Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərinin “QRES” qəsəbəsində yaşayan məcburi köçkün Aynur İsrafil qızı Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Milli Məclisin sədri Sahibə Qafarovaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevə və Müfadiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Aynur İsrafil qızı Əliyeva Mingəçevir şəhərində yaşayıram, əslən Ağdamlı olan Şəhid Elmin Samir oğlu Əlizadənin anasıyam. İki övladım-bir qızım və bir oğlum var idi. Tək oğlum Elmin Əlizadə 2021-ci ilin noyabr ayının 16-da Laçın rayonu istiqamətində Şəhidlik məqamına ucaldı. 16 noyabr 2021-ci il Şəhidlərindəndir.
Cəmi 18 yaşı var idi, cəmi 8 ayın Əsgəriydi. Tək oğlum Vətən yolunda qurban getdi, Şəhid oldu. İki ildir övlad acısı ilə yaşayıram, əgər buna da yaşamaq demək mümkündürsə…Bala, oğul dərdi hər an, hər saniyə yaralı qəlbimi sızladır, göynədir. Allah heç kimin başına gətirməsin, Allah heç bir bəndəsinə, heç bir valideynə övlad, oğul itkisi, acısı yaşatmasın. Mən yaşadım, biz yaşadıq, artıq kimsə yaşamasın!
Bala, oğul dərdi nə qədər acı, nə qədər dözülməz olsa da, Elminimlə, övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Elmin kimi oğulun, İgidin anasıyam. Bu gün təsəllimiz odur ki, övladımın, Şəhidlərimizin qanı yerdə qalmadı. Sonuncu birgünlük antiterror əməliyyatı ilə qanlı Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.
Allah Elminim də daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın məqamını Uca, ruhunu şad etsin!”
Müraciətdə sonra bildirilir:
“Hörmətli İlham Heydər oğlu!
Bu müraciəti ünvanlamaqla, Sizə bir xahiş və ricamı bildirmək, dilə gətirmək istəyirəm. Şəhidliyindən sonra Sizin Sərəncamınızla övladım bir medalla-“Vətən uğrunda” medalı ilə təltif olundu. Buna görə Sizə minnətdarlığımı bildirirəm.
Amma bununla belə hesab edirəm ki, övladım başqa medallara da layiqdir, başqa medalları da Haqq edir. Ona görə Sizdən dönə-dönə xahiş və rica edirəm ki, övladımı, tək oğlumu digər medallarla-“Laçının azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşçü” medalları və ali ordenlərimizdən biri ilə də təltif edəsəniz. Bununla həm Şəhidimin ruhu sevindirilmiş olar, həm də iki ildir bala acısı yaşayan, bala həsrəti çəkən Dərdli, Yaralı Ana kimi mənə, ailəmizə təsəlli, təskinlik verilmiş olar.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, müsbət həllini tapacaq və balamın Haqqı yerdə qalmayacaq.
Öncədən də Sizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az





