Büdcəmiz artdı… – YENİLƏNİB – (1)

Büdcə müzakirələri başlandı

İyunun 29-da Milli Məclisin (MM) son-növbədənkənar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, son iclasın gündəliyinə 39 məsələ salınsa da, məsələlərin sayı 40-a çatdırılıb.

Bu barədə spiker Oqtay Əsədov parlamentdə çıxışında qeyd edib və deyib ki, son sənəd dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliyi nəzərdə tutan qanun layihəsidir.

O, həmçinin bildirib ki, iclasda büdcə dəyişiklikləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iclasda büdcənin müzakirəsində Maliyyə, İqtisadiyyat, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin təmsilçiləri, o cümlədən, maliyyə naziri samir Şərifov iştirak edirlər.

1488451229_ziyad-s-str-7-8

Sonra MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə dəyişikliklərlə bağlı məlumat verib.

O, qeyd edib ki, son bir ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb:

Bu, dünya miqyasında analoqu olmayan bir göstəricidir”.

Komitə sədrinin sözlərinə görə, eyni zamanda, Azərbaycanın valyuta ehtiyatları artıb və bu artım Ümumi Daxili Məhsulla (ÜDM) eynilik təşkil edir.

Z. Səmədzadə bildirib ki, Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu 4-5 dəfə üstələyir:

“Biz bu xarici valyuta ehtiyatlarını düşünülmüş siyasət nəticəsində özümüz yaratmışıq. Belə bir siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları iqtisadi fəallıqla müşahidə olunub. Görülmüş işlər nəticəsində dövlət büdcəsinin parametrləri əhəmiyyətli dərəcə yaxşılaşacaq. Yeni qanun layihəsinin qəbulu adambaşına düşən büdcə xərclərinin artmasına da təsir göstərəcək. Dövlət Gömrük Komitəsində proqnozlar kifayət qədər uğurla icra olunur. Sahibkarlar onlar üçün yaradılmış imkanlardan, şəffaflıq istiqamətində görülən işlərdən çox məmnundurlar. Gömrük sahəsində proqnozlar 25-30 faiz artıqlaması ilə yerinə yetirilir. Bütün bunlar Azərbaycanın potensial imkanlarını genişləndirir. Şəffaflığın artırılması, biznes mühitinin yaxşılaşması, sahibkarlar üçün yeni imkanların yaradılması və digər bu kimi məsələlər büdcənin dürüstləşdirilməsində nəzərə alınıb…”.

Z.Səmədzadə həmçinin bildirib ki, ölkədə maliyyə strukturları, Mərkəzi Bankla digər iqtisadi qurumlar arasında daim koordinasiyanın, əməkdaşlığın qorunub, saxlanılmasına çalışmaq lazımdır:

“Əgər bu olarsa, ölkənin bank-maliyyə sektoru daha da inkişaf edər, ölkə iqtisadiyyatı daha da inkişafa doğru gedər”.

Qeyd edək ki, son dəyişikliklərdən sonra Azərbaycanın dövlət büdcəsi iki milyard manatdan çox artırılaraq, 23 milyarda çatdırılıb.

***

Z. Səmədzadədən sonra büdcə ilə bağlı maliyyə naziri Samir Şərifovun çıxışı başlanıb.

**

meclis-oqtayyyyy

Spiker “Nəyi müzakirə edəcəyik?!” dedi və büdcə dəyişiklikləri müzakirələrsiz qəbul olundu

S. Şərifov isə çıxışında deyib ki, dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi 2018-ci ilin büdcəsinə yenidən baxılmasını zəruri edib.

Onun sözlərinə görə, bundan başqa, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Nazir  deyib ki,Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır:

“Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektoru üzrə gəlirin dürüstləşdirilməsinə də ehtiyac yaranıb. 1 milyard 27 milyon manat azaldılması zərurəti yaranıb ki, bu da Vergilər Nazirliyi xətti ilə bir sıra vergilərin əvvəlcədən ödənilməsindən irəli gəlir. Həmin vergilərin əvəzləşdirilməsi hesabına Vergilər Nazirliyi xətti ilə toplanan daxilolmaların məbləği qanunda nəzərdə tutulan büdcədən daha az toplanması ehtimal olunur. Həmin azalma 1 milyard 27 mln. manat məbləğində qiymətləndirilir. Vergilər Nazirliyi xətti ilə 500 mln. manat əlavə daxilolma nəzərə alınarsa, vəsaitin 527 mln. manat azaldılması təklif olunur. 2018-ci ilin dövlət büdcəsində gəlirləri 22 mlrd. 110 mln. manat proqnozlaşdırılır ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat çoxdur”.

Nazirin dediyinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün 300 milyon manat vəsaitin subsidiya şəklində ayrılması nəzərə tutulub.

Nazir sonra qeyd edib ki, yenidən baxılma ilə bu ilin dövlət büdcəsində xərclərin 2 mlrd. 14 mln. manat artırılaraq 23 mlrd. 61 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 3,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 mlrd. 466,5 mln. manat və ya 31,1% çoxdur.

S. Şərifovun bildirdiyinə görə, yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28 mln. 86,8 mln. manat olacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3 mlrd. 981,1 mln. manat və ya 16,5% artacaq:

“İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4% və ya 1 mlrd. 600,2 mln. manat artırılaraq 26 mlrd. 537 mln. manat səviyyəsində proqnozlaşdırılır. Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1 mlrd. 549,8 mln. manat profisitlə proqnozlaşdırılır”.

Nazir sonra deyib ki, ölkəyə  gətirilən aksizdən azad olunan alkoqollu içki və siqaretin həcmi azaldılır Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır.

Nazirin sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır. Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər. Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

S. Şərifovun çıxışından sonra müzakirələrə 19 millət vəkili yazılsa da, spiker Oqtay Əsədov buna ehtiyac olmadığını bildirib.

“Axı, nəyi müzakirə edəcəyik?! Nə lazımdırsa, o da büdcəyə edilib. Görürəm ki, Qüdrət Həsənquliyev çıxışa təkid edir. Mən də ondan xahiş edirəm ki, təkid etməsin”-deyə, sözlərinə əlavə edib və büdcə dəyişikliklərini səsə qoyub.

Millət vəkilləri də büdcə dəyişikliklərinə səs veriblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Deputatların son günü…

Read Next

Gəlin Samir müəllimi çox da gözlətməyək – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir