“Azərbaycanla Türkiyə arasında cəmiyyətlərarası səviyyədə də çox yaxşı münasibətlər mövcuddur” – KÜRKÇÜ

 

Xəbər verildiyi kimi, bugünlərdə Bakıda-Milli Məclisdə (MM) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin üçgünlük iclası keçirildi. İclasda iştirak edənlər arasında Türkiyədən olan millət vəkili Ərtoğrul Kürkçü də vardı. Qeyd edək ki, Ə. Kürkçü Türkiyə və Azərbaycan cəmiyyətində terrorçu PKK-nın siyasi uzantısı (qanadı) hesab edilən HDP-nin əski eşbaşqanı (həmsədri), hazırda isə həmin partiyanın İzmir millət vəkilidir. Bu səbəbdən Kürkçüyə bir neçə sualla – o cümlədən, PKK, PYD (YPG) mövzusunda – müraciət etməyi lazım bildik.

Etikxeber.az Ə. Kürkçünün müsahibəsini təqdim edir:

“HDP-nin Azərbaycanda yaxın təmas qura biləcəyi həmsöhbəti yoxdur…”

-Sayın Kürkçü,  Azərbaycan-Türkiyə münasibətlərinini indiki durumunu necə qiymətləndirirsiniz?

– Doğrusu, Azərbaycanla Türkiyə arasında sadəcə, hökumətlərarası yox, cəmiyyətlərarası səviyyədə də çox yaxşı münasibətlər mövcuddur. Bu iki ölkə bir-birini qarşılıqlı olaraq yaxşı tanıyırlar və bir-birinin tarixinə və siyasətinə heç də nabələd deyillər. Ancaq mən son illərdə, məsələn, Sovetlər İttfaqından ayrıldığı illərdə mövcud olan yaxın siyasi təmas və ortaqlıq havası görmürəm. Bəlkə bu mətbuatda öz əksini tapmır, bəlkə əvvəlki kimi mətbuatı maraqlandırmır. Amma ümumi olaraq, mən müəyyən durğunluq müşahidə edirəm. Bu münasibətlər durğun olmasa nə ola bilər? Məsələn, mən jurnalistlərlə jurnalistlər arasında, gənclik qrupları arasında, siyasi partiyalar arasında daha yaxın siyasi təmas, anlaşma, bir-birini yaxından tanıma mərhələsinin yaranmasını çox istərdim. Doğrusu, biz Türkiyə Böyük Millət Məclisində (TBMM) üçüncü böyük partiyayıq. Türkiyənin ən önəmli müxalifət partiyasıyıq. Amma bizim Azərbaycanda bu mənada, yaxın təmas qura biləcəyimiz həmsöhbətimiz yoxdur. Yəni, siyasi partiyalar arası münasibətlər baxımından mən bu əlaqələrin inkişaf etməsini çox istərdim…

– Siz bir müddət əvvəl HDP-nin həmsədri olmusunuz…

– Bəli…

“Biz Türkiyə Böyük Millət Məclisində nə danışırıqsa, küçədə də onu danışırıq…”

– Bu gün sizin partiyanın bir çox simaları həbsdədir. Yəni, onlar qanlı terror təşkilatı olan PKK-ya xidmət etməkdə, onlarla daim işbirliyi içində olmaqda, terror propoqandası aparmaqda günahlandırılırlar və sairə Sizin bu məsələyə münasibətiniz necədir?

– Mən bu ittihamların hamısının uydurma olduğunu bildirmək istəyirəm. Çünki mənim vəziyyətim onlardan elə də fərqlənmir. Yəni, bu gün mənim həbsdə olmamağımın səbəbi bütün millət vəkillərinin eyni anda həbsxanaya salınmasının çox ayıb və cəfəng görünə biləcəyidir. Həmsədrlərimiz və bəzi millət vəkillərimiz bu baxımdan seçilərək həbsxanaya salınıblar. Bu, Türkiyədəki antiterror qanunlarının çox mücərrəd olması ilə əlaqədardır. Bütün bu ittihamlar əslində xalq qarşısında, auditoriya qarşısında edilən çıxışlarla əlaqədardır. Və millət vəkilin toxunulmazlıq mandatı və bu kimi həbslər bir-biri ilə ziddiyyət təşkil edir. Çünki biz Türkiyə Böyük Millət Məclisində nə danışırıqsa, küçədə də onu danışırıq.

Bəli, bilirik, bizim bu söhbətləşmələrimiz Türkiyə hökumətinin xoşuna gəlmir. Amma bir məsələ də var ki, müxalifət xoşa gəlmək üçün mövcud deyil. Müxalifət iqtidarın xoşuna gəlməyən məsələləri müzakirə etmək üçündür. Dolayısı ilə, yoldaşlarımızın və partiyamızın şiddəti təqdir edən hər hansı bir bəyanatı yoxdur. Amma hökumətin Türkiyə siyasətini təqdir etmədiyimizə dair bəyanatımız var. Bu baxımdan, mən də bu səbəbə görə sabah-birigün həbs olunsam, bu ,hüquqi yox, siyasi addım olar.

“Bizim PKK ilə, yaxud başqa siyasi təşkilatlarla yox, kürd xalqı ilə, kürd xalqının daha geniş hüquqlar, demokratiya və azadlıqlar istəyən təbəqələri ilə əlaqəmiz var…”

Türkiyə cəmiyyətində də, Azərbaycan cəmiyyətində də belə bir haqlı fikir mövcuddur ki, əgər HDP PKK ilə, PYD ilə münasibətlərdə araya müəyyən bir məsafə qoyarsa, Öcalandan əl çəkərsə, onları terrorçu kimi tanıdığını bəyan edərsə, o zaman onun səmimiyyətinə inanmaq olar…

– İndi bu məsələni şərh edərkən, mən məsafə qoymaq deyiləndə nəyin nəzərdə tutulduğunu anlamaqda çətinlik çəkirəm. Çünki bizim PKK ilə, yaxud başqa siyasi təşkilatlarla yox, kürd xalqı ilə, kürd xalqının daha geniş hüquqlar, demokratiya və azadlıqlar istəyən təbəqələri ilə əlaqəmiz var. Onlar bizim seçicilərimizdir. O seçicilərimizin bəzi övladları Məclisdədirsə, bəzi övladları da dağdadır. “Kürdüstan”da davam edən bu mücadilə çox dərin və komplekslidir, ona görə də, məncə, əsas məsələ kürd xalqı ilə aramıza heç bir məsafə qoymamaqdır. Məncə, bizim qəbahətli kimi göründüyümz məsələ kürd xalqının hüquqlarının olduğunu iddia etməyimizdir. Fikrimcə, bu, doğru bir yanaşma deyil.

Çünki hər xalqın öz ana dilində, öz mədəniyyətində, öz tarixində özünü ifadə etmək haqqı var və Türkiyədəki bu problemin əsas mənbəyi də elə budur. Çünki əgər PKK məsələsi sadəcə, bəsit bir terrorizm problemi olsaydı, o, polisin gördüyü tədbirlərlə aradan qaldırıla bilərdi. Qırx ildir davam edən bu məsələnin xalq hərəkatı ilə əlaqədar olduğunu düşünmək lazımdır. Yoxsa ki, biz şiddətin tərəfdarı olduğumuzu heç bir vaxt bəyan etməmişik. Ancaq şiddətin səbəblərini anlamağımızın vacib olduğu ilə əlaqədar məsələdə öz fikrimizdə qalmağa qətiyyətlə davam edəcəyik.

– Siz özünüz şəxsən PKK-nı və ya PYD-ni terrorçu təşkilat hesad edirsinizmi, ya yox?

– Biz məsələni bu terminlərlə dəyərləndirmirik. Onları silahlı mücadilə aparan siyasi təşkilatlar olaraq görürük.

“Türkiyə konstitusion rejiminin legitim olduğunu qəbul etdiyimizi bəyan etmişik”

– Bəs HDP bu gün Türkiyənin ərazi bütövlüyünü, onun sərhədlərin toxunulmazlığını, vahidliyini qəbul edirmi?

– Şübhəsiz, Türkiyə konstitusion rejiminin legitim olduğunu qəbul etdiyimizi bəyan etmişik. Axtardığımız həll yolları məhz bu rejim çərçivəsindədir. Ancaq Türkiyənin idarəçilik rejimində hər gün yeni dəyişikliklər aparıla bilər. Məsələn, baxın, dünən parlamentar rejimdə idik, Türkiyə ölkədə keçirilən xalq referendumu əsasında prezidentlik rejiminə doğru yönəldi. Bu gün mərkəzləşmiş idarəçilik mövcuddur. Səhərisi gün bunun muxtar idarəçilik qurumlarından ibarət idarəçiliyə çevrilməsinin qarşısında heç bir maneə yoxdur. Ancaq bizim müzakirələrimiz Türkiyənin siyasi sərhədləri, coğrafi sərhədləri ilə əlaqədar deyil. Bu sərhədlər daxilində yerli idarəçiliklərin xalq cəmiyyətlərinin mərkəzdən daha çox muxtariyyət əldə etməsi və öz qərarlarını  özlərinin qəbul etməsi ilə əlaqədardır….

 

– Bu gün Türkiyənin həm siyasətində, həm mətbuatında, həm dizi, həm biznes sektorunda kürd əsilli insanlar çoxluq təşkil edir və onların hər hansı fəaliyyətlə məşğul olması üçün də hər hansı problem yoxdur. Bəs niyə PKK, PYD, HDP daima problem axtarışındadır?

– PKK ilə bağlı məsələləri PKK -lılarla danışsanız daha yaxşı olar. Amma bizim problemdən, bizim problem saydığımız məsələdən söz açmalı olsaq, biz ümumiyyətlə təkcə kürdlərin hüquqlarından bəhs etmirik, ümumilikdə bütün Türkiyə Respublikasındakı yurddaşların əslində sahib olduqları hüquq və azadlıqlara yetərli qədər sahib olmadıqlarını düşünürük. İkincisi, Türkiyədə çox müxtəlif əsillilərə və müxtəlif dil qruplarına mənsub olan çeşidli etnik qruplar var. Lakin Türkiyədə bu milli mənsubiyyət və dil haqqları, məsələn, bizim bu gün üzvü olduğumuz Avropa Şurasına üzv olan digər ölkələrdə olduğu kimi, qorunmur və inkişaf etdirilmir. Türkiyədə çoxsaylı və güclü kürd milləti var. İddiamız o deyil ki, insanlar kürd doğulduqlarına görə zülm çəkirlər. Biz onu deyirik ki, insanlar kürd və ya ərəb olduqları, yaxud, çərkəz olduqları üçün öz ana dillərində özlərini təkmilləşdirmək hüququna malik deyillər və bu bərabərsizlik, bu haqsızlıq bu inkişafın qarşısında duran maneədir. Biz bunun aradan qaldırılmasını və əsasən Avropa Şurasındakı muxtar mənsubiyyət haqqlarının Türkiyədə də tətbiq olunmasını istəyirik.

Etikxeber.az

 

Read Previous

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlandı…

Read Next

“I vitse-prezidentin köməkçisi vəzifəsinin qarşıma çox vacib öhdəliklər və məsuliyyət qoyduğunu yaxşı anlayıram…” – YUSUF MƏMMƏDƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir