“Azərbaycan bütövlükdə şər blokuna qalib gəlməklə özünü yeni regional güc kimi təsdiq edib, mövcud vəziyyət isə dünya gücləri tərəfindən qəbullanılıb…”-BƏHRUZ MƏHƏRRƏMOVUN BAXIŞI

Azərbaycan Republikası bu ilin oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” ölkələrinin zirvə görüşünə dəvət edilib.

Hər il dünyanın ən böyük iqtisadiyyatına malik G20 üzvləri ilə yanaşı, sammitə müstəsna halda yalnız planetin iqtisadi-siyasi həyatında xüsusi rola malik digər dövlətlər də dəvət olunur.

Bu il də “Böyük iyirmilik” üzvləri ilə birlikdə sammitdə 37 dövlət iştirak edəcək ki, Azərbaycan da bunlardan biridir. 200 dövlət arasından seçilən 17 ölkədən biri olmaq, əlbəttə, qürurverici haldır və özlüyündə bir neçə mühim məqamdan xəbər verir:

1. Azərbaycan 44 günlük Vətən müharibəsində Beynəlxalq hüququ, eləcə də BMT-ni böyük utancdan xilas edərək, erməni işğalına son qoymuş, ərazi bütövlüyünü hərbi yolla bərpa etməklə öz gücünə Təhlükəsizlik Şurasının 28 ildir icra olunmayan qətnamələrinin icrasına nail olmuşdur. Nəzərə alsaq ki, bu savaşda Ermənistan tək deyildi, deməli Azərbaycan bütövlükdə şər blokuna qalib gəlməklə özünü yeni regional güc kimi təsdiq etmiş, mövcud vəziyyət isə dünya gücləri tərəfindən qəbullanılmışdır.

2. 44 günlük müharibə nəticəsində Azərbaycan Cənubi Qafqazın deyil, ümumilikdə Egeydən Orta Asiyaya qədər bütöv bir qurşağın gələcək siyasi və iqtisadi simasını müəyyən edərək, yeni əməkdaşlıq platformanın əsasını qoymaqla, bölgənin xabına çevrilib. Bu isə o deməkdir ki, geosiyasi baxımdan müstəsna strateji əhəmiyyətə malik regiona maraq göstərənlər burada istənilən kənar marağın hesablaşmalı olduğu əsas gücün Azərbaycan olduğunu qəbullanmışlar.

3. Azərbaycan Avropanı davamlı olaraq təhdid edən, yaxud, Qərbin hərbi-siyasi və ideoloji konfliklər yaşadığı digər təhcizatçılardan fərqli olaraq daha etibarlı enerji təminatçısı və beynəlxlaq münasibətlərin əsas prinsiplərinə sadiq qalaraq öhdəliklərinə vicdanla əməl edən, getdikcə güclənən sağlam tərəfdaşdır.

4. Beynəlxlaq münasibətlərin kəskinləşdiyi bir dönəmdə, xüsusən Avropada islamafobiya meyllərinin qabardığı, hətta iqtisadi nəticələrə belə yol açdığı bir dönəmdə dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi kimi Azərbaycanın artan rolu və təcrübəsi ilə hesablaşmamaq mümkün deyil.

5. Azərbaycan 2020-ci ildə COVİD19-la bəşəri mübarizədə özünü beynəlxlaq səyləri birləşdirən lider və təşəbbüskar dövlət kimi təsdiq etmişdir. Təsadüfi deyil ki, əvvəlcə Türkdilli dövlətlərin, ardınca Qoşulmama hərəkatı və yekun olaraq da BMT-yə üzv ölkələrin bu istiqamətdə mərkəzləşmiş fəaliyyəti məhz Azərbaycan tərəfindən təşkil olundu. Habelə, Azərbaycanın özünü qlobal donor kimi təsdiq edərək, qazandığı əhəmiyyətli siyasi tərəfdaşları sayəsində beynəlxlaq arenada siyasi proseslərə təsir imkanına malik dünya gücü iddiası kifayət qədər ciddi qəbul olunmağa başlayıb.

6.Ən nəhayət, etiraf etməliyik ki, şəxsiyyət amili müasir dünya siyasətinin kökündə dayanan meyarlardandır.

Bu mənada, İlham Əliyev şəxsiyyəti və onun şəxsi nüfuzu Azərbaycanın G20-nin Roma 2021 sammitinə dəvət olunmasında vacib nüanslardan biri kimi nəzərdən keçirilməlidir.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az


Read Previous

Deputat daha bir neçə Şəhid ailəsinə-BAŞ ÇƏKDİ – FOTOLAR

Read Next

Vüqar Səfərli-HƏBS EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir