“Son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (8)

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Prezident Şavkat Mirziyoyev Azərbaycan əsgərlərini salamladı.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və xanımı Ziroatxon Mirziyoyevaya, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Dövlət başçıları və xanımları birgə foto çəkdirdilər.

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü başlayıb.

17:31

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

19:37

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

19:54

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

  • Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaqlar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik.

İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Özbəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsusilə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə münasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istəyirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişafı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi məndə dərin təəssürat yaratdı.

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşünürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, – ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik.

Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

x x x

Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi:

  • Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığımız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmimi-qəlbdən təşəkkür edirəm.

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstəvidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fikrimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləşdirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür.

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə – Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşılaşan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbəkistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlindən gələni edib.

x x x

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər.

Dövlət başçıları əlavə tapşırıqlar verdilər.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

***

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlhom Maxkamov “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”i imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi”ni imzaladılar.

Qeyd edək ki, səfər çərçivəsində ümumilikdə 20 sənəd imzalanıb.

***

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilir.

19:54

***

Biz bu gün görüşlər və danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlardan sonra mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir.

“Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

21:02

***

Avqustun 22-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib.

Ziyafət zamanı təşkil olunan konsertdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Ziroatxon Mirziyoyeva ilə-GÖRÜŞDÜ – FOTO

Read Next

“Ali Dövlətlərarası Şuranın yaradılması yüksək etimadın göstəricisidir”-ÖZBƏKİSTAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir