“Azərbaycan dövləti, ölkə Prezidenti hər zaman söz verdiyi kimi, Azərbaycan xalqının, Azərbaycan insanının yanındadır” -KAMİLƏ ƏLİYEVA YAZDI

Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin daha da yaxşılaşdırılması və gücləndirilməsi dövlətin başlıca prioritetlərindəndir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə tənəzzülə son qoyuldu, ölkənin inkişafı, o cümlədən maddi cəhətdən çox ağır durumda olan vətəndaşlarımızın maliyyə imkanlarının, rifahının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atıldı, dövlət proqramları qəbul edildi. Sevindirici haldır ki, bu siyasət ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti illərində də davam etdirilməkdədir.

Uğurlu sosial siyasətin ən başlıca hədəfi Azərbaycanın sosial rifah dövlətinə çevrilməsidir.

Çünki bu gün dünyanın ən öndə gedən, qabaqcıl, demokratik dövlətləri öz inkişaflarına məmləkətlərini məhz sosial rifah dövlətinə çevirmələri ilə nail olublar. Ötən müddət ərzində, xüsusilə son 2-3 ildə bu istiqamət dövlət siyasətinin ana xətlərdən birini təşkil etməkdədir. Doğrudur, 2014, 2015, 2016-cı illərdə dünyada yaşanan qlobal maliyyə-iqtisadi böhranları və bu gün də davam edən katakilizmlər Azərbaycan iqtisadiyyatına, insanlarımızın həyat şəraitinə təsirsiz ötüşmədi. Amma, aparılan məqsədyönlü, düşünülmüş siyasət nəticəsində Azərbaycan dövləti insanları bu dəhşətli bəlalardan xilas edə bildi. 

Vergi Məcəlləsinin dəfələrlə dəyişdirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində addımların atılması, Milli Məclisin bu yöndə ölkə Prezidentinin tapşırığına əsasən qanunlar qəbul etməsi ilə sahibkarlar, iş adamları bürokratiyadan, süründürməçilikdən qurtuldu, yoxlamaların dayandırılması tezliklə müsbət nəticələrini verdi. Azərbaycan neft sektoru ölkəsindən qeyri-neft sektoru ölkəsinə keçiddə böyük nailiyyətlər əldə etdi və bu istiqamətdə ciddi irəliləyişlərin şahiddi olduq. Bir sıra müəssisələr, obyektlər tikilib istifadəyə verildi, aqroparklar və sənaye parkları yaradıldı və onların açılışlarında həm ölkə Prezidenti, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak etdilər.

Xüsusilə də, 2018-ci ilin əvvəllərində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra respublikamızın son 25 illik (1993-2018) sosial, iqtisadi, siyasi inkişafında yeni mərhələyə qədəm qoyuldu. Bu isə 2019-cu ilin əvvəllərində özünü əyani şəkildə göstərdi. Həmin il ölkə Prezidenti tərəfindən əhalinin sosial-müdafiəsinin gücləndirilməsi istiqamətində iki sosial paket həyata keçirildi və bu, dörd milyondan artıq vətəndaşımızı əhatə etdi. Son illərin ən ağrılı narahatlığına çevrilmiş problemli kreditlər məsələsinə son qoyuldu. Bu, bir daha onu göstərdi ki, Azərbaycan dövləti, ölkə Prezidenti hər zaman söz verdiyi kimi, Azərbaycan xalqının, Azərbaycan insanının yanındadır. 

Həmin dövrdə əmək haqları, pensiyalar, təqaüdlər, şəhid ailələrinə, Qarabağ əlillərinə, digər kateqoriyadan olan insanlara verilən sosial müavinətlər ciddi şəkildə artırıldı. Ölkə Prezidenti Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən dedi: “Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır”.


Görüşdə qeyd olundu ki, Azərbaycanda pensiyanın minimum həddinin 350 manata qaldırılması nəzərdə tutulur. Nazirin bildirdiyinə görə, sırf yaşa görə pensiyanı götürdükdə gözlənti orta aylıq pensiyanın 350 manata çatmasıdır. İnanırıq və qəti əminik ki, bu, belə olacaq və bu addım pensiyaçılarımızın maddi durumlarının , rifahının yaxşılaşmasına kömək edəcək. Digər tərəfdən, bu il üçün dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq, daha 20 faiz genişləndirilməsi deməkdir. Bu ilin proqnozlarına əsasən, ünvanlı sosial yardımın məbləği 215-220 manat arasında olacaq. Demək, hər ay ünvanlı sosial yardım alanlar bu qədər vəsaitlə təmin ­olunacaqlar. 

Eyni zamanda, ötən dövrdə atılan ən önəmli addımlardan biri də özünüməşğulluq məsələsidir. Görüşdə vurğulandığı kimi, özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Ancaq o da bildirildi ki, bu proqrama cəlb edilən bəzi vətəndaşlar özlərinin məsuliyyətini sonadək başa düşmürlər, bu yöndə də çox ciddi tədbirlər görülməlidir. Hazırda isə 50 minə yaxın müraciət var və cari il üçün onlardan 11 mini hədəf müəyyən edilib. Bunun özü də böyük göstəricidir.

Bu istiqamətdə faktları daha da artırmaq olar. Bir sözlə, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Hökümət üçün növbəti mərhələdə də koronavirusun iqtisadiyyata, eləcə də vətəndaşlara təsirlərinin minimumlaşdırılması prioritet olacaq” – DEPUTAT

Read Next

“Şəkərli içkilərdən çəkinin, siqaret çəkməyin…” – ÜST

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir