“Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən mütləq layiqli cavablarını alacaqlar”-HİKMƏT BABAOĞLU

İşğalçı Ermənistanın ordusunun Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması hərbi cinayətdir. Bu, eyni zamanda, hər nə qədər  ermənilər tərəfindən törədilən hərbi cinayətdirsə, bir o qədər də bu cinayətlərə susanların, Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, beynəlxalq təşkilatların, insan hüquqları müdafiəçisi olan təşkilatların Gəncədə, Naftalanda, Tərtərdə törədilən hərbi cinayətlərə göz yummaları, susqunluq nümayiş etdirmələri erməni terrorçularını belə cinayətləri təkrar etməyə həvəsləndirir:

“Düşünürlər ki, bu cinayət qınanılmayacaq və cəzasız qalacaq. Ona görə də insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır. Gəncəyə və Bərdəyə bu cür hücumlar  hərbi cinayət olmaqla bərabər, həm də dövlət səviyyəsində törədilən terror aktlarıdır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar, çox təəssüf ki, ermənilərin törətdiyi bu cinayətlərə susqunluq nümayiş etdirirlər. Bu, əslində, Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa, bundan sonra müvafiq insan hüquqları institutları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər.

Cəzaya gəldikdə isə Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən terrorçu erməniləri döyüş meydanında layiqincə cəzalandırmağı bacarır. Bərdə şəhərində törədilən cinayətin də qisası artıqlaması ilə alındı və alınacaq. Lakin bu hadisələr bir həqiqəti yenidən ortaya çıxardı ki, özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər, əslində, insan hüquqlarının müdafiəçisi deyil, sadəcə, bu mövzunu əllərində siyasi alətə çevirərək ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizm kimi istifadə edən qurumlardır. Buna görə də Azərbaycan öz ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlər ordumuz tərəfindən  mütləq layiqli cavablarını alacaqlar”.

Etikxeber.az

Read Previous

“Ermənistan qeyri-humanistlik göstərərək 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib”-DÖVLƏT KOMİSSİYASI

Read Next

“Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz BQXK-ya dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir