Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim”
Dövlət başçısının apardığı islahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifah halını daha da yaxşılaşdıracaq
Son illər dünyada baş verən hadisələr bir daha təsdiqləyir ki, maliyyə və iqtisadi böhran, qarşıdurmalar, münaqişələr hələ də davam edir. Hətta uzun illərin demokratik təcrübəsinə malik olan dövlətlərdəki etiraz aksiyaları və bu aksiyaların qarşısının qeyri-sivil yollarla alınması prosesi ilə tez-tez qarşılaşırıq.
Xeyli vaxtdır ki, Fransada davam edən etiraz aksiyaları, polislə qarşıdurma atrıq beynəlxalq ictimiyyəti də narahat edir. Belə hallar insan hüquq və azadlıqlarının pozulmasının bariz nümunəsidir. Halbuki, həmin ölkələr digər müstəqil dövlətlərə “demokratiya dərsi” keçir, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər.
Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən hadisələr bizim də ölkəmizdən yan keçmir. Ancaq dövlət başçısının düşünülmüş məntiqli siyasi kursu, aparılan islahatlar ölkəmizi gözlənilən bəlalardan xilas edir. Cənab Prezidentin yeni idarəçilik sisteminin tətbiqində israrlı olması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini daha da möhkəmləndirir. Yeni idarəçilik sistemi, aparılan struktur islahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir .
Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlarda, xüsusilə yeni idarəçilik sisteminin tətbiqində əsas məqsəd Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsidir. İdarəetmə sistemində aparılan islahatlar mövcud situasiyaya uyğun olaraq həyata keçirilir. Yeni idarəetmə məhdud resurslardan istifadə etməklə maksimum nəticəyə nail olmaq imkanlarını yaradacaq, paralel strukturların aradan qaldırılması və onların yenidən təşkili dövlət idarəçiliyinin daha da müasirləşdirilməsində böyük rol oynayacaq. Cənab Prezident İlham Əliyev millətini düşünən əsl dövlət xadimi olaraq fəaliyyətini U.Çörçilin təbirincə desək, gələcək seçkilərə deyil, gələcək nəsillərə yönəltmiş, Azərbaycanın mənafeyinə uyğun populizm və demoqogiyadan uzaq real siyasət yürütməkdədir.
Dövlət başçısının 2019-cu il yanvarın 14-də struktur islahatları istiqamətində mühüm qərarlar qəbul etməsinin prioritetini idarəetmədə modernləşmə, beynəlxalq aləmə inteqrasiya təşkil edir. Bu islahatlar dünyanın tanınmış ekspertləri tərəfindən də yüksək dəyərləndirilirb . Qürur hissi ilə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar respublikamıza “dünyada ən islahatçı” ölkə imici qazandırıb.
Dövlət başçısı da bildirib ki, struktur islahatları əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsirini göstərəcək. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə möhtərəm Prezidentimizin qayğısını bir daha təsdiq edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin – DOST Agentliyinin yaradılması rəğbətlə qarşılanıb. Bu agentliyin yaradılmasında əsas məqsəd əhalinin məşğulluğunun təmin olunması, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ yanaşmanın tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır.
Ölkə başçısının islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə diqqəti cəlb edir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır. Artıq bu layihə uğurla icra olunur. Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsi istiqamətində ciddi addımlar atılıb. Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları, artıq həyat qaynayan Cocuq Mərcanlı kəndi üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daha da güclənməsinə ciddi stimul verib.
Əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan bu layihə hazırda 76 şəhər və rayonu əhatə edir. Yüzlərlə işsiz və işaxtaran şəxs özünəməşğulluq proqramına cəlb olunub. Belə islahatlar ünvanlı sosial yardımın verilməsində, şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsində və digər sahələrdə özünü büruzə verir.
Yeri gəlmişkən, qeyd edək ki, bu il yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələrinin bütün vərəsələrinə, o cümlədən Daxili İşlər Nazirliyinin döyüşlərdə həlak olan əməkdaşlarının vərəsələsinə birdəfəlik ödəmələrin verilməsini əhatə edən əlavə fərman imzalaması aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atdığı daha bir qətiyyətli addımdır. Dövlətimizin başçısı şəhid ailələri ilə görüşdə deyib ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılıb, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq, yeni fərman imzalayıb və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayı artıb.
Düşünülmüş siyasi kurs ölkəmizi kosmik dövlətə çevirib və artıq bizim üç peykimiz var. Əlbəttə, biz bununla qürur duyuruq. Azərbaycan kosmik kluba daxil olan nadir ölkələrdəndir. Bu, həm innovasiya, həm biznes, həm də müasirlikdir. İnnovasiyalardan söhbət düşəndə, bu gün dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mütləq qeyd edilməlidir. Hazırda ölkəmizdə on beş “ASAN xidmət” mərkəzi yaradılıb və onların sayının 20-yə çatdırılması nəzərdə tutulub. Bu mərkəzlərə milyonlarla insanın müraciət etməsi xidmətin yüksək səviyyədə olmasının nəticəsidir. “ASAN xidmət”də iki yüzdən çox tam şəffaf xidmət göstərilir. “ASAN xidmət”in yaradılması və uğurlu fəaliyyəti bizim siyasətimizin növbəti uğurudur. Dövlət başçısı həmişə bildirib ki, Azərbaycanda hər şey şəffaf və qanun çərçivəsində olmalıdır. Bu, bir daha onu göstərir ki, vətəndaşlara xidmət bizim siyasətimizin əsasını təşkil edir. Onların rifah halının yaxşılaşdırılması dövlət siyasətinin prioritetidir.
Möhtərəm Prezidentimizin Gənclər Günü ilə əlaqədər keçirdiyi görüşdə bir daha bəlli oldu ki, o, yeniliyin tərəfdarıdır, ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, onların qaldırdıqları zəruri məsələlər dərhal öz həllini tapır. Məsələn, gənc blogger Mehman Hüseynov ona qarşı açılmış yeni cinayət işi ilə bağlı dövlət başçısına müraciət etdi. Ölkə başçısı məsələyə dərhal münasibət bildirdi və tövsiyələrini verdi. Bundan sonra Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.
Ölkə başçısının humanizm prinsiplərinə sadiqliyi, insanlara diqqət və qayğısı son vaxtlar keçirdiyi tədbir və görüşlərdə özünü bir daha aydın şəkildə büruzə verib. İstər şəhid ailələri ilə görüşdə, istərsə gənclərin təltif edilməsi mərasimində, istərsə də Şamaxıda baş vermiş zəlzələdə ziyançəkən vətəndaşlarla görüşdə Cənab Prezidentin səmimi və isti münasibəti, onların problemini öz şəxsi problemi kimi qəbul etməsi özünün də qeyd etdiyi kimi onun hər bir azərbaycanlının prezidenti olduğunun əyani sübutudur.
Cənab Prezident bütün bunların xalqa xidmətin nümunəsi olduğunu bildirib və deyib: “Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam”.
Mehdi ABDULLAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru, hüquq üzrə elmlər doktoru
Etikixeber.az