isə  həmin aynalı tüfəng Şaynalı Ələsgərin tale pasportuna çevrilib…

Züleyxa NADİR

Etikxeber.az

 

 

Read Previous

“İndi mənim Nizami muzeyində hər gün qalxdığım pillələrlə…” – AKADEMİK 15 SENTYABR ZƏFƏRİNDƏN YAZDI

Read Next

“15 sentyabr rəsmi Dövlət Bayramı kimi qeyd edilsin” – “MÜSAVAT”DAN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir