Azərbaycanda da din xadimlərinə rəsmi nikah kəsmək hüququ verilə bilərmi?

Sahib Alıyev: “Din xadimləri dövlət adından rəsmi sənəd verə bilməzlər”
Fazil Mustafa: “Azərbaycanda bu funksiyanın dövlət qulluqçusu olmayan dindar şəxslərə verilməsi Konstitusiyamıza və dünyəvi dövlət modelimizə zidd olardı”
Zahid Oruc: “Dini nikahları tamamilə ləğv etmək nə qədər çətin olsa da, ona icazə hüququnun verilməsi məqbul deyil”
nikah-1
Türkiyədə din xadimlərinə-müftilərə rəsmi nikah hüququ verilməsi nəzərdə tutulur. Yəni, bu günə qədər dini kəbin (molla kəbini) kəsməklə məşğul olan və fəaliyyəti bununla məhdudlaşan din xadimləri bundan sonra rəsmi dövlət orqanları kimi, rəsmi nikah kəsmək hüququ da əldə edə bilərlər. Qeyd edək ki, bu təklif iqtidar partiyası olan AKP tərəfindən gəlib və adıçəkilən partiyanın genəl başqanı-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib. “İstəsəniz də, istəməsəniz də bu məsələ reallaşacaq”-deyə, Ərdoğan bəyan edib. Adıçəkilən məsələnin yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisində (TBMM) də müzakirələrə çıxarılacağı və qəbul olunacağı gözlənilir. Amma bu təklif Türkiyədə bir sıra siyasi qüvvələr, o cümlədən, “ana müxalifət” partiyası olan CXP tərəfindən ciddi narazılıq və kəskin etirazla qarşılanmaqdadır. CXP və CXP rəsmiləri bu məsələnin Türkiyənin Konstitusiyasına, dünyəvilik prispinlərinə uyğun gəlmədiyini bildirirlər. Onların fikrincə, bu məsələ reallaşarsa, Türkiyədə o zaman çoxarvadlılıq, qızların erkən nikahlara məcbur edilməsi, xüsusilə, erkən nikahlar adı altında gənc qızların cinsi istismara məruz qoyulması halları arta və sürətlənə bilər. Ona görə də CXP-lilər bu təklifin qəbuledilməz olduğunu, onun qəbuluna var gücləri ilə manecilik törədəcəklərini vurğulayırlar.
Bəs görəsən, qardaş və dost Türkiyədə sözügedən məsələ öz müsbət həllini taparsa, gələcəkdə Azərbaycanda da reallaşa bilərmi? Daha doğrusu, din xadimlərinə-axundlara (mollalara) dini kəbin kəsməklə yanaşı, rəsmi nikah hüququ da verilə bilərmi? Və bu zaman cəmiyyətdə hansı fəsadlar yaşanar?
sahib_aliyev_054_436
Bununla bağlı Etikxeber.az-a açıqlamasında millət vəkili Sahib Alıyev öncə bildirib ki, rəsmi nikah deyiləndə dövlət orqanının təsdiqlədiyi nikah nəzərdə tutulur.
“Azərbaycanda isə din dövlətdən ayrıdır və bu üzdən də din xadimləri dövlət adından rəsmi sənəd verə bilməzlər…”-deyə, millət vəkili sonra qeyd edib.
fazil-mustafa
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Musatafa hesab edir ki, vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı.
“Türkiyədəki müftilərə hansı səbəbdən bu hüququin verilməsini bilmirəm. Əgər onların bir qismi dövlət məmuru sifəti ilə belə bir funksiyanı gürçəkləşdirirlərsə, o zaman bu nikahın dövlət adından rəsmiləşdirilməsi deməkdir və burada narahatedici hansısa məqam olmaz. Ancaq dövlət qulluqçusu sayılmayan din xadimi tərəfindən bu nikah rəsmiləşdirilirsə, əlbəttə ki, laiklik- dünyəvilik prinsiplərinə zidd addım sayılacaq. Azərbaycanda bu funksiyanın dövlət qulluqçusu olmayan dindar şəxslərə verilməsi Konstitusiyamıza və dünyəvi dövlət modelimizə zidd olardı. Mövcud vəziyyət fikrimcə daha qaneedicidir və vətəndaşın nikahına əksəriyyəti sağlam düşüncə daşıyıcısı olmayan din adamlarını qarışdırmaq yanlış addım olardı”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
***
zahid_oruc_esas
Zahid Oruc: “Mülkiyyət münasibətlərindən tutmuş, sağlamlıq,vəzifə və imtiyazlar,bir sözlə mənəvi-maddi şərait yalnız qanunlar vasitəsilə çözülə bilər”
“Dini nikah ənənəsi min illər ərzində formalaşıb. İnsanlar ilahi izdivaca daxil olduqlarını bu yolla rəsmiləşdirməyə çalışıblar. Xüsusilə də dövlət anlayışının və hüquq normalarının formalaşmadığı orta əsrlərdə Şərqin ailə modeli başqa cür təsəvvür oluna bilməzdi. Lakin müasir dövrdə vəziyyət köklü şəkildə dəyişib. Çünki mülkiyyət münasibətlərindən tutmuş, sağlamlıq,vəzifə və imtiyazlar,bir sözlə mənəvi-maddi şərait yalnız qanunlar vasitəsilə çözülə bilər”.
Bu fikirlər isə millət vəkili Zahid Oruca məxsusdur.
O, qeyd edib ki, digər tərəfdən,gizli izdivaclar və molla kəbini sabit ailə quruluşlarını təhdid edir. Belə cütlüklərdən doğulan uşaqların taleyi çox vaxt ortada qalır.
“Ona görə də cəmiyyətdə etiraz səsləri eşidilməyə başladı ki, din hər kəsin fərdi inanc hadisəsi olmaqdan çıxıb da, arbitr rolunu oynamağa qərar verəndə günahkar duruma düşür və ailənin də, dövlətin də şəkli dəyişir. Axı, şəriət qanunları ilə sivil normaları uzlaşdırmaq qeyri-mümkündür. Ona görə də dini nikahları tamamilə ləğv etmək nə qədər çətin olsa da, ona icazə hüququnun verilməsi məqbul deyil”-deyə, millət vəkili vurğulayıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Sarkisyan adətinə uyğun olaraq, əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır” – PA RƏSMİSİ

Read Next

“Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə…” – HİKMƏT BABAOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir