Azərbaycanla Avropa İttifaqı arasında “Maliyyələşdirmə Sazişi” imzalandı

Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 milyon avro dəyərində “Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb.

Saziş iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşündə imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, sazişdə Tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.

Görüşdə Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev 1996-cı ildən başlanmış əməkdaşlığın enerji, investisiya, ticarət və s. sahələri əhatə etdiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib. Bu layihə çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35 faizi Avropa İttifaqı ölkələrinin payına düşür.

Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə icra olunur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb.

Bu ilin mayında Bakıda keçirilmiş Azərbaycan-Avropa İttifaqı biznes forumunu xatırladan nazir Şahin Mustafayev investorların iştirakı ilə keçirilən belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri  Malena Mard Avropa İttifaqı-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirərək, Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Komitə sədri: Əmək pensiyasına görə staj müddəti artırıla bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir