Azərbaycanda hərbi vəziyyət-ELAN OLUNDU – FƏRMAN – YENİLƏNİB

Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub.

Etikxeber.az məlumat verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi qərar Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.

Prezidentin köməkçisi deyib ki, hərbi vəziyyətlə əlaqədar bir neçə bölgədə – Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saat elan olunub.

Komendant saat dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan bayıra çıxması qadağan edilib.

Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb. Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək.

Müvafiq icazələrin alınması “ASAN Xidmət” mərkəzlərindən və Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək.

“Azərbaycan Prezidentinin də dediyi kimi, Qarabağ Azərbaycanındır və nida işarəsi”-deyə, H. Hacıyev sonra bildirib.

18:50

***

Hərbi vəziyyət elan edilməsi haqqında Fərman-TAM MƏTN:

“2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndini və 111-ci maddəsini rəhbər tutaraq qərara alıram:

1. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilsin.

2. Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilsin.

3. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilsin. Komendant saatının tətbiq edildiyi ərazilərdə:

3.1. şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin;

3.2. xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülsün.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi komendant saatının tətbiqindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Hərbi vəziyyət dövründə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tətbiq edilsin.

6. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin”.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq Ermənistan ordusunun genişmiqyaslı təxribatları ilə bağlı-YENİ MƏLUMAT YAYDI, YARALILARIMIZIN SAYI 19-A ÇATDI – YENİLƏNİB

Read Next

“Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun bir daha şanlı tarix yazacağına əminik”-ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir