“Azərbaycan ötən illər ərzində bir çox dövlətlərə və beynəlxalq qurumlara təmənnasız dost, yardımı əlini uzadıb…”-KAMİLƏ ƏLİYEVA YAZDI

Ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən illər ərzində bir çox dövlətlərə və beynəlxalq qurumlara təmənnasız dost, yardımı əlini uzadıb.

Onların düşdüyü maddi və mənəvi çətinliyi nəzərə alaraq, öz köməkliyini əsirgəməyib.

Xatırladım ki, hələ ötən əsrin 90-cı illərində, çətin və ağır dövrlərdə də bu yöndə addımlar atılıb.

Ulu Öndərimiz Heydər Əliyev qonşu Gürcüstanda enerji çətinliyi, böhranı yaranarkən, yaşanarkən, dost, tərəfdaş yardımını göstərib. Yəni, bu, bizim ənənəvi siyasətimiz və dəyərlərimizdən qaynaqlanan bir məsələdir ki, bu gün də davam etdirilir.

Hələ bir neçə gün öncə 40-dan çox dövlət başçısının, nüfuzlu beynəlxalq təşkilatların rəsmillərinin iştirakı ilə keçirilən Qoşulmama Hərəkatının fövqəladə-videokonfrans formatında Zirvə görüşündə dövlət başçımız Azərbaycanın bir daha bu ənənəyə sadiqliyini nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əlavə 5 milyon dollar vəsait ayrıldığını bildirdi.

Bu, bir daha ölkəmizin dünyanı başına götürmüş, caynağına keçirmiş koronavirus pandemiyasının önlənməsi və qarşısının alınması istiqamətində əməli, səmimi niyyətlərini dünyaya nümayiş etdirmiş oldu.

Bir daha hər kəsə göstərilmiş oldu ki, Azərbaycan dövləti, Azərbaycan rəhbəri hər zaman-bütün situasiyalarda dostlarının, mütəfiqqlərinin, tərəfdaşlarının yanındadır, hər zaman onların problemlərinin həllində öz köməyini göstərməyə hazırdır və bu istiqamətdə də zaman-zaman addımlarını atıb və atacaq.

Bildiyiniz kimi, mayın 19-da ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak etdilər. Hesab edirəm ki, bunun özü də çox önəmli bir hadisədir.

Çünki bu gün məlum səbəblərdən dünyada az qala iqtisadiyyatların çökdüyü, bütün layihələrinin icrasının dayandırıldığı, böyük maliyyə-iqtisadi sıxıntıların yaşandığı bir şəraitdə Azərbaycanda növbəti bir iş yerinin yaradılması çox böyük addımdır. Bu, həm də ölkəmizin gücünün, qüdrətinin, ölkə Prezidentinin iradəsinin və qətiyyətinin nəticəsidir.

Qeyd edim ki, belə bir Mərkəzin açılması ilə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək.

Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək. Bunlar hamısı Azərbaycan vətəndaşının, Azərbaycanın insanın məmnunluğunun təmin edilməsi üçün görülən böyük işlərdir.

Dövlət başçısının da dediyi kimi, bu, çox gözəl sosial təşəbbüsdür, Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür.

Açılışdan sonra növbəti dəfə Dövlət Televiziyasına geniş müsahibə verən, bir çox məsələlərə geniş şəkildə toxunan, gələcək hədəflərlə bağlı önəmli mesajlar səsləndirən dövlət başçısı pandemiya ilə bağlı ölkələr, dövlətlər və beynəlxalq qurumlar arasında da əməkdaşlığa geniş toxundu, çox maraqlı faktlar səsləndirdi. Bildirdi ki, xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

Eyni zamanda, bəyan etdi ki, cətin gündə kimin imkanı varsa, kömək etməlidir və elə bu səbəbdəndir ki, Azərbaycan tərəfindən 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən, üç beynəlxalq təşkilata yardım göstərilib.

Ölkə Prezidentinin də vurğuladığı kimi, bu, bir daha bizim məsuliyyətimizi göstərir. Doğrudan da, pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə çıxardı. Elə insanlar var ki, pandemiya dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var ki, pandemiya dövründə özlərinə qapanıblar, xüsusilə, ilkin mərhələdə bəzi addımlar atıblar və indi görünür utanırlar.

Ancaq Azərbaycan o ölkələrdəndir ki, həmişə üzüağ, alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib.

Bəli, Azərbaycan tarixində çox imtahanlarla, sınaqlarla üzləşib, hər birindən də üzüağ, alnıaçıq çıxıb, son 3 ayın hadisələri, yaşananları da bir daha bunun əyani təsdiqi, bariz nümunəsidir.

Bu, bizim qürurumuz, iftixar mənbəyimiz və buna görə də hər birimiz dövlətimizə, dövlət rəhbərimizə borcluyuq, minnətdarıq.

Kamilə ƏLİYEVA,

Millət vəkili, BDU-nun kafedra müdiri, professor

Etikxeber.az

Read Previous

“Təhlükə hələ tam sovuşmayıb və…”-Sahibə Qafarova videokonfrans formatında seçicilərin qəbulunu-KEÇİRDİ – FOTO

Read Next

Daha 113 yoluxma-DAHA İKİ ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir