“Azərbaycan dövləti, Azərbaycan Ordusu işğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatının qarşısını aldı, böyük itkilər verdirərək, geri oturtdu…Nəticə çıxarmasalar, daha betərini yaşayacaqlar…”-ELDAR İBRAHİMOV YAZDI

Azərbaycan dövləti, Azərbaycan Ordusu yenə öz sözünü dedi, yenə nələrə qadir olduğunu və ola biləcəyini ortaya qoydu.

İşğalçı və təcavüzkar Ermənistanın növbəti təxribatının qarşısını aldı, onu böyük itkilər verdirərək, geri oturtdu.

İşğalçı ölkə yenə 2016-cı ilin Aprel döyüşlərinin, 2018-ci ilin Cünnüt əməliyyatının acı taleyini-təkrarını yaşadı, sarsıdıcı və ölümcül zərbə aldı.

Məhz bu zərbənin təsiridir ki, təcavüzkar dövlətin qorxaq və fitnəkar başçısı Nikol Paşinyan tələm-tələsik hüy-küy salmağa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), bir neçə dövlətə yalvarmağa, onlardan imdad diləməyə başladı.

Güclü və özünə güvən dövlət və dövlət başçısı heç zaman bunu etməzdi, belə bir rəzilliyə razı olmazdı.

Ancaq Ermənistan və Paşinyan bunu etdi, özünü bir daha biabırçı vəziyyətə saldı.

Bu, bir daha göstərdi ki, Ermənistan qondarma, yarımmüstəmləkə dövlətdir, forpostdur, vassaldır, buyruq quludur.

Onun heç bir zaman müstəqil daxili-xarici-hərbi siyasəti, gücü olmayıb və olmayacaq. O, həmişə və hər zaman onun-bunun xidmətçisi, buyruqçusu, ələbaxanı, sözəbaxanı olub və bu gedişlə də belə olmqada davam edəcək.

Son 5-6 gündə yaşananlar, Ermənistanın növbəti təxribatı və fitnəkarlığı nəticəsində müharibə zonasından, Qarabağdan yüz kilometrlərlə uzaqda olan, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində, Tovuz bölgəsində yaşananlar bir daha göstərdi ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu Qarabağ, torpaq, ərazi məsələsində bu günə qədər olduğu kimi, bundan sonra da heç bir güzəştə getməyəcək. Ermənistanın və onun havadarlarının qarşısında geri çəkilməyib, geri çəkilmir, bundan sonra da geri çəkilməyəcək. Tökülən şəhid qanlarını yerdə qoymayıb və qoymayacaq, onların qisasını alıb və bundan sonra da alacaq.

İşğalçı dövlət və onu üzərimizə qaldıranlar ağıllanmasalar, ən azı bugünlərdə baş verənlərindən ibrət götürməsələr, nəticə çıxarmaslar, daha betərini, Aprel döyüşlərinin, eləcə də, son döyüşlərinin daha ağırını və amansızını yaşayacaqlar. Uçurumun kənarındadırlar, uçurumun dibinə yuvarlanacaqlar və yuvarlandırılacaqlar. Buna güclü və qüdrətli Azərbaycanın, Azərbaycan Ordusunun hər cür imkanı, potensialı var. Ən əsası ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin cəsarəti, qətiyyəti, iradəsi ortadadır.

Dövlət başçısı bu iradəsini, bu qətiyyətini bir daha Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ortaya qoydu, bütün dünyaya nümayiş etdi. Bir daha bəyan etdi ki, Azərbaycan düşmən ölkənin istənilən təxribatına, istənilən hücuma ən kəskin və ən layiqli şəkildə cavab verəcək, torpaq məsələsində heç bir güzəşt olmayacaq.

Dövlət başçısı çıxışında “görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu”-deyərək, bildirdi ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq, son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir.

Ali Baş Komandan eyni zamanda, Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmədiyini, dövlətin öz Ordusu ilə birlikdə bütün addımları zamanında və dəqiqliklə yerinə yetirdiyini və yetirəcəyini sözlərinə əlavə etdi.

“Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz”-deyən dövlət başçısı bir daha işğalçı ölkəyə, ona havadarlıq edənlərə xəbərdarlıq etdi, sərt və birmənalı mesajlarını verdi.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mən bu yaxınlarda Azərbaycan telekanallarına müsahibədə öz mövqeyimi, bizim prinsipial mövqeyimizi bir daha ifadə etdim. Azərbaycan xalqının bu mənasız danışıqlardan bezdiyini ifadə etdim. Ona görə bu məsələ ilə məşğul olanlar və bu günlər ərzində öz vasitəçilik təkliflərini irəli sürənlər bu haqda düşünsünlər, Azərbaycan xalqının səbri tükənməz deyil. Bu gün biz güclü ordu yaratmışıq. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. Ona görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”-deyərək, son nöqətini qoydu.

Bəli, indi növbə hər zaman qeyd etdiyimiz kimi, işğalçı və təzavüzkar ölkənindir. Onlar bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalıdır. Eyni zamanda, işləri-gücləri turist səfərləri etməkdən, bəyanatlar verməkdən başqa heç nə olmayan Minsk qrupunun həmsədrləri, ATƏT, digər beynəlxalq qurumlar son baş verənlərdən ciddi dərs almalıdırlar. Artıq onların yersiz, mənasız bəyanatlarına ehtiyac yoxdur. Onlar artıq ikili, üçlü standartları, ədalətsiz yanaşmaları, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmə siyasətini bir kənara qoyub, real, konkret addımlara keçməli, Ermənistanın cəzasını, layiqli cavabını verməlidirlər. Artıq Minsk qrupunun, həmsədrlərin limiti bitir. Əgər üzərlərinə düşəni etməyəcəklərsə, o zaman Azərbaycan dövləti və Ordusu öz sözünü birdəfəlik deyəcək, işğal faktına son qoyacaq, işğal olunmuş torpaqlarımızı son qarşınacan azad edəcək.

Bununla yanaşı, son hadisələr həm də “sapı özümüzdən olan baltalara”, ermənipərəst antiAzərbaycan dairələrin alətinə çevrilənlərə, ölkəni daxildən qarşıdırmaq istəyənlərə, “5-ci kolon”un nümayəndələrinə bir dərs olmalıdır. Onlar artıq anlamalı və başa düşməlidirlər ki, qarşılarında güclü, hüquqi, demokratik, qanunlarla idarə olunan Azərbaycan dövləti var. İndiki Azərbaycan 90-ci illərin Azərbaycanı deyil. İstər onlara, istərsə də digərlərinə özlərini qanunlardan yuxarıda aparmalarına, etdikləri əməllərdən qaçıb gizlənmələrinə, Azərbaycan vətəndaşlarının hissləri ilə oynamalarına imkan verilməyəcək, xaos, anarxiya arzuları gözlərində qoyulacaq.

Hər biri Azərbaycan qanunları qarşısında cavab verməli olacaq və cavab verəcəklər, öz layiqli cəzalarını alacaqlar. Dövlət başçısının da qeyd etdiyi kimi, onların hamısı məsuliyyətə cəlb ediləcək, məsuliyyətdən boyun qaçıra bilməyəcək.

Bəli, son olaraq, bir daha onu qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ, ərazi bütövlüyü məsələsində mövqeyi birmənalıdır, dəyişməzdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ həmişə Azərbaycanın olub, hər zaman da Azərbaycanın olacaq!

10:43, 17 iyun

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, professor,

Etikxeber.az

Read Previous

“Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır…”-SEVİNC HÜSEYNOVA

Read Next

“Bu gün nə mənim şəhid və ya əsgər anasından, nə də oğlumun şəhid əsgərimizdən və igid hərbiçimizdən fərqi yaxud üstünlüyü var”-MƏLAHƏT İBRAHİMQIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir