“Azərbaycan Qarabağ, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalıdır” – DEPUTAT YAZIR

Milli Məclisin üzvü olduğum Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida” mövzusunda keçirilən toplantısında mən də qısa çıxış etdim.

Orada da qeyd etdim, hərdən görürəm ki, burada- sosial şəbəkədə Dağlıq Qarabağ problemiylə bağlı bədbin fikirlər səsləndirilir. Bilmirəm, bu qəsdən- tapşırıqla yaxud qərəzlə edilir, yoxsa, o cür fikir səsləndirənlərin yumşaq desək, informasiyasızlıqlarından qaynaqlanır, amma hər ikisi zərərlidir ki, birinci halı lənətləyir, ikincini isə qınayıram.

Əgər biz torpaqlarımızı işğaldan azad etmək istəyiriksə, buna nə qədər haqqımız varsa, o qədər də, belə demək mümkünsə, əminliyimiz olmalıdır. Millət, ya da fərd, fərq etməz, sən əgər qarşına qoyduğun hədəf və məqsədə çatacağına əmin deyilsənsə, şübhəylə yanaşırsansa, çatmayacan. Qarşında hansı maneələr durursa-dursun, özünə əminsənsə, mütləq o maneələri aşacaqsan.

Söhbət Dağlıq Qarabağ problemindən gedirsə, üstəlik onu da nəzərə almalıyıq ki, düşmənlərimiz və onlara havadarlıq edənlər də bizi izləyir və burada yazdıqlarımızdan özləri üçün nəticələr çıxarırlar. Konkret problemə gəldikdə onu deməliyik ki, digər konfliktlərə yanaşmada böyük dövlətlərin bir hissəsi tərəflərdən birinə, o biri hissəsi digərinə dəstək vermələrinə, Dağlıq Qarabağ məsələsində isə, demək olar, hamısının işğalçıya havadarlıq etmələrinə baxmayaraq bizdə vəziyyət müsbətə doğru fərqlənir.

Məsələn, Ukraynanın, Gürcüstanın torpaq bütünlüyü şübhə altına alındığı, Krım tam ilhaq edildiyi, Abxaziya ilə Güney Osetiyanın müstəqilliklərini Rusiya başda olmaqla bəzi dövlətlər tanıdığı halda içi Ermənistan qarışıq kimsə Dağlıq Qarabağa yanaşmada belə bir addım atmayıb.

İstəmirlər, ona görəmi? Xeyr, Azərbaycanın apardığı uğurlu siyasət, onun günü-gündən artan hərbi potensialı buna mane olur. Məhz bu siyasətin nəticəsi idi ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında cənab İlham Əliyev nitq söyləyərək Ermənistanın işğalçılıq siyasətini arqumentlərlə darmadağın etdi.

Biz həmən çıxışı siyasi və yaxud da diplomatik polemika nöqteyi-nəzərindən qiymətləndirməkdən daha çox, ona diqqət yetirməliyik ki, bir zamanlar işğalçıya açıq havadarlıq edənlərin indi Dağlıq Qarabağ probleminə yanaşmada az qala Azərbaycan Prezidentinin fikirləriylə üst-üstə düşən mövqe sərgiləmələri, yaxud da ona belə bir çıxış üçün platforma vermələri nə deməkdir.

Bu uğurun arxasında uzun zəhmət, cənab Prezidentin ölçülü-biçili siyasəti, möhkəm iradəsi, qətiyəti, böyük diplomatik təcrübəsi və yüksək intellekti durur. Təbii ki, qarşı tərəfin buraxdığı səhvlər də öz təsirini göstərir.

Belə səhvlərdən cəmiyyət olaraq biz də faydalanmalıyıq. Özəlliklə də xaricdə yaşayan soydaşlarımız Ermənistanın işğalçı və nasist siyasətinin ifşa edilməsində mühüm rol oynaya bilərlər və oynamalıdırlar. Amma bütün bunlar özfəaliyət şəkilində olmamalı, atılan addımların, keçirilən tədbirlərin effektliliyi üzərində düşünülməlidir.

qarabaq-icma

Ona görə də mən təklif etdim ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Prezident Adminstrasiyası Xarici Əlaqələr Şöbəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin təmsilçilərinin, ayrı-ayrı ölkələrdəki diplomatlarımızın( onlar skaypla da qoşula bilərlər) ardıcıl şəkildə bu cür görüşləri təşkil olunsun.

Məhz belə görüşlərdə vətəndaş və cəmiyyət olaraq hayların işğalçılıq siyasətinin ifşası və iflası üçün nələri, həm də necə etməyimiz detallarınadək dəqiqləşdirilməlidir. Özümüz deyib özümüz eşitmək qəbilindən olan, statsistika üçün edilən, cağdaş dövrün informasiya siyasəti reallıqlarına cavab verməyən, az effektli, əcnəbilərin reaksiyasız qaldıqları, onlara təsirsiz ötüşən tədbirlərə son qoyulmalıdır.

Əslində biz hamımız əsgərik. Sadəcə bizim səngərdəki əsgərdən fərqimiz ondadır ki, hərəkətə keçməmiz üçün cənab Ali Baş Komandanın əmrinə ehtiyac yoxdur. Məncə, elə o əmr “hücum diplomatiyasına keçmək lazımdır”,- deməklə çoxdan verilib də.

Cənab Prezidentin “Qarabağ Azərbaycandır və nida” sözləri hörmətli Əli Əhmədovun da vurğuladığı kimi həm də o deməkdir ki, necə Azərbaycançılıq, eləcə də Qarabağçılıq bizim milli ideologiyamız olmalıdır.

İdeologiya qədər isə milləti birləşdirən və irəli aparan ikinci bir nəsnə hələ fikirləşilib tapılmayıb.

Qarabağ Azərbaycandır-bu, şübhəsizdir.

Azərbaycanlının işğal altındakı Qarabağda olması üçünsə Azərbaycan Qarabağ olmalı, azərbaycanlı bir nəfərinə kimi qarabağlı olmalı, Qarabağla olmalıdr!

Sahib ALIYEV,

Millət vəkili

Etiikxeber.az

 

Read Previous

Ağacları kəsdi – 50 MİN MANAT CƏRİMƏLƏNDİ

Read Next

“Ermənilərin Azərbaycan və Özbəkistanda törətdyi faciələri hər kəs yaxşı bilməlidir” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir