Azərbaycanın hər bir uğuru Türkiyəni çox sevindirir – İSMƏT UÇMA

Oktyabrın 31-də Milli Məclisdə (MM)Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının altıncı iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin üzvü, komissiyanın sədri İsmət Uçmanın sədrlik etdiyi iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak ediblər.

ismett

İ. Uçma Azərbaycanın müstəqillik tarixindən söz açaraq, bildirib ki, 1918-ci ildə böyük mübarizə nəticəsində qardaş Azərbaycan öz müstəqilliyini elan edərək demokratik dövlət yaradıb:

“Cəmi 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edib. Azərbaycan nadir maddi-mənəvi nemətləri, insan qaynaqları, yeraltı və yerüstü sərvətləri, əldə etdiyi nailiyyətlərlə dünyanın əhəmiyyətli ölkəsinə çevrilib. Azərbaycanın hər bir uğuru Türkiyəni çox sevindirir və bir qardaş ölkə kimi daim onun yanındadır”.

İ. Uçma sonra qeyd edib ki, türkdilli ölkələr öz aralarında sosial, siyasi, iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirərək dünyaya bir nümunə göstərəcəklər: “Keçən 10 il ərzində TürkPA üzvləri tərəfindən bir çox uğurlara imza atılıb. Keçirilən toplantılar, müxtəlif mövzulardakı konfranslar, təcrübə mübadiləsi sayəsində qardaş ölkələrimiz arasında parlament səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsi çox əhəmiyyətlidir. Bu il noyabrın 20-də İzmirdə TürkPA-nın 10 illiyi qeyd ediləcək. Ümid edirəm ki, 10 il ərzində gördüyümüz işlər gələcək üçün yol xəritəsi ola biləcək”.

Sonra millət vəkili Cavanşir Feyziyev gündəlikdəki məsələlərlə bağlı fikirlərini səsləndirərək, bildirib ki, son 3 il ərzində keçirilən toplantılar çox önəmli və faydalıdır: “TürkPA-nın fəaliyyətdə olduğu 10 il ərzində ortaya türk dünyası üçün əhəmiyyətli olan çox böyük işlər qoyulub. Bütün bunlar təqdirəlayiqdir və gələcək üçün böyük vədlər verən fəaliyyətdir”.

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov İslam dünyasında ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə xalqımıza təbriklərini çatdırıb. Cari ilin önəmli tarixlərlə zəngin olduğunu deyən A. Mamayusupov bildirib ki, Qazaxıstanda da Astana şəhərinin qurulmasının 20, qazax ədəbiyyatının məşhur və önəmli şairlərindən biri Maqcan Cumabayevin 125 illiyi, Qırğızıstanda isə türk dünyasını və mədəniyyətini dünyaya tanıtdıran böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi ilə bağlı tədbirlər keçirilir.

İclasda “TürkPA katibliyinin Maliyyə Əsasnaməsi”, “TürkPA-nın Göstərdiyi Xidmətə görə Medalları və Medal Vəsiqələrinin Əsasnaməsi”, “2017-ci il üçün TürkPA katibliyinin icrasının illik auditi”, “TürkPA-ya üzv dövlətlərin terrorizmə qarşı mübarizə haqqında qanunvericiliyə dair ortaq mövqeyinin müəyyənləşdiriməsi üzrə hesabat məruzəsi” layihələri ətraflı müzakirə edilib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

AZƏRBAYCAN GÜRCÜSTANDA KİMİ PREZİDENT GÖRMƏK İSTƏYİR? – Baxış

Read Next

Prezident Mikayıl Müşfiqlə bağlı məsələni şəxsi nəzarətinə götürdü – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir