“Azərbaycanın bütün hərbi strukturu müharibə etmək üçün hazırdır”-BİR QRUP DEPUTAT TOVUZDA OLDU – FOTOLAR – YENİLƏNİB

Elnur Allahverdiyev: “Bu Xalq və Ordu işğalda olan torpaqlarımızı son qarışadək qaytarmağa qadirdir və qaytaracaq!”

Bir qrup deputatla Tovuz rayonuna gəldik. Həmkarımız Qənirə xanım Paşayeva ilə Tovuz və Aqstafa rayonlarında şəhid ailələrini ziyarət etdik. Hər bir yerdə Parlamentin sədri Sahibə xanım Qafarovanın və rəhbərliyin razılığı ilə gəldiyimizi bildirdik və xanım sədrin və rəhbərliyin başsağlığını çatdırdıq. Tovuzun Ağdam kəndində olduq. Qəhrəman insanları gördük. Tovuzun icra başçısı Məmməd Məmmədov bizi bütün yerlərə müşaiyət etdi. Sağ olsun. Aqstafa icra başçısı Seymur Orucovla söhbətləşdik. Dörd şəhid ailəsini ziyarət etmək üçün imkanlar yaratdı. Sağ olsun.

Etikxeber.az xəbər verir ki, bu haqda millət vəkili Razi Nurullayev deyib.

“Səfərdə iştirak edən hər bir deputat – Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev, Vüqar İsgəndərov, Soltan Məmmədov, Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev şəhid ailələrinə təsəlli verdilər və dövlətin hər zaman onların yanında olduqlarını dedilər.Bacımız və həmkarımız Qənirə xanıma sağ ol deyirik ki, gecə-gündüz buradadır və qadınlığına baxmayaraq cəsarət və mətanətlə vətəndaşların, hərbiçilərin arasındadır. Hərbi hospitalı da ziyarət edib şərait ilə tanış olacağıq”-deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanın bütün hərbi strukturu müharibə etmək üçün də hazırdır:

“İstər hərbi texnika, istərsə canlı qüvvə, istərsə də hərbi qospital və xəstəxanalar baxımından. Qoy Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib və şəhidlərin qanını yerdə qoymayıb və qoymayacaq”.

16:14

***

“Bu gün bir qrup həmkarımızla son bir həftədir hər bir azərbaycanlının ürəyinin döyündüyü Tovuzda olduq, döyüşlərin getdiyi kəndlərə baş çəkdik, camaatımızla görüşdük. Mətin ordumuzun qəhrəman zabit və əsgərlərinin Vətənin keşiyində möhkəm dayandıqlarının şahidi olduq. Əmin olun: bu Xalq və Ordu işğalda olan torpaqlarımızı son qarışadək qaytarmağa qadirdir və qaytaracaq!”

Bunu isə digər millət vəkili Elnur Allahverdiyev dilə gətirib.

O, sonra deyib:

“Tovuzun Ağdam kəndində şəhidimiz Elşad Məmmədov və Cəlilli kəndində şəhid İlqar Zeynallının məzarlarını ziyarət etdik. Ağstafanın Kolxəlfəli kəndində şəhidimiz Nazim İsmayılovun, Yuxarı Göycəli kəndində şəhid Vüqar Sadıqovun, Həsənsu kəndində şəhid Elçin Mustafazadənin, Qoçəsgər kəndində şəhid Yaşar Babayevin hüzn mərasimlərində olduq. Milli Məclisin Sədri və deputatları adından başsağlığı verdik. Allah şəhidlərimizə rəhmət etsin!Son günlər xalqımız inanılmaz birlik, həmrəylik içindədir. Dəyərli seçicilərim, burada da yerli camaatın necə ruh yüksəkliyində olduğunun şahidinə çevrildik. Camaatımız ön xəttdə müzəffər ordusunun, arxasında isə güclü dövlətinin olduğunu yaxşı bilir. Mənfur düşmənin ən çox qorxduğu da bizim bu birliyimizdir!Bizim ürəyimiz ordumuzla vurur. Silahlı Qüvvələrimizə inamımız sonsuzdur. Bu Ordu qələbə Ordusudur”

Etikxeber.az

Read Previous

“Tanrı peşəmizə, dövlət və xalqımıza olan sevgimizi sarsıtmasın…”-TANINMIŞ JURNALİST YAZIR

Read Next

“Gələcəyin əsgəri olan 10 aylıq Həsən “qurdağızlıq” problemindən əziyyət çəkirdi, körpənin taleyi bizi narahat etməyə bilməzdi…”-BƏHRUZ MƏHƏRRƏMOV HƏKİMLƏRƏ MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir