“Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq”-DEPUTAT

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gərginlik hələ də qalmaqdadır. Təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Bununla da bölgədəki gərginliyin yeganə səbəbkarı kimi münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədir. Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında deputat Məzahir Əfəndiyev söyləyib.

O, deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin gücü, xalqla birliyini göstərdi. Bunu dövlətə və orduya dəstək aksiyasının keçirilməsi bir daha sübut etdi. Aksiya həm də sıravi əsgəri ilə ön cəbhədə olaraq şəhidlik zirvəsinə yüksələn generalımız və digər həlak olan zabit və əsgərlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi idi.

“Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin yanında olduqlarını bəyan etdilər. Bu gün minlərlə insan Prezidentin çağırışına səs verərək könüllü hərbi xidmət üçün qeydiyyatdan keçirlər. Bütün bunlar xalqın öz dövlətinə, rəhbərinə olan sevgisinin və inamının təzahürüdür.

Bununla belə, aksiya zamanı bir qrup şəxsin sərhəddə və cəbhə xəttində əməliyyatların getdiyi bir vaxtda iğtişaş törətmək cəhdləri, Milli Məclisin binasına icazəsiz girərək dağıntılar törətməsi, vətəndaşlıq mövqeyinə və dövlətçiliyə zidd olmaqla yanaşı, şəhidlərimizin müqəddəs ruhuna bir hörmətsizlik əlaməti idi. Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə almış və bundan sonra da alacaqdır. Şübhəsiz ki, bu hadisələr araşdırılacaq və təqsirkarlar hüquqi müstəvidə layiqli cavablarını alacaqlar.

Bu gün istər pandemiyaya qarşı, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə ən vacib məsələ güclü milli iradə nümayiş etdirməklə həmrəyliyə nail olmaqdan ibarətdir. Ölkə ictimaiyyətinə və xalqımıza səslənərək bildirirəm ki, bu ağır, çətin günlərdə əqidəsindən, düşüncəsindən və siyasi baxışlarından asılı olmayaraq birlik nümayiş etdirmək, dövlətimizə və Ali Baş Komandana hərtərəfli dəstək olmalıyıq. Çünki, vətən uğrunda döyüşdə yalnız bir tərəf olur – işğalçı ölkə, təcavüzkar Ermənistan.

Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan mənfur düşmənlə mübarizədə qələbə çalmağın yeganə yolu bir olmaqdan, həmrəy olmaqdan, Prezidentin ətrafında sıx birləşməkdən keçir”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Təbriz ön cəbhədə şəhid Polad Həşimovla eyni yerdə çiyin-çiyinə döyüşüb…Ən böyük arzusu tezliklə sağalıb ön cəbhəyə geri qayıtmaqdır…”-MİLLƏT VƏKİLİ

Read Next

“Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir