“Azərbaycan daha bir uğura imza atdı, Ermənistan isə daha bir sarsıdıcı zərbəyə məruz qaldı…”-JALƏ ƏLİYEVA ABŞ KONQRESİNİN QAYDALAR KOMİTƏSİNİN SON DÜZƏLİŞİNDƏN DANIŞDI

Azərbaycan diplomatiyası daha bir uğurunu qazandı, Azərbaycan daha bir diplomatik-siyasi uğura nail oldu, imza atdı.

Son 27 ildə, xüsusilə də, ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə aparılan düzgün, uzaqgörən, balanslı, tarazlı, təmkinli xarici siyasət kursu öz bəhrəsini, öz töhfəsini verdi.

ATƏT-in Minsk qrupunun 3 həmsədrindən, dünyanın iki nəhəngindən, fövqəlgücündən biri olan ABŞ nəhayət, Azərbaycan, Qarabağ həqiqətlərini qəbul və etriaf etdi. Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu rəsmən ortaya qoydu.

Belə ki, bu gündən, iyulun 21-dən etibarən Amerika Birləşmiş Ştatları rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdı. ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edildi. Düzəlişin mətnində deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Azərbaycanın (o cümlədən Ukrayna, Gürcüstan və Moldova) xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.

Bəli, bu 32 ildən bu yana davam edən Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğu dövründə əldə edilən ən böyük uğurlardandır. 1993-ci ildə BMT Təhlükəsizlik Şurasında, 2000-ci illərin ortalarında Avropa Şurası Parlament Assambleyasında, o cümlədən, son illərdə Avropa Parlamentində qəbul edilən qətnamələrdən sonra bu, ən önəmli siyasi-diplomatik zəfərlərdəndir.

Hesab edirəm ki, bunun mütləq davamı da gələcək, ABŞ-dan sonra digər həmsədr ölkələr də öz qanunverici orqanları səviyyəsində Ermənistanın işğalçı və təcavüzkar dövlət olduğunu etiraf edən və tanıyan qərarlar, qətnamələr qəbul edəcəklər. Hər ikisində nə qədər böyük və güclü erməni lobbisi və diasporu olsa da, həqiqətdən yayınmaq, sonacan ondan qaçmaq, gizlənmək mümkün olmayacaq.

Necə ki, dünyada erməni lobbisi və diasporunun əsas dayaqlarından olan ABŞ-da həqiqətdən qaçmaq, yayınmaq mümkün olmadı. Sonda həqiqət, ədalət etiraf edildi, rəsmi şəkildə bəyan olundu. Ona görə bu mütləq digər həmsədr dövlətlərə, o cümlədən, digər beynəlxalq təşkilatlara, aparıcı ölkələrə də təsirsiz ötüşməyəcək. Bu, mütləq baş verəcək və verməlidir.

“Valday”, Aqşabad, Qoşulmama Hərəkatı və Türk Şurasının Bakı sammitləri, sonuncu Mühxen Təhlükəsizlik Konfransı, “Şərq Tərəfdaşlı”ğının sonuncu toplantısı, Azərbaycan dövlətinin, dövlət başçısının yenilməz iradəsi hər kəsi reallıqları, həqiqətləri qəbul və etiraf etməklə nəticələnməliydi və ilkin nəticə-böyük uğur da göz önündədir. Artıq erməni yalanları, böhtanları, timsah göz yaşları işə keçmir, heç nə yaramır.

Xüsusilə, 12 iyul təxribatı bardaqda daşan son damla oldu. Ermənilərin, Ermənistanın nazı ilə oynayanların əksəriyyəti bir daha Ermənistanın əsl iç üzünü gördü, anladı, onun havadarlarının təkidləri ilə nəinki Azərbaycan, Qafqaz bölgəsi üçün, bütövlükdə dünya üçün bir təhdid olduğunu açıq şəkildə dərk etdilər. Qeyd etdiyim kimi, dərhal da öz nəticəsini verdi, hərb meydanında uduzan Ermənistan son illərdə özünün ən böyük siyasi-diplomatik-hüquqi zərbəsini də aldı.

Bəli, bütün cəbhələrdə, bütün səngərlərdə, bütün meydanlarda zəfərlər, qələbələr bizimdir və bizim olacaq. Çünki Haqq işi uğurunda savaşırıq, Haqq mübarizəsi aparırıq, Haqq da nazirlər, üzülməz. Bunu da bizlər deyil, dünyanı görə-görə gələn ulu babalarımız deyib.

Artıq heç kim və heç nə bizim qarşımızı ala, kəsə, yarıyolda dayandıra bilməz və bilməyəcək.

Biz illərdir həsrətini çəkdiyimiz günə,ana-Qələbəyə, Zəfərə çox tezliklə nail olacağıq! Bu, mütləqdir və gerçəkdir!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti azalma-352-DAHA 13 ÖLÜM…

Read Next

“Anar Ələkbərov bütün tənqid və təkilfləri yazdı, onları Prezidentə çatdıracağını söylədi, görüşlərin davamlı olacağını da bildirdi”-ERKİN QƏDİRLİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir