Azərbaycan-Rusiya münasibətləri region üçün çox vacib münasibətlərdir – DEPUTAT – RƏY(LƏR)

Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi əslində Ermənistana bir mesajdır 

Səməd Seyidov: “Bu gün Ermənistan bütün səyləri ilə regionda sabitliyi pozmaq, faktiki olaraq, regionda gedən proseslərdən kənarda qalmaq siyasətini aparır”

Azərbaycan-Rusiya münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putininin Azərbaycana gözlənilən növbəti səfəri də son müddət ərzində iki ölkə prezidentinin 6-cı görüşü olacaq. Bu görüşlərdən ikisi Rusiyada olub, ikisi beynəlxalq səviyyədə baş tutub, ikincisi isə ölkəmizdə baş tutmaq üzrədir. Azərbaycan-Rusiya münasibətləri region üçün çox vacib münasibətlərdir. Bu münasibətlər faktiki olaraq bölgədə sabitliyin, inkişafın və regionun gələcək siyasi xəritəsini müəyyən edəcək dərəcədə vacib olan münasibətlər kimi qiymətləndirilməlidir.

soci-ilya-1

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

O, qeyd edib ki,  Azərbaycan prezidenti tərəfindən Rusiya prezidentinin qarşılanması, onun burada səfərinin həyata keçirilməsi Azərbaycan-Rusiya münasibətlərinin inkişafına böyük təkan verəcək: “Əminəm ki, bu, özü-özülüyündə regionda sabitliyə də xidmət edəcək. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinə müsbət təsirini göstərəcək və göstərməlidir”.

“Rusiya prezidentinin Bakı səfərindən sonra Ermənistana da səfər olacaq. Bu səfər zamanı Qarabağ məsələsi ilə bağlı Ermənistana təzyiq edilməsi gözləniləndirmi” sualına cavabında isə komitə sədri burada təzyiqlərdən söhbət getmədiyini bildirib: “Söhbət ondan gedir ki, Azərbaycan-Rusiya münasibətləri bu gün regionun  gələcəyini müəyyən edən əsas münasibətlər kimi formalaşıb.Bu münasibətlərə hansı dövlət, hansı qurum belə demək mümkünsə, qoşulacaqsa, udacaq, qoşulmayacaqsa, regionda, sadəcə, inkişafdan, sabitlikdən kənarda qalacaq. Biz görürük ki, bu gün Ermənistan bütün səyləri ilə regionda sabitliyi pozmaq, faktiki olaraq, regionda gedən proseslərdən kənarda qalmaq siyasətini aparır. Ona görə də Azərbaycan-Rusiya münasibətlərinin güclənməsi əslində Ermənistana bir mesajdır, bir siqnaldır. İnanmaq istərdik ki, onların heç olmasa, siyasi müdrikliyi çatar ki (əslində buna o qədər də inanmaq olmur), mesajı düzgün qəbul etsinlər”.

SAMAD

sahib_aliyev_054

tahirrr

Politoloq, millət vəkili Sahib Alıyev  hesab edir ki,  Rusiya prezidentinin Azərbaycana səfəri haqda bu səfər başa çatdıqdan sonra, sənədlərə, anlaşmalara və hər iki dövlət başçısının verdiyi açıqlamalara əsaslanaraq danışmaq daha düzgün olardı. Amma bununla belə, millət vəkilinin fikrincə, hazırda geosiyasi paradiqmanın dəyişdiyi, regionda Rusiya, Türkiyə, İran kimi ənənəvi rəqiblərin müvəqqəti də olsa, müttəfiqlərə çevrilməyə başladıqları bir vaxtda Əliyev-Putin görüşlərinin intensivliyi, təbii ki, elə-belə deyil. “Bu, səhv etmirəmsə, son üç ayda dövlət başçıları arasındakı dördüncü görüş olur. Və elə bu intensivliyin özü də bir tərəfdən hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin səviyyəsindən, digər tərəfdən, ölkəmizin önəmindən xəbər verir”, – deyən millət vəkilinin sözlərinə görə, Azərbaycan Rusiyanın regionda nəinki strateji tərəfdaşı, həm də əsl müttəfiqi ola bilər:“Ancaq Moskvada da bilməmiş deyillər ki, bunun yolu Dağlıq Qarabağ probleminin həllindən keçir. Dağlıq Qarabağ məsələsində biz heç kimdən, ilk növbədə, Ermənistandan güzəşt istəmirik.Bizə güzəşt lazım deyil, Ermənistanın işğalçılıq siyasətinə son qoyması, Minsk qrupuna həmsədrlik edənlərin isə özlərinin müəllifi olduqları beynəlxalq normalara əməl etmələri, ikili standarta yol verməmələri lazımdır”.

Millət vəkili Tahir Rzayev öz növbəsində bildirib ki, Rusiya prezidentinin Azərbaycana gözlənilən növbəti səfəri olduqca mühüm hadisədir:

“Artıq ölkələrimiz, dövlətlərimiz, xalqlarımız və prezidentlərimiz arasında əsl dostluq, tərəfdaşlıq münasibətləri var və bu münasibətlər gündən-günə yüksələn xətt üzrə inkişaf etməkdədir.Təbii ki, münasibətlərin, əlaqələrin bu səviyyəyə yüksəlməsi ağrılı problemimiz olan Qarabağ münaqişəsinin ədalətli həllində müsbət rol oynaya bilər. Bu yöndə müəyyən gözləntilərimiz var.Eyni zamanda, münasibətlərin belə bir səviyyəsi Ermənistanı çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoymaqdadır. Yəni, onların artıq manevr etmək, loru dillə desək, aradan çıxmaq imkanları daralmaqdadır. Ermənistan hər bir sahədə Azərbaycana uduzur, özü də müqayisəolunmaz dərəcədə.Odur ki, onların Azərbaycanla lap indi olmasa da, yaxın illərdə güzəştə, ədalətli sülhə razılaşmaqdan başqa yolları qalmır. Artıq onlardan hər kəs üz döndərir. Destruktivlik, aqressivlik, inadkarlıq göstərmək isə onların durumunu ağırlaşdırmaqdan başqa bir işə yaramır və yaramayacaq da. Bunu nə qədər tez anlasalar və dərk etsələr, özlərinə xeyri olar”. 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Bu, ölkəmizin növbəti qələbəsidir… – İLHAM ƏLİYEV

Read Next

KOSMİK PEYKLƏRƏ YERDƏN DAŞ ATANLAR… – Zahid Orucun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir