Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir”.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan hər zaman bir-birilərinə dəstək olub, beynəlxalq təşkilatlarda da bu ölkələrlə bağlı məsələlər müzakirə olunarkən birmənalı və istisnasız olaraq, axıracan bir-birilərinin müdafiəsində dayanıblar.
O, deyib ki, konkret olaraq Pakistanla Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində sərgilədiyi mövqeni misal göstərmək olar.
“Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə həm də Özbəkistanla bir yerdə bu günəcən Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. Onlar nə qədər ki, işğalçı və təcavüzkar Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayıb, o vaxta kimi Ermənistanla diplomatik münasibətlərin mümkünsüz olduğunu bəyan edib və ötən illər ərzində səmimi şəkildə öz bəyanatlarına, öz mövqelərinə sadiqliklərini nümayiş etdiriblər. Eyni zamanda, Pakistan ali qanunverici orqan-parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, daim bu ölkələrin problemlərinə həssas yanaşıb, öz dəstəyini əməli şəkildə ifadə edib. Yəni, fəxr və qürur hissi ilə söyləmək olar ki, bu 3 ölkə arasında olan münasibətlər ən ideal münasibətlərdir və bundan da qazanan yalnız və yalnız bu ölkələrin dost və qardaş xalqlarıdır”-deyən millət vəkilinin sözlərinə görə, bu baxımdan, Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci üçtərəfli görüşü də çox böyük və müstəsna əhəmiyyətə malik olan hadisədir.
E. Səlimovun dediyinə görə, bu görüş regionda, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.
“Bu görüş bu 3 ölkə arasında mövcud olan strateji münasibətlərdə yeni mərhələdir. Bu baxımdan inanıram və qəti əminəm ki, ümumiyyətlə, bu cür görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq daha da möhkəmlənəcək və bu da öz növbəsində regionun inkişafına və təhlükəsizliyinə xidmət edəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Yeri gəlmişkən qeyd edək ki, noyabrın 30-da Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.
Etikxeber.az