“Azəravtoyol” bir daha iddia edir ki…

Qeyri-sabit hava şəraiti ilə bağlı “Azəravtoyol” ASC Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq üçün kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.

ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qartəmizləyən və qumsəpən texnika avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

Qeyd olunub ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb. Hazırda da yollarda vəziyyət normaldır.

Eyni zamanda nəzərə çatdırılıb ki, yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq, nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələrinin hərəkətində problemlərin olması qaçılmazdır.

Bu cür sürücülər digər hərəkət iştirakçılarına mane olmaqla yollarda tıxacların yaranmasına gətirib çıxarırlar. Odur ki, hazırlıqsız sürücülərin yollara çıxması məsləhət görülmür.

Etikxeber.az

Read Previous

“Əlilləri işə götürməyən şirkətlərə qarşı cəza tədbirləri sərtləşdirilsin”- PAŞAYEVA

Read Next

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 23-24-də keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir