Azərbaycan – Şərqin parlayan ulduzu – AKADEMİKİN BAXIŞI

Prezident İlham Əliyevin uğurlu Şərq siyasəti ölkəmizin diplomatik nailiyyətlərinin artmasına mühüm töhfə verir
Ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm, çoxəsrlik tariximizdə görünməmiş inkişaf yolu keçib. Yüksək vətənpərvərlik, mahir idarəetmə qabiliyyəti, polad iradə, sarsılmaz qətiyyət və uzaqgörənlik, yalnız milli maraqlara söykənən daxili və xarici siyasət bir həqiqəti ortaya qoydu: 15 il öncə müdrik xalqımız yeganə düzgün seçim edib.
İdarəetmə sisteminin bütün sahələri kimi müstəqil dövlətimizin beynəlxalq münasibətləri də daim Prezidentin diqqət mərkəzindədir. Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə diqqəti çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və polad siyasi iradə tələb edir. Dövlətin xarici siyasətinin istiqamətlərini, prinsiplərini, xarakterini müyyənləşdirən Prezident İlham Əliyev ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Onun tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzun müddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edir.
forummmm-1
Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımlar atan Prezident Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər edir. Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən Prezident İlham Əliyevin xarici siyasət konsepsiyası dövlətimizin xarici siyasətdə nəzərdə tutduğu əsas vəzifələrdə öz əksini tapmışdır. Mənafeyi Azərbaycanın dövlətçilik və milli maraqları ilə uyğun gələn, üst-üstə düşən dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaradılır, respublikamızın beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün onların imkanlarından istifadə edilir. Dövlətimiz bütün beynəlxalq və regional qurumlarda, iqtisadi, elmi-texniki, mədəni, humanitar və s. təşkilatlarda fəal iştirak edir, düşünülmüş və xalqımızın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeridir, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunması üçün bütün xarici və daxili amillərdən istifadə edir. Aparılan düzgün xarici siyasət bir çox sahələrdə artıq konkret nəticə vermişdir. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin köklü mənafelərinin qorunmasına yönəlmiş əməli iş görülür. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla əlaqələrin prioritetləri müəyyənləşdirildi və həyata keçirildi.
Şərq və Qərb arasındakı strateji mövqeyimizdən yararlanan ölkə Prezidenti öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışır. Prezidentin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulur.Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələrinə münasibətdə dünya siyasətinin istiqamətlərini və qanuna uyğunluqlarını çox gözəl dəyərləndirən Prezident bu ölkələrlə düzgün münasibətlərin qurulmasına nail olmuşdur. Regionda yerləşən bütün dövlətlərlə yaxın əlaqələr saxlamaq, bu əlaqələri inkişaf etdirib daha da möhkəmləndirmək Azərbaycan üçün çox vacibdir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilir. Belə ölkələrə birinci növbədə, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və digərləri aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı dövlətimiz üçün çox vacibdir. Bütün bu amilləri nəzərə alan İlham Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.
Bu gün müstəqil Azərbaycan əksər Şərq ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inamla inkişaf etdirir. Prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərləri ilə müşavirədə inkişafımızın hazırkı mərhələsinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə yeni tapşırıq və vəzifələr müəyyən etmişdir:
– Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunması;
– Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin daha aktiv şəkildə davam etdirilməsi;
– Ermənistanın siyasi, iqtisadi, enerji və nəqliyyat layihələrindən təcridinin davam etdirilməsi;
– Azərbaycan haqqında həqiqətlərin dünya miqyasında yayılmasının daha da gücləndirilməsi, erməni yalanlarının ifşa edilməsi və Azərbaycana qarşı olan məqsədyönlü əks-təbliğat əməllərinin qarşısının alınması;
– ikitərəfli əsasda dünya ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verilməsi və ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi;
– Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarda ədalət və beynəlxalq hüququn prinsiplərinə uyğun, ikitərəfli və çoxtərəfli çərçivələrdə çevik diplomatik fəaliyyətin davam etdirilməsi;
– xarici iqtisadi əlaqələrin genişləndirilməsinin dəstəklənməsi və Azərbaycan məhsullarının ixracı üçün yeni bazarların müəyyən edilməsi;
– Azərbaycan xalqının əsrlərdən bəri formalaşmış zəngin irsi əsasında dünya miqyasında multikulturalizm və tolerantlıq meyillərinin inkişafına töhfə verilməsi;
– mədəni diplomatiya siyasətinin davam etdirilməsi və dünya miqyasında Azərbaycan xalqının sahib olduğu zəngin mədəni irsin tanıdılması;
– dünya azərbaycanlıları və diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi və onların fəaliyyətinin dəstəklənməsi.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarmışdır. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısı alınmış və yalanları ifşa olunmuşdur. Erməni lobbisinin sıx cəmləşdiyi ölkələrdə belə, Azərbaycan haqqında həqiqətlər bu ölkələrin geniş ictimai dairələrinə sirayət etmişdir. Bu istiqamətdə Şərq ölkələri ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlətçilik siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir.
MEHRIBAN DAIM
Azərbaycan Respublikasının xarici Şərq siyasətində birinci yer Türkiyə Cümhuriyyətinə məxsusdur. Din, dil, soy bağlılığına söykənərək yüksələn xətlə inkişaf edən əlaqələrimiz bütün sahələrdə əməkdaşlıq və qardaşlıq bağlarının möhkəmlənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət, gerçəkləşən görüşlər, işgüzar səfərlər, bağlanan müqavilələr nəticəsində Azərbaycan-Türkiyə arasında iqtisadi, mədəni, hərbi, elm və təhsil sahələrində əlaqələr durmadan inkişaf edir. Türkiyə ilə əməkdaşlığın ilk dövrlərindən iki ölkə arasında hərtərəfli münasibətlərin hüquqi bazası yaradılmışdır. Bir çox sahələrə aid saziş, protokollar imzalanmışdır. Müntəzəm surətdə hər iki dövlətin müxtəlif səviyyələrdə rəsmi nümayəndə heyətləri Bakıda və Ankarada görüşür, birgə əməkdaşlıq məsələləri haqqında müzakirələr keçirirlər. Türkiyə dünya dövlətləri arasında birinci olaraq Azərbaycanı suveren dövlət kimi tanımış, ölkəmizlə diplomatik əlaqələr yaratmışdır. Müstəqilliyimizin ilk günlərindən Türkiyə bütün sahələrdə ölkəmizə dəstək vermiş, dayaq olmuşdur. O, bəzən öz maraqlarından belə keçərək, Qarabağ probleminin həlli, beynəlxalq təşkilatlarda Azərbaycanın dəstəklənməsi üçün çox işlər görmüşdür. Türkiyənin Ermənistanla münasibətləri məhz Azərbaycana görə tam fərqlidir. Türkiyə Ermənistanı təcavüzkar kimi tanıyır və Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayana qədər heç vaxt Ermənistanla əlaqələrini bərpa etməyəcəyini dəfələrlə bəyan edib.
Dövlətimizin məqsəd və maraqlarına uyğun olaraq elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi, Türkiyədə Heydər Əliyevin adını daşıyan mərkəzlərin, məktəblərin, parkların yaradılması, birgə mədəni tədbirlərin gerçəkləşməsi müasir əlaqələrə xüsusi məzmun verməkdədir. Son üç ildə Azərbaycan Prezidenti dəfələrlə Türkiyəyə rəsmi və işgüzar səfərlər etmiş, Çanaqqala zəfərinin 100 illiyi mərasimində, burada keçirilən Dünya Humanitar Sammitində, Dünya Neft Konqresində, Dünya Enerji Şurasının Konqresində, Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında, “Star” neftayırma zavodunun açılışında iştirak etmişdir. Ölkələrimiz arasında əməkdaşlıq haqqında bir çox yeni sənədlər imzalanmışdır. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana rəsmi və işgüzar səfərlər etmiş, “Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində 7-ci Nazirlər konfransında, Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında, Bakının azad edilməsinin 100 illiyinə həsr edilmiş paradda iştirak etmiş, Prezident seçiləndən sonra ilk rəsmi səfərini daim Azərbaycana gerçəkləşdirmişdir.
Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə türkdilli xalqların inteqrasiyası, o sıradan Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan respublikaları ilə qurulan hərtərəfli əlaqələr xüsusi önəm daşıyır. Türkdilli ölkələrin dövlət başçıları ilə görüşlər, imzalanan bəyannamələr, bağlanan siyasi, iqtisadi, mədəni, hərbi, hüquqi müqavilələr forma və məzmun baxımından mükəmməl və genişdir. Respublika Prezidenti qazax, qırğız və digər türk xalqlarının görkəmli şəxsiyyətlərini qəbul edərək onların fəaliyyətini yüksək qiymətləndirir. 2008-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun Bakıya səfəri çərçivəsində özbək mütəfəkkir-şairi Əlişir Nəvainin Bakıda heykəlinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün və böyük şairimiz Nizami Gəncəvinin heykəlinin Daşkənd şəhərində ucaldılması, görkəmli qazax ziyalısı Oljas Suleymenovu qəbul edərək 75-illik yubileyi münasibəti ilə “Dostluq” ordeni ilə təltif etməsi və digər hadisələr mədəni əlaqələrdə böyük önəm daşıyır.
dtxi-ilya
Azərbaycan Respublikasının dövlət siyasətində türkdilli ölkələr ilə qurulan əlaqələrdə beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyi xüsusi əhəmiyyətə malikdir. Belə ki, beynəlxalq qurum və təşkilatların, konfrans və digər tədbirlər çərçivəsində respublikamız türkdilli xalqlar ilə hərtərəfli və çoxşaxəli əlaqələrin inkişaf etdirilməsində ciddi addımlar atmışdır. Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşləri, xüsusilə 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında gerçəkləşən IX zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında sazişin imzalanması, Naxçıvan bəyannaməsinin qəbulu, 8 sentyabr 2008-ci ildə “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası”, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Təşkilatının fəaliyyətində Azərbaycan dövlətinin və onun Prezidentinin uğurlu siyasi fəaliyyəti türkdilli xalqların inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Türkdilli xalqların inteqrasiyası istiqamətində baş tutan digər bir çox önəmli hadisə – Türkdilli Dövlətlərin Parlament Assambleyasının (Türk PA) təsisi və baş katibliyinin Bakıda yerləşdirilməsidir.
İran İslam Respublikası ilə qarşılıqlı faydalı qonşuluq münasibətlərinin saxlanması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan-İran qarşılıqlı əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir.Müsəlman ölkələri arasında həmrəyliyi və əməkdaşlığı möhkəmlətməyi, sülh şəraitini təmin etməyi, islam mənəvi dəyərlərini, mədəniyyətini, ənənələrini qoruyub saxlamağı və inkişaf etdirməyi rəhbər tutan İslam Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq etmək, onun vasitəsi ilə müsəlman dünyasının haqq işimizdə bizə dəstəyinə nail olmaq prinsipləri xarici siyasətimizin vacib istiqamətidir. İƏT ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək, yeni mərhələyə qədəm qoydu. 2005-ci ildə İƏT-nin Məkkədə keçirilən fövqəladə sammitində Azərbaycan Prezidenti şəxsən iştirak etdi. Onun təşəbbüsü ilə 2006-cı ildə (19-21 iyun) Təşkilata üzv Ölkələrin Xarici İşlər Nazirlərinin XXXIII konfransı Bakıda keçirildi. Bakıda keçirilən İƏT Turizm Nazirlərinin V konfransının (10-11 iyun 2009) nəticəsi olaraq qəbul edilmiş yekun bəyannamədə Ermənistanın Azərbaycana təcavüzü pislənməklə yanaşı, işğal edilmiş ərazilərdə və habelə Ermənistan daxilindəki mədəniyyət və islam abidələrinə qarşı həyata keçirilən vandalizm siyasəti, eləcə də işğal olunmuş ərazilərin təbii resurslarından istifadə edilməsini pisləyən maddələr əksini tapıb.
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti İƏT Parlament İttifaqında müntəzəm iştirak edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təcavüzkarı pisləyən, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən bir sıra qətnamələrin qəbuluna nail olmuşdur.
musa-ilya-1
Keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirmişdir. Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk qrupunun daha nəticə yönümlü fəaliyyəti üçün əsasdır. Azərbaycan öz növbəsində təşkilatın qərarlarının qəbul edilməsində fəal iştirak edir. İslam dövlətlərində baş verən proseslərə münasibətdə konstruktiv mövqe tutur. Təşkilatın bütün tədbirlərində Azərbaycan nümayəndələri birmənalı şəkildə Fələstin xalqının suverenlik hüququnu müdafiə edib, Qüdsdəki islam abidələrinin toxunulmazlığına tərəfdar çıxıb.Azərbaycan İƏT-nın aidiyyəti strukturları ilə də sıx əməkdaşlıq edərək, həmin qurumların işində, eyni zamanda, üzv ölkələrdə keçirilən tədbirlərdə çox yaxından iştirak edir. Bu nöqteyi-nəzərdən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti və onun ISESCO-nun xoşməramlı səfiri təyin edilməsi və təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi diplomu ilə təltif edilməsi təqdirəlayiqdir.
2016-cı ilin aprel ayında Prezident İlham Əliyev İstanbulda İƏT XIII sammitində, 2017-ci ilin sentyabr ayında Astanada İƏT-nin Elm və Texnologiya üzrə I sammitində, həmin il İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısında iştirak və çıxış etmişdir.
Regionda strateji əhəmiyyət daşıyan ərəb ölkələri ilə də ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmaq Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident İlham Əliyev tərəfindən diqqətə alındı. Əlbəttə, regiondakı siyasi durum bu siyasətin taktika və strategiyasını qurmaqda mühüm və başlıca amillərdən biri oldu.Yaxın və Orta Şərq regionundakı bütün ictimai-siyasi ab-havanı müəyyənləşdirən əsas məsələ artıq 70 il davam edən İsrail – ərəb qarşıdurmasıdır. İslam dünyası və İsrail arasındakı gərginliyin hələ də qalması, Fələstin probleminin bu günədək həll olunmaması hər iki tərəfə münasibətdə Azərbaycan Respublikasının həyati maraqlarına cavab verən bir siyasətin aparılmasının vacibliyini göstərir. Bu siyasi xətt konstruktiv olmalı, birtərəfli xarakter daşımamalıdır. Bir tərəfdən İsraillə əlaqələrimizdə ölkəmizdə böyük bir yəhudi icmasının yaşayaraq fəaliyyət göstərdiyini, iqtisadi, mədəni, elmi və hərbi sahələrdə bu ölkə ilə əməkdaşlıq etməyin bizim strateji maraqlarımıza cavab verdiyini nəzərə almalı, digər tərəfdən güclü potensiala malik olan müsəlman aləminə məxsus olmamız, ənənəvi iqtisadi və mədəni əlaqələrimizin mövcudluğu yaddan çıxarılmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət xətti bütün bunları incəlikləri ilə nəzərə aldı. Düzgün ölçülmüş və tarazlaşdırılmış siyasi xəttin nəticəsidir ki, ölkəmiz həm İƏT çərçivəsində böyük müvəffəqiyyətlər qazanmış, həm də İsraillə sabit və konstruktiv əməkdaşlıq edir.
imam-ilya-3
Bu gün Azərbaycanın əksər ərəb dövlətləri ilə (Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Suriya, Qətər, İordaniya və s.) gözəl dostluq və əməkdaşlıq münasibətləri var. Ölkəmizdə bir sıra ərəb ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığı, Misir, BƏƏ, Suriya, İordaniya, Liviya və s. ərəb ölkələrində səfirlikləri var.2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin ərəb ölkələrinə bir sıra rəsmi dövlət səfərləri baş tutdu: 2004-cü ildə Qətərə, 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığına, 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinə, 2007-ci ildə Misir Ərəb Respublikasına və İordaniya Haşimilər Krallığına, 2009-cu ildə Küveytə. 2016-cı ilin fevralında BƏƏ-yə rəsmi səfər etdi. Növbəti ilin fevral ayında Qətər Əmiri Şeyx Təmim əl-Tani Azərbaycana səfər etdi. Aparılmış böyük işlərin, yaradılmış mühüm əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə müsəlman ölkələri Azərbaycanın mövqeyini dəstəkləmişdir.2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmuş, Bakıda IV İslam Həmrəyliyi İdman Oyunları keçirilmişdir. Həmin ilin may ayında dövlətimizin başçısı Ərəb-İslam-Amerika sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına işgüzar səfər etmişdir. ISESCO ilə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir, təşkilatın Baş Katibi Əbduləziz Tuveycri Bakıya müntəzəm səfər edir, burada ən müxtəlif mədəni layihələrin açılışında iştirak edir, ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə müntəzəm görüşlər keçirir, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edir. Son illərdə Bakının, daha sonra Naxçıvanın “İslam mədəniyyəti paytaxtı” elan edilməsi bu əməkdaşlığın bariz nümunəsidir.İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də böyük işlər görülüb. 2017-ci ilin mart ayında Azərbaycan Prezidenti təşkilatın XIII sammitində iştirak etmək üçün Pakistana işgüzar səfər etmişdir.
Çin, Yaponiya, Koreya, Monqolustan, Pakistan, Hindistan, İndoneziya, Malayziya və digər ölkələrlə əlaqələr möhkəmləndirilir, dövlət başçılarının qarşılıqlı səfərləri təşkil olunur, müqavilələr və digər sənədlər imzalanır, müxtəlif sahələrə aid əməkdaşlıq edilir.
Bu gün Azərbaycanın 38 Asiya və 23 Afrika ölkəsi ilə diplomatik əlaqələri var. Bu ölkələrdəki səfirliklərimiz ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edirlər.
Etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan ikitərəfli münasibətlərin fəlsəfəsinə, siyasi, hüquqi çərçivəsinə uyğun olaraq hər bir dövlət ilə olan əlaqələrini üçüncü tərəfə qarşı istifadə etməkdən tamamilə uzaq, xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin etimad və rəğbətini qazanmışdır.Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf olunmalıdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır.
İkitərəfli və çoxtərəfli qaydalar əsasında xarici siyasətimizin coğrafiyasının genişləndirilməsini şərtləndirən vacib amillərdən biri də Azərbaycanın iqtisadi imkanlarının artmasıdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan artıq investisiya qəbul edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir. Yürütdüyü çoxistiqamətli siyasət nəticəsində Azərbaycan bu gün kəsişmə nöqtəsində yerləşdiyi Xəzər, Qara və Aralıq dənizləri hövzələri, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa regionlarının siyasi-iqtisadi proseslərində, onları birləşdirən enerji, nəqliyyat layihələrində yaxından iştirak edir və bir çox hallarda belə layihələrin təşəbbüskarı kimi çıxış edir.
Sülh və təhlükəsizlik sosial-iqtisadi inkişafla bir-birinə sıx bağlıdır. Bu regional məsələlərin həllində sülh və tərəqqi təşviqi baxımdan strateji əhəmiyyət kəsb edir. Azərbaycan regionda sülh və təhlükəsizliyin möhkəm və dayanıqlı olması üçün ciddi addımlar atmışdır və görülən işlər regionun inkişafına və dünya birliyinə inteqrasiyasına öz töhfəsini vermişdir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gətirilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri, eləcə də yaxın vaxtlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, şübhəsiz ki, regionda iqtisadi, sosial inkişafa, ən əsası isə qarşılıqlı inam və faydanın üzərində qurulan uzunmüddətli əməkdaşlığa səbəb olmuşdur. Bu sırada Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələri üzrə əldə edilmiş razılıqlar da qeyd olunmalıdır.
GEVHAR-2
Çoxminillik tarixində multikulturalizm və tolerantlığın nəinki mümkünlüyünü, hətta inkişafını sübut etmiş Azərbaycan bu xüsusda dünya üçün bir örnəkdir. Ona görə də Bakı bu gün sivilizasiyalararası dialoq və multikulturalizm mövzusunda aparılan qlobal müzakirələrin mərkəzinə çevrilmişdir.Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi sayəsində ərsəyə gələn Bakı Humanitar Forumunda hazırlanan tövsiyə və təkliflər multikulturalizmin konseptual inkişafında mühüm rol oynayır, bu tövsiyələr beynəlxalq təşkilatlar, dövlətlər və tədqiqat mərkəzləri tərəfindən ciddi şəkildə öyrənilir, tətbiq edilir. Azərbaycan bu kimi fəaliyyəti ilə milli, dini, mədəni və irqi müxtəliflik şəraitində dünyada sülhün bərqərar olmasına və sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əsaslı töhfəsini verir.Multikulturalizm siyasətimizin tərkib hissəsi kimi Azərbaycan diplomatiyasının yeni istiqamətləri meydana çıxmışdır ki, bu sırada da mədəni və humanitar diplomatiyamız diqqət çəkir. Bu xüsusda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu xüsusilə qeyd edilməlidir. Dünyanın bir sıra ölkələrində Azərbaycan tərəfindən həyata keçirilən humanitar layihələr beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən böyük minnətdarlıqla qarşılanır. Buna nümunə kimi Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistan Qızlar məktəbinin təmiri, Misirdə məktəbin tikintisini qeyd etmək olar. Humanitar diplomatiya siyasətimizin sistemli şəkildə həyata keçirilməsi, qlobal səviyyədə aclıq və yoxsulluğa qarşı mübarizə aparılması, təbii və texnogen fəlakətlərdən əziyyət çəkən dövlətlərə yardım göstərilməsi məqsədilə Xarici İşlər Nazirliyi daxilində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi təsis edilmişdir. BMT-nin müvafiq strukturları, Afrika İttifaqı və İslam Əməkdaşlıq Bankı ilə yaxından əməkdaşlıq edən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Afrika qitəsində, Əfqanıstanda, Fələstində uğurlu humanitar layihələr həyata keçirmişdir və bundan sonra da bu nəcib missiya davam etdiriləcəkdir.
Xarici siyasət daxili siyasətdən doğur və onun məntiqi nəticəsidir. Prezident İlham Əliyevin Şərq siyasətini, o cümlədən, İƏT ilə münasibətdə yeritdiyi siyasəti qısaca da olsa nəzərdən keçirəndə, onun etdiyi səfərləri, reallaşdırdığı görüşləri, verdiyi müsahibələri, bağladığı müqavilələri, ölkə diplomatiyası üçün müəyyənləşdirdiyi istiqamət və prinsipləri təhlil edəndə bir daha bu qənaətə gəlirik ki, Prezidentin apardığı xarici siyasət də daxili siyasət kimi daim bir mərama, bir məqsədə, bir amala xidmət edir – müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemləri həll etmək, xalqımızın dünya xalqları birliyində özünə layiq yer tutmasına nail olmaq.
Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində, zəngin neft-qaz ehtiyatlarına malik olan, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövlət statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq prinsipindən çıxış edir. Bu gün müstəqil Azərbaycan dünyanın əksər ölkələri ilə qarşılıqlı siyasi, iqtisadi, mədəni və digər əlaqələrini inkişaf etdirir. Bu istiqamətdə Şərq ölkələri ilə qurulan əlaqələr, hərtərəfli əməkdaşlıq Azərbaycan Respublikasının dövlətçilik siyasətinin mühüm bir hissəsi kimi daim təkmilləşməkdədir. Bu siyasət milli mənafeni təmin edir, xalqın cari və strateji maraqlarına xidmət edir, ölkəmizin təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.
Ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşdırmışdır. Xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilmişdir. Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı çoxtərəfli və ikitərəfli əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilmişdir.
Əsası ümummilli lider tərəfindən qurulan müstəqil Azərbaycan Respublikasının Şərq siyasəti daim yüksələn xətlə inkişaf edir, xalqımızın haqq səsinin ucaldılmasında və mənafelərinin qorunmasında daha da böyük rol oynayır.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik
Etikxeber.az

Read Previous

Zurabişvili, yoxsa, Vaşadze? – YENİLƏNİB – (1)

Read Next

XİN Zəngilan işğalının 25 illiyi ilə bağlı açıqlama yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir