Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İLHAM ƏLİYEV: TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir
İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, kəmərin işə çalınması böyük tarixi hadisədir. Bu, Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəhg layihədir. Bununla Azərbaycan daha bir tarixi, iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu.
Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Akademik qeyd edib ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CDQ) əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Komitə sədri vurğulayıb ki, layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu hələ 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.
“TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir”-deyən, Z. Səmədzadə bununla yanaşı açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən, Ukrayna dövlət başçısı Petro Poroşenkonun, Şimali Kipr xalqının lideri Mustafa Akıncının, Serbiya Prezidenti Aleksandr Vuçicin, BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin iştitrakını yüksək qiymətləndirib:
“Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak çıxış etdilər. Eyni zamanda, qardaş və dost Türkiyənin prezideti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic və Ukrayna Prezidenti Petro Poroşenko çıxış etdilər. Hər bir çıxış da tarixi, yüksək əhəmiyyət daşıyan, gələcək əlaqələrin möhkəmləndirilməsinə təkan, töhfə verən çıxışları idi. Xüsusilə, cənab Ərdoğanın çıxışına toxunaraq qeyd etmək istəyirəm ki, bu çıxış bir daha Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun, muttəfiqliyin əyani göstəricisi oldu. Onun “Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub” sözləri bir daha Türkiyə-Azərbaycan münasibətlərinin,əlaqələrinin sarsılmazlığına böyük töhfə oldu”.
Komitə sədri açıqlamasında Azərbaycan prezidentinin çıxışına xüsusi yer ayırıb:
“Ölkə Prezidenti qeyd etdi ki,TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür, TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyəylə Azərbaycanın birlikdə XXI əsrin enerji tarixini birlikdə yazdığını vurğulayan cənab İlham Əliyev onu da bəyan etdi ki, “bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”.
Hesab edirəm ki, bu, TANAP-a, eləcə də, Türkiyə-Azərbaycan müttəfiqliyinə verilən ən böyük dəyərdən, qiymətdən biridir. Eyni zamanda, qeyd etmək yerinə düşər, elə Azərbaycan prezidentinin də çıxışında vurğulandığı kimi, bu, birgə həyata keçirilən birinci layihə deyil. Belə ki, bundan əvvəl – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin birlikdə açılışı həyata keçirilib.Həmçinin, keçən il birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı reallaşdırılıb.
Yəni, bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü irəli sürülən (Türkiyənin də iştirakı ilə-red) istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında ölkə prezidentinin də qeyd etdiyi kimi, düşünülmüş siyasət, güclü iradə və qardaşlıq dayanır. Yəni, bunların mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində oldu. Əgər Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Amma çox sevindirici və əlamətdar haldır ki, bu birlik, bu qardaşlıq sayəsində 21-ci əsrin müqaviləsi kimi xarakterizə olan TANAP-ın açılışına da nail olundu. Bundan təkcə bizlər-Azərbaycanla Türkiyə deyil, bütövlükdə Avropa və dünya da yaralanacaq, öz enerji təminatlarını, enerji təhlükəsizliklərini təmin edəcəklər”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az