“AZƏRBAYCANLI ARZUSU” İLƏ… – Deputatın yazısı

Siz “azərbaycanlı arzusu”nun nədən ibarət olduğu üzərində dərindən düşünmüsüzmü?

Deyəcəksiz ki,bir milləti vahid istək ətrafında necə birləşdirmək olar? Doğrudur.Ancaq nəinki rəsmi, eləcə də adi diskussiyalarımızda biz gələcəyə inam yaratmaq üçün hamımızın müxtəlif niyyət və xəyallarından bəhs edirik. Lakin heç zaman onları istedadlı bir rəssamın əli ilə vahid tabloya çevirmirik, yaxud, siyasətçinin qələmi ilə proqramlaşdırmırıq. Çünki müstəqllikdən sonra qapalı bir ölkədən çıxıb dünya sakininə çevrildiyimizdən idxal elədiyimiz texnologiyalar, maşınlar, avadanlıqlar kimi sabahkı məqsədlərimizin də kənardan diqtə olunacağını düşünürük.

Hər halda gəlin heç olmasa bir dəfə yüksək materiyaları bir kənara qoyaq.Demokratiya, azadlıq, bərabərlik və qardaşlıq şüarları hər millətin çatmaq istədiyi ali dəyərlərdir.Özü də 90-cı illərdən sonra kommunist partiyalarını yıxan xalqların hamısı Qərbin siyasi təşkilatlarının dəbdəbəli və pafoslu məramnamələrini özlərinin konstitusiyası elan edərək,dünənki qardaş və bacılarının adi həyat duyğularına qulaq verməyi,onların qəlbinin səsini dinləməyi özlərinə sığışdırmırlar.Ona görə də Azərbaycanın siyasi vitrinində yer alan partiyaların hamısı sanki vahid bir dəzgahın məhsuludular və süni plantasiyalarda bəslənmiş qərənfillər, qızılgüllər kimi yalnız formaya malikdilər, məzmunları isə adamlarda heç bir nikbinlik, daxili tərpəniş və yüksək həyat eşqi doğurmur.Ancaq ötən əsrin əvvəllərində kütlələrin düşüncəsinə hakim kəsilən zəka sahibləri çox sadə formullarla böyük inqilabi hərəkatları başlada bilmişdilər.

Sizə elə gəlməsin ki, arzulamaq hüququ yalnız güclü xalqlara xasdır.Burada müstəsnalıq yoxdur.Məgər, indi dünyanı idarə edən yuxarı silkin nümayəndələri bir vaxtlar böyük ideallar naminə qitələri aşıb keçən immiqrantların balaları deyillərmi? Hərəsi bir mədəniyyətin, dünyagörüşün, ideyanın, ilğımın və yanlışların nəticəsində toparlanıb qarışıq bir mozayka yaradıblar və indi dünyada hamı “amerikalı arzusu” adlı fenomenin sirri üzərində baş sındırır.Nəydi onların əlahiddəliyi, xüsusi fərqi ki, sonunda hamının ümumi dəyərinə çevrildi və dəqiq ifadə olundu? Əslində çox sadə bir ifadədir:”hər kəsin arzusuna görə adam həyatda uğur qazana bilər və onun nailiyyəti böyük sərvətdir”!

zahid-2

Məhz depressiya illərində-1930-larda prezident Franklin Ruzveltin hakimiyyətini gözləyən aclıq və səfalətin hökmranlığı dövründə yazıçı Ceyms Adams bunları yazırdı: amerikalılar elə bir ölkə arzulayır ki, orada hər bir insanın həyatı yüksək səviyyəli, varlı və təminatlı olsun, hər kəs layiq olduğunu ala bilsin!Dərin böhran şəraitində və ehtiyac girdabında çabalayan adamlar sanki Adamsın ideyasını göydə tutaraq, gecələrini gündüzlərə qatır, zəhmət və alın təri ilə böyük uğurlara çatacaqlarına inanırdılar.Gündə 10-12 saat işləyən, bəzən iki-üç fərqli müəssidədə çalışan və istirahətin nə olduğunu bilməyən insanlar arzularına qovuşacaqlarına zərrə qədər şübhə etmirdilər.İkinci dünya müharibəsindən 10 il keçəndən sonra amerikalıların böyük əksəriyyəti iri şəhərlərin gözqamaşdıran yüksəkliklərini fəth edərək hər cür zənginliyin, təminatın və hüququların sahibinə çevrildilər.Beləliklə, Amerika çiçəklənmə və müvəffəqiyyətin simvoluna çevrildi.Belə ölkə ilə kim fəxr etməzdi ki…

Digər qitələrdən, ora gələn yeni miqrant axınları yerli amerikalılara həsəd aparırdılar.Sonra Vyetnam savaşı başladı və geri dönən məğlub əskərləri anaları qəbul etmədi.Əvəzində qanqesterlərin, killerlərin və intiharların sıralarını dolduran gənc amerikalıların arzuları da onların özü kimi aşınmaya məruz qaldı.Ümidsizlik və eqoizm, gərəksizlik və nifrət hisləri qəribə bir kontrast yaratdı.Adama elə gəlirdi ki, Amerika ən azı bir neçə dövlətdən və qitədən ibarətdir.Bax deyəsən, müharibənin odundan-alovundan keçən azərbaycanlılar da indi müəyyən həyat şəraitinə çatandan sonra başlayıblar sabahları haqda dərindən düşünməyə-biz hansı sabahı qurmaq istəyirik? Ona görə də amerikalıların yolunu getməyə çalışan qonşularımız, gürcü xalqı da Saakaşvilidən sonra bir millət kimi özlərini dərk etməyə çalışdılar. Və “gürcü arzusu” meydana çıxdı.Doğrusu, söhbət İvanişvilidən və onun arxa planda idarə etdiyi bir hökumətdən getmir. Bizə Stalinin heykəli ilə Saakaşvilinin yeni təməllərdə inşa etdiyi demokratik Gürcüstanın sadə əhalisini birləşdirən ümumi arzuları başa düşmək daha çox önəmlidir.

Yəqin, torpaq və vətən anlayışlarını bir kənara qoymağa heç bir gürcünü vadar edə bilməzsən, lakin istənilən insan mimumum həyat nemətlərinə malik olmursa, o, öz ölkəsində qəribə çevrilir.Ona görə də hər bir gürcünün ev, iş yeri, ədalətli məhkəmə hüququ və ya mülkiyyət toxunulmazlığını birinc yerə qoyduğuna şübhəmiz yoxdur. Doğrudur, Stalinin bir qədər ərköyünləşdirdiyi xalqın iddiaları çox dur.Amma reallıq çox sərtdir və onunla hesablaşmağa məcburan.“Azərbaycanlı arzusu” nədən ibarətdir.Bizim milli ideologiyamız, tariximiz, ənənələrimiz və ya mədəniyyətimiz insanlara çox böyük miras qoyub.Nədir o irsin adı-ən kasıb adamların belə köhnə bir ata mülkü var, onlardan qalan mənəvi-ruhi xəzinə mövcuddur,bir də böyümək,irəli getmək, ugur qazanmaq hissi..Bundan yaxşı nə ola bilər..
Ötən illər ərzində faciə öldönümləri ilə sısqayıb balacalaşan və erməniçilik xəstəliyinə düçar olanları təzədən öz milli köklərinə qaytarıb öz insani kimliklərini tanıtdıra bilsək, bu millətə ən yaxşı xidmət olar. Ona görə də bizim seçki platformamız “azərbaycanlı arzusu”nun üzərində qərar tutacaqdır.

Biz “hər bir azərbaycanlının evi olmalıdır”, deyirik.

Çünki yüz illər ərzində həyatını özgə qapılarında və kirayələrdə keçən insanları doğma komalarına yığmaq hər bir hakimiyyətin öncül vəzifəsi olmalıdır.

Onda vətəndə özünü qərib deyil, tamhüquqlu vətəndaş sayacaqsan.

Hər bir azərbaycanlının mənəvi-ruhi bütövlüyünü daxili aşınmalardan və xarici təsirlərdən qorumalıyıq.İndi klassik müharibələri “yumşaq güc” savaşları ilə əvəz edib.

Milli və şəxsi genetikası dəyişən fərd səngərdə şəhid olan döyüşçüdən fərqli olaraq, canlı fəraridir.

Bizim üçüncü vəzifəmiz “ bura Azərbaycandır” kəlamını fəxarət və güvənc yerinə çevirməkdir.

Biz yolumuza davam edərkən,deyirik:yaxşı nə varsa, qoruyaq, taleyimizi insanların ömrünə və millətimizinə gələcək arzularına qatmağı bacaraq.

Yolumuz açıq olsun!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Savaş, fəth sözlərini işlətmə! – AKŞƏNƏRDƏN ƏRDOĞANA XƏBƏRDARLIQ – FOTO

Read Next

Prezidentliyə namizədlər bu gündən İctimai Teleradioda efirə çıxacaq- MSK SƏDRİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir