“Azərbaycan adlı karvan öz yolu ilə gələcəyə doğru inamla addımlayacaq…”-ZİYAD SƏMƏDZADƏ YAZIR

Vətəndaş maraqlarına xidmət edən mütərəqqi sosial müdafiə sistemi

(Yazının davamı)

Məşğulluq sosial siyasətin spesifik istiqamətidir

Respublikamız qonşu ölkələrdən fərqli olaraq əlverişli demoqrafik şəraitə malikdir.

Son 20 ildə respublika əhalisi artmış və 10 milyon nəfəri ötmüşdür. Belə demoqrafik inkişaf əmək qabiliyyətli insanların sayının artmasını şərtləndirir, lakin məşğulluqla bağlı əlavə problemlər yaradır. Bu baxımdan məşğulluq, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. Bu problemin həlli ölkəmizin dinamik inkişafının strateji amili kimi qiymətləndirilir və hökumətə bu istiqamətdə tapşırıqlar verir. Eynu zamanda bu əmək ehtiyatları artmayan ölkələrdən fərqli olaraq yeni yanaşmalar tələb edir.

Ötən 17 ildə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi, iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xüsusən regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun icrası nəticəsində regionlarda çoxsaylı yeni iş yerləri yaradılmışdır. Beş ildən bir qəbul olunan regionların sosial iqtisadi inkişafı dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi amili kimi vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır.

Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Xüsusilə qeyd etmək istərdim ki,  2003-ü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq, ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı və bu vəzifə də uğurla həll edildi.

Bu gün Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı daha böyük rəqəmlərlə ifadə olunur. Təkcə cari ilin birinci yarısında ölkədə 84,8 min yeni iş yerlərinin açılması da təsdiq edir ki, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. İşsizlik isə təxminən 5 faiz səviyyəsindədir. Ümumilikdə isə bu ilin avqust ayına olan məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 230 min nəfərdir. Onlardan 4 milyon 881,5 min nəfərini məşğul əhali təşkil edir.

Respublikanın keyfiyyətli iqtisadi inkişafını, real sektorun quruluşunun şaxələndirilməsini təmin etmək müntəzəm olaraq yeni, yüksək elm və texnoloji tutumlu istehsal sahələrinin yaradılmasını zəruri edir. Lakin rəqəmsal iqtisadiyyatın sürətli inkişafı bir tərəfdən iş yerlərini ixtisar etməklə müşayət edilirsə, digər tərəfdən artan iqtisadi və sosial tərəqqi əlavə işçi qüvvəsinə ehtiyac hiss edir.  Bu baxımdan müasir elmi-texniki inqilabın yaratdığı bu proseslər daim diqqət mərkəzində olmalı, müvafiq qurumlar investisiya siyasətinin formalaşması, prosesində məşğulluq amilinin nəzərə almalı, mütərəqqi əmək tutumlu layihələrə üstünlük verməlidirlər. Dövlət başçısı məşğulluq problemlərindən danışarkən işçilərin ixtisarı məsələsinə çox həssaslıqla yanaşmasını vacib sayır. Təəssüf ki, bir sıra hallarda bu həssas məsələyə lazımi diqqət verilmir.

Bir məsələni də unutmalı deyilik ki, hazırda bütün bəşəriyyət dördüncü sənaye inqilabı dövrünə qədəm qoyur. Bu dövr yuxarıda qeyd edildiyi kimi. mühüm texniki yenilikləri ilə bərabər həm də bir sıra sosial çətinlikləri də ehtiva edir ki, bunlardan ən mühümü iş yerlərinin ixtisara salınmasıdır. Ona görə belə bir mərhələdə xüsusən sahibkarlar özlərinin sosial məsuliyyətinin dərk etməli, məşğulluq məsələlərinə, baş verə biləcək ixtisarlara diqqətlə yanaşmalı, qanun vericiliyə riayət edilməsini əsas tutmalıdırlar.

Azərbaycan dövləti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.

Bu baxımdan cəmiyyətimiz üçün nisbətən yeni hesab edilən Özünüməşğulluq proqramı barədə qısaca bəhs etmək istərdim. Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli sərəncamı ilə həyata keçirilən Özünüməşğulluq proqramıdövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Sosial sahədə önəmli layihələrdən olan Özünüməşğulluq proqramı məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət orqanları, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.

Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Çünki bu sahə çoxşaxəlidir. Kənd yerlərində insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması belə insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır. Elə buna görə də Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib.

“Sosial bağlar” layihəsi çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının yaradılması ilə bağlı mühüm işlər görülüb. Bütövlükdə, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən bu layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda, layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.

Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.

Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4500-dən çox vətəndaş bu proqrama cəlb edilib.

Azərbaycanda özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Artıq yerli banklar da bu proqramın həyata keçirilməsinə fəal dəstək verməyə başlayıblar. Belə ki, proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Prezident İlham Əliyev “Şadam ki, özünüməşğulluq proqramına bizim banklar da qoşuldu. Bu, çox müsbət haldır. Biz bu proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə başlamışdıq. İndi həm Dünya Bankı qoşuldu- 100 milyon dollar həcmində, eyni zamanda, bizim banklar qoşuldular” deyə – qeyd bu barədə bildirib.

Onu da qeyd edim ki, 2020-ci ilin yazında Milli Məclisin növbədənkənar sessiyasının iclasında “Məşğulluq haqqında” Qanunun 14 maddəsinə edilən dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunanların işsiz vətəndaşların daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapdı.

Həyat səviyyəsi göstəricilərinin yüksəldilməsində yeni keyfiyyət mərhələsi

2018-ci ilinprezident seçkilərindəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezidentciddi islahatların aparılacağını bəyan etmişdi.Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacağını bəyan edərək dedi: «Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır».

2018-ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffavlığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli ikişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə iki dəfə geniş sosial paket elan edildi.

A)2019-cu ildən başlanan sosial islahatlar 4,2 milyondan artıq vətəndaşı əhatə etdi. Ötən il həyata keçirilən sosial islahatlar öz miqyası və vətəndaşların maddi rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin fevral ayında İlham Əliyev təxminən 3 milyon vətəndaşı əhatə edən bir sosial paketi təsdiqlədi. Bu paketdə minimum əmək haqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin, tələbə, magistr və doktorantlara verilən təqaüdlərin, məcburi köçkünlərə verilən müavinətlərin artırılması, problemli kreditlərə son qoyulması, yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi kimi vətəndaş məmnunluğuna yol açan məsələlələr öz əksini tapdı.

Beləliklə, iqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası ölkə başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, ötən ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırdı. Həmin vaxt keçirdiyi müşavirədə Prezident İlham Əliyev vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı addımların bundan sonra da atılacağını bəyan etdi. 2019-cu ilin iyun ayının 18-də isə dövlət başçısı imzaladığı 17 sərəncamla əhalinin müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi. Beləliklə, sosial sahədə bu ilin əvvəlində atıdan inqilabi addımların yeni mərhələsinə start verildi.

Qeyd edək ki, birinci paket 3 milyon vətəndaşı əhatə etdi. Bu sosial islahat paket tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. Minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Əmək pensiyasının minimum məbləği isə 160 manat məbləğində müəyyən olundu.

İkinci sosial paketin icrası nəticəsində isə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırıldı, həmçinin oktyabr ayından əmək pensiyasının minimum məbləği 200 manat təşkil etdi. Ümumilikdə isə iki sosial paketin 4,2 milyon vətəndaşı əhatə etməsi göstərdi ki, ölkədə həyata keçirilən siyasən məhz insan amilinə xidmət edir. Minimum əməkhaqqının, əmək pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin artırılması həm vətəndaş məmnunluğuna, həm də sosial rifahın yüksəldilməsinə xidmət edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə səbəb oldu.

Bu ilin əvvəlindən isə pensiyaların indeksasiyası ilə bağlı dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bu ilin ötən dövründə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 300 manata yaxınlaşıb. Hazırda Azərbaycanın minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Bununla belə Prezident İlham Əliyev bildirmişdir ki, bu artım böyük olsa da, bizi qane edə bilməz, maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.

Bütün bunlarla yanaşı çoxmənzilli binanın sənədləşməsindəki problemlərə son qoyulması, fiziki şəxslərin problemli kreditlərinin həlli ötən ilin ən mühüm hadisələri kimi sosial siyasətin mütərəqqi nümunələridir. Çünki bütün hallarda vətəndaşı narazı salan və narahat edən problemlər həll olunmalıdır.

B) Sosial xidmətlərə yeni nəfəs verən DOST. Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Agentliyin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif edilən əmək və sosial müdafiə xidmətlərinə Xidmət Mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir. Layihə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

DOST xidmətlərinin fəaliyyətə başlaması sosial xidmətlərlə bağlı dövlət orqanlarına müraciət zamanı həm vaxt itkisinin qarşısının alınması, həm də vətəndaşların bu səbəblərdən keçirə biləcəyi əsəb və stressə son qoyulması baxımından mühüm hadisədir. Bütün bunlarla yanaşı, DOST xidmətin həm cəmiyyətin ümumi mədəni, həm də dövlət dövlət-vətəndaş münasibətlərinin səviyyəsinin yüksəlməsi, həm də korrupsiyaya ciddi zərbənin vurulması deməkdir.

Respublikada bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulur. Ümid edirəm ki, yaxın bir neçə il ərzində Bakıda və bütün ölkə üzrə DOST mərkəzləri fəaliyyətə başlayacaq. Onlarda da 130-dan çox xidmət göstəriləcəkdir.

Prezidentin vətəndaşlarla görüşləri sosial siyasətin təkmilləşməsi üçün yeni imkanlar açır

Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətin, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə daha inkişaf etmiş formada özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır.

Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan hökuməti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq müəyyənləşdirməli, əsaslandırılmış strateji proqramlardan istifadə etməli, sosial tərəqqini, keyfiyyətli, inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələri kimi diqqət mərkəzində saxlamalıdır. Qlobal maliyyə böhranı, neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycan dövləti strateji proqramların, layihələrin heç birini dayandırmadı. Büdcə-maliyyə resurslarının bölüşdürülməsində müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər gördü.

Azərbaycanda həyata keçirilən sosial siyasətdən danışarkən bir məsələni də qeyd etməliyik ki, bu siyasətin ayrı-ayrı istiqamətləri məhz Prezident İlham Əliyevin ölkə vətəndaşları ilə görüşləri zamanı formalaşır. Dövlət başçısının fəaliyyətinin ən mühüm tərəflərindən biri müxtəlif tədbirlər və regionlara səfərlər zamanı vətəndaşlarla təmaslara, söhbətlərə daim vaxt ayırması, belə görüşləri fəaliyyətinin mühüm istiqamətlərindən birinə çevirməsidir. Bu görüşlər sosial siyasətin daha da təkmilləşməsi üçün yeni imkanlar açır. Ən əsası isə odur ki, belə görüşlər ictimai nəzarətin ən optimal nümunəsidir.

 Bütün bunların nəticəsi olaraq Prezident İlham Əliyev mövcud gerçəklikləri operativ və obyektiv şəkildə qiymətləndirərək cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edir, insanları, cəmiyyəti narahat edən problemlər zamanında öz həllini tapır. Respublikamızda sosial siyasətdə mütəmadi olaraq baş verən keyfiyyət dəyişiklikləri də bu görüşlərin məntiqi nəticəsidir. Bu onu göstərir ki, vətəndaşların rifahı ilə bağlı qəbul edilən qərarların təməlində insanlarla görüşlərdə qaldırılan məsələlər xüsusi yer tutur. Çünki cəmiyyətin tərəqqisi ilə yanaşı sosial həmrəyliyini təmin edən əsas şərtlərdən biri vətəndaşı düşündürən problemlərin vaxtında həll edilməsi, hər bir insanın qayğısına çevik və ədalətli münasibətin ortaya qoyulmasıdır. Ələlxüsus söhbət sosial dövlətdən, sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı narahat edən məsələlərə daha diqqətlə yanaşılması olduqca vacibdir. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.

Pandemiya şəraitinin yaratdığı çətinliklərin yoluna qoyulması sosial siyasətin yeni mərhələdəki uğurlarından biridir

Son dövrlərdə bütün bəşəriyyət qlobal risklərlə üz-üzə qalıb. Hələ koronavirus pandemiyasından əvvəl bütün dünya, o cümlədən respublikamız maliyyə böhranlarının çətinliyini görüb. Lakin Azərbaycan bu ciddi risklər dövründə heç bir sosial proqramı dayandırmadı.

Hazırda koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi qalmaqda davam edir. Virus ölkəmizdən də yan ötmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən az itki ilə çıxan dövlətlərdən biridir. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir olunur.

İlk növbədə onu qeyd etmək istərdim ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan Nazirlər Kabinetinin yanında Operativ Qərargah ilk gündən öz vəzifələrini inamla və layiqincə yerinə yetirməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın COVİD-19-a qarşı mübarizədə tapşırıq və göstərişlərini, koronavirusla bağlı dünyadakı çağırışları rəhbər tutan Operativ Qərargahın uğurlu fəaliyyəti nəticəsində bu təhlükəli xəstəliyin respublikamızda ciddi fəsadlara səbəb olmasının qarşısı alınmışdır. Ona görə hazırki şəraitdə respublikamızda koronavirusla mübarizədə qazanılan uğurlardan danışarkən Operativ Qərargah işini də yüksək qiymətləndirməliyik.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, hər kəsin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunların fonunda özünü göstərən əsas həqiqət həmdə o oldu ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritetlərindən biri vətəndaşların sosial rifahıdır.

Öncə onu qeyd edək ki, xalqın istənilən gözlənilməz situasiyalarda öz yanında hər zaman liderini görüb. Bir neçə il əvvəl aran rayonlarında sel daşqınlarının törətdiyi fəsadlar zamanı, şimal-qərb rayonlarında baş vermiş zəlzələ zamanı ölkə ictimaiyyəti İlham Əliyevin məsələyə çevik reaksiyasının şahidi oldu. İlham Əliyev hadisələr baş verən bölgələrə səfər etdi və dövlət başçısının əsas tapşırıq və göstərişləri, imzaladığı sərəncamlar ilk növbəti vətəndaşların sosial qayğılarının həlli ilə bağlı oldu. Eləcə də ötən il Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ zamanı zərər çəkmiş vətəndaşlar dərhal Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevin dəstəyini hiss etdilər. Ölkə rəhbərliyinin reaksiyası ilk növbədə çətinliyə düşmüş vətəndaşa köməklik göstərilməsindən, üzləşdiyi problemlərin həllindən ibarət olub.

Koronavirus pandemiyası da ekstremal situasiyalardan biridir. Bu qlobal problemə qarşı ilk gündən həyata keçirilən operativ tədbirlər də bir daha göstərdi ki, dövlət başçısı üçün ən ümdə məsələlərdən biri vətəndaşın təhlükəsizliyi və rifahıdır.

Məlum olduğu kimi Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamına əsasən, COVID-19 pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə dəyəri 3,5 milyard manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul olundu. Elə bu paketdə yer alan məsələlər göstərdi ki, ölkə rəhbərliyi yaranmış vəziyyətlə əlaqədar insanların çətinlik çəkməməsi üçün sosial sahədə yeni tədbirlərini reallaşdırması barədə hökumətə konkret tapşılıqlar vermişdir.

Bunlardan biri dövlət başçısının tapşırığına uyğun olaraq ünvanlı sosial yardım proqramının prosedur qaydalarının sadələşdirilməsidir ki, bu da pandemiya dövründə əlavə 14 min ailəni əhatə etdi. Başqa bir mühüm sosial hadisə pandemiya dövründə vətəndaşların sosial rifahının və məşğulluğun təmin olunması üzrə görülən tədbirlərin nəticəsi kimi dövlət sektoru üzrə 900 min iş yerinin qorunmasıdır.

Təbii ki, dövlətin sosial tədbirləri özəl sektoru da əhatə etdi. Bu zaman özəl sektorda 110 min əmək müqaviləsi, yəni 17 faizlik bir artım təmin edildi. Məhz bu faktın özü də kölgə iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində aparılan şəffaflaşdırma tədbirlərinin müstət nəticə verməsindən xəbər verir. Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 mini ötüb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artımın olması müsbət dinamikadı.

İşsiz şəxslər üçün haqqıödənilən ictimai işlərin əhatə dairəsi genişləndirilmiş, belə iş yerlərinin sayının 90 minə çatdırılması nəzərdə tutulmuşdur.

Ümumiliklə, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkəmizdə pandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə etdi. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Bütün bunlar dövlətimizin çətin dövrdə öz vətəndaşının yanında olmasının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayanmasının bariz nümunəsidir.

Bir məsələni qeyd etmək istərdim. Pandemiya ilə əlaqədar iqtisadi göstəricilərin azalmasına, neftin qiymətinin dəfələrlə aşağı düşməsinə baxmayaraq Azərbaycan dövləti bütün sosial proqram və layihələri həyata keçirməkdə davam etdi. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bütün bunların bizim siyasətimizin mahiyyətini göstərdiyini bildirdi: «Mən ilin əvvəlində və pandemiyanın artıq alovlanan dövründə demişəm ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək və biz bunu təmin edirik. Eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb. Ona görə bu sahəyə göstərilən diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin mahiyyətini göstərir. Bir də onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır».

Təəssüf ki, bəzi məmurlar öz fəaliyyətləri ölkə Prezidentinin siyasəti ilə uzlaşmayan hərəkətlərə yol verir, vəzifələrindən şəxsi maraqları naminə sui istifadə edirlər. Belə halların xüsusilə pandemiya dövründə müşahidə olunması, dövlət vəsaitlərinin talanması, aztəminatlı vətəndaşlar üçün ayrılan sövqatlara belə göz dikilməsi təəssüf doğurur. Buna görə də son vaxtlar antikorrupsiya tədbirlərinin gücləndirilməsi, bir sıra məmurların həbsi cəmiyyətdə razılıqla qarşılanır. Prezidentin də dediyi kimi, məmur özbaşınalığının, qanun pozuntularının, korrupsiya və rüşvətxorluğun geniş yayılması iqtisadi inkişaf yolumuzda əsas maneəyə çevrilib. Belə halların qarşısının alınması, cinayət əməllərinə yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi istiqamətində son zamanlar həyata keçirilən tədbirlər təqdirəlayiqdir.

Avqust ayının əvvəllərində keçirilən Milli Məclisin növbədənkənar sessiyasında dövlət büdcəsinə edilən dəyişikliklər Azərbaycanın pandemiya şəraiti reallıqlarına uyğun olaraq çevik maliyyə siyasəti həyata keçirdiyini göstərdi. Ölkə rəhbərliyinin yürütdüyü siyasətin məzmununa uyğun olaraq İqtisadiyyat, Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri koordinasiyalı fəaliyyət ortaya qoyaraq dövlət büdcəsinə dəyişikliklərlə bağlı əsaslandırılmış təkliflərlə çıxış etdilər. Əminəm ki, edilən dəyişikliklər ölkəmizin əsas maliyyə sənədinin qarşısında dayanan vəzifələrin vaxtında və səmərəli şəkildə yerinə yetirilməsini təmin edəcək.

Kommunal xidmət sahəsində baş verən keyfiyyət dəyişiklikləri sosial rifaha təsir edən mühüm amillərdən biridir

Bütün dünyada sosial rifahı müəyyən edən normativlər var. Məşğulluq, sosial təminat, təhsil, səhiyyə, mənzil şəraiti, əməyin mühafizəsi və s. Belə normativlərin sayı yüzdən artıqdır. Çünki sosial təminat yalnız yüksək əməkhaqqı və ya pensiya deyil. Sosial rifah həm də insanların kommunal xidmətlərlə təminatının, onların kommunal xidmətlərə əlçatanlığının səviyyəsidir. Əgər insanlar belə xidmətlər sarıdan çətinliklər yaşayarlarsa, hansı sosial təminatdan söhbət gedə bilər?

Bu reallığı düzgün dəyərləndirən Prezident İlham Əliyev ilk gündən kommunal xidmətlərlə ən yüksək səviyyədə təminatı qarşıya əsas vəzifələrdən biri kimi qoyub. Təsadüfi deyil ki, regionların sosial iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilən əsas məqsədlərdən biri kommunal xidmətlərlə təminat, bu sahədə infrastukturun yenilənməsidir. Bu illərdə ölkədə 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni generasiya gücü yaradılıb. 40 min kilometrdən çox elektrik verilişi xətti, 1650-dən çox yarımstansiya inşa edilib və ya yenidən qurulub. Ölkə üzrə qazlaşdma səviyyəsi 96 faizə çatdırılıb. Konkret ifadə etsək 2003-cü ildən indiyədək 2000 minə yaxın  yaşayış məntəqəsi təbii qazla təmin edilib. Sosial məsələlərin həllinə göstərilən diqqətin başqa bir nümunəsi sosial infrastrukturun yenilənməsidir. Belə ki, bu dövrdə Azərbaycanda 640-dan çox xəstəxana, diaqnostika mərkəzi, ambulatoriya tikilib və ya əsaslı şəkildə təmir edilib. 3200-dən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir. 

Respublikamızda yol infrastrukturunun yenilənməsi, xüsusən kənd yollarının yenidən qurulması, tarix boyu yolu olmayan kəndlərə yol çəkilməsi də sosial rifaha təsir edən ən mühüm amillərdən biridir. Bu illər ərzində Azərbaycanda 16 min kilometrdən artıq yeni yol çəkilib ki, bunun da böyük bir qismi kənd yollarının payına düşür.

İstərdim bu məqalədə kommual xidmətlərin mühüm bir istiqaməti olan su təminatı barədə bir qədər ətraflı söz açım.

Su sağlam həyat deməkdir

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faiz təşkil edir. Elə buna görə də 2003-cü ildən ölkədə kommunal xidmətlərlə təminatın gücləndirilməsi sosial rifahın yüksəldilməsində, həm də yoxsulluq probleminin azaldılmasında böyük rol oynadı.

Su təkcə istehlak məhsulu deyil. Su həm sosial rifahın bir göstəricisi, həm də sağlamlıq deməkdir. Hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyanın hər yerində su ehtiyatlarının azalmasına səbəb olub. Bu gün yüz milyonlarla insan su çatışmazlığından əziyyət çəkir, bu da onların rifahına, sağlamlığına ciddi təsir edir.

Azərbaycanda da xüsusən son illərdə su ilə bağlı problemlər artıb ki, bunun da əsas səbəblərindən biri iqlim dəyişiklikləridir. Yağıntıların əhəmiyyətli dərəcədə azalması, orta illik temperaturun yüksəlməsi, o cümlədən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun səviyyəsinin aşağı düşməsi bütövlükdə su ehtiyatlarmızın azalmasına səbəb olub.

2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 məhsuldar su mənbəyi yaradılıb. Təkcə Abşeron yarımadasında həcmi 130 min kubmetrdən çox olan 16 su anbarı, 140 kilometr magistral su kəməri tikilib, 69 kilometr mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb. Bütün bunlara, eləcə də Taxtakörpü, Şəmkirçay, Naxçıvanda Heydər Əliyev (Vayxır) su anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin və sair layihələrin inşa edilməsinə baxmayaraq, hazırda kəskin su çatışmazlığı müşahidə edilir. Təbii hadisələrlə yanaşı kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması da ölkəmizdə su çatışmazlığını şərtləndirmişdir. Bu baxımdan, xüsusilə cari ildə ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət yaranmışdır. Hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə – cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri ölü həcmdir.

Ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Su ilə bağlı problemin əsas səbəblərindən biri də hər il 40-50 faiz həcmində itkilərin olmasıdır. Son vaxtlara qədər bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb. Su anbarlarından çıxan boru və kanal xətlərində qanunsuz qoşulmalar var ki, bu da suyun ədalətli bölgüsünə ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiya yaradılıb. Müşavirədə deyildiyi kimi su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi Komissiyaya tapşırılıb.

Komissiyanın fəaliyyəti nəticəsində su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların icrasına gündəlik nəzarət təmin olunub. Xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub.

Ən mühüm vəzifə sudan istifadə zamanı itkiyə yol verilməməsidir. Bunun üçün içməli su təchizatı şəbəkələrinə nəzarətdənkənar qoşulmaların aradan qaldırılması, sayğaclaşmanın başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Suvarmaya gəldikdə isə, kanalların əksəriyyətinin torpaq məcralardan olması itkilərin əsas səbəblərindən biridir. Artıq su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə suvarma kanallarının əsaslı təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə bağlı təkliflər hazırlanır. Bundan başqa ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə də prioritet layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, Azərbaycan bu sahədə beynəlxalq maliyyə institutları ilə də əməkdaşlıq edir. Belə ki, Azərbaycanın Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa dəvət etdiyi sahələrdən biri suvarma sistemlərinin yenidən qurulması ilə bağlıdır.

Artıq Prezident İlham Əliyev 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nı təsdiq edib. İnanırıq ki, proqramla qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində Azərbaycan özünün su təhlükəsizliyini təmin edilməsində  mühüm uğurlar qazanacaq.

Sosial mövzuda məqalənin su mövzusunda yekunlaşdırmağımın rəmzi mənası da var. Çünki cənab İlham Əliyevin də qeyd etdiyi kimi “Su həyat deməkdir, təmiz su sağlam həyat deməkdir”. Elə sosial siyasətin də son məqsədi insanlara sağlam həyat bəxş etməkdir. Əminəm ki, ölkəmizdə yürüdülən sosial siyasət bundan sonra da vətəndaşların yüksək rifahının təmin olunmasına geniş imkanlar yaradacaq.

***

Konkret araşdırmalara, real həyatda da baş verən dəyişikliklərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mərkəzində məhz vətəndaş amili dayanır. Bunu pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi güclü sosial siyasət də təsdiq edir. Dövlət özünün fəaliyyətində vətəndaşını unutmur, onun sosial baxımdan çətinlik çəkməməsi üçün nə lazımdırsa edir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcək.

Sonda bir məsələni də qeyd etmək istərdim ki, Azərbaycanın uğurları, nailiyyətləri, Prezident İlham Əliyevin sosial çətinliklərin, həlli zəruri olan problemlərin aradan qaldırılması ilə bağlı qətiyyətli möveqyi sapı özümüzdən olan baltaları daim narahat edir. Onlar zaman-zaman vətəndaşları narahat edən məsələlərin həlli ilə bağlı ölkə rəhbərliyinin həyata keçirdiyi fəaliyyətə kölgə salmağa cəhd etməklə, Azərbaycan dövlətinə və xalqımıza xəyanət etdiklərini sübuta yetirirlər.

Azərbaycan xalqı müdrik və aqildir.

Öz müstəqillik tarixində belələrini çox görüb. 

Ona görə vətənini, dövlətini satan sapı özümüzdən olan baltalar heç vaxt niyyətlərinə çatmayacaqlar.

Azərbaycan adlı karvan isə öz yolu ilə gələcəyə doğru inamla addımlayacaq.

14:44, 19 sentyabr

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı

Etikxeber.az

Read Previous

“Prezident dayanmayın, durmayın, çalışın, qurun, yaradın deyir, hər kəsi Azərbaycan naminə, Azərbaycanın gələcək və növbəti inkişafı naminə fəaliyyətə səsləyir, dəvət edir!”-JALƏ ƏLİYEVA SON GÜNLƏRİN MƏNZƏRƏSİNDƏN, AÇILIŞLARINDAN YAZIR… – (ÖZƏL)

Read Next

Adil Əliyevin “komitəsi” sabah-YIĞIŞIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir