Azərbaycan dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir – BAXIŞ

Oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan STAR Neft Emalı Zavodunun açılış mərasimi keçirildi.

Çox böyük tarixi hadisə idi. Hər iki dövlət, hər iki ölkənin müdrik liderləri Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin möhkəmləndirilməsi yolunda daha bir uğura imza atdı, tarix yazdı. Bəli, XX əsrin sonlarından üzü bu yana, xüsusilə də, son illər Azərbaycan və Türkiyə çiyin-çiyinə, kürək-kürəyə verərək, bir-birinin ardınca tarix – XXI əsrin enerji tarixini yazır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, TANAP və sairəni buna misal göstərmək olar. Həmçinin, heç zaman yaddaşlardan, hafizələrdən silinməyəcək 15 sentyabr 2018-ci il paradı.

 

Bakının Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş və hər iki dövlətin liderinin iştirakı ilə baş tutmuş parad olduqca möhtəşəm bir mənzərə idi. İndi isə bunların sırasına daha biri əlavə olundu – STAR Neft Emalı Zavodu.

Ümumilikdə götürdükdə, ikinci dəfə müstəqillik əldə etdikdən, 1991-ci ildən bu yana, 27 il ərzində ölkələrimiz arasında 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalanıb ki, bunlar da bir daha qarşılıqlı münasibətlərinin, əlaqələrin, əməkdaşlığın tam mənzərəsini açıb ortaya qoyur. 

Etikxeber.az xəbər verir ki, bunu mətbuata geniş açıqlamasında  akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

STAR Neft Emalı Zavodunun təməlinin hələ yeddi il öncə, yəni, 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu xatırladan Z.Səmədzadə  qeyd edib ki, STAR zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR çıxış edir.

Onun sözlərinə görə, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda 2018-ci ilin avqustundan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

star-1

STAR hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq

Z. Səmədzadə bildirib ki, zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla, 80 min ton “Azeri Light” markalı neft çatdırılıb:

“Verilən məlumatlara görə, zavod beş milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Bununla yanaşı, STAR neftin qiymətindən asılı olaraq, hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq”.

Layihənin həyata keçirilmə müddətində 19 min 500 nəfər  işçinin çalışdığını deyən komitə sədrinin bildirdiyinə görə, zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq:

STAR neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq.

Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Bu yerdə onu da qeyd edim ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir.

Bundan əlavə, STAR Neft Emalı Zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə, strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla, ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq”.

Növbəti mərhələdə nəzərdə tutulan 700 milyon dollarlıq investisiya

Komitə sədri onu da xatırladıb ki, Azərbaycan tərəfindən növbəti mərhələdə əlavə 700 milyon dollar investisiya yatırılacaq.

Tarixi açılış mərasiminə toxunan Z.Səmədzadə bildirib ki, açılışda SOCAR prezidenti Rövnəq Abdullayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış edib, STAR-la, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yüksək fikirlər səsləndiriblər.

Mərasimdə daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etdiklərini diqqətə çatdıran Z.Səmədzadə həmin çıxışlarda səslənən fikirlərinin tarixdə qalacağını, qızıl hərflərlə həkk olunacağını bildirib:

“Dövlət başçımız çıxışında “Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”, – deyərək, təkcə bu il ərzində Türkiyəyə üçüncü səfərinin, Rəcəb Tayyib Ərdoğanın isə Azərbaycana iki səfərinin baş tutduğunu xatırlatdı və əlavə etdi ki, bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

“STAR Rafineri”nin yaradılması üçün Azərbaycanın 6,3 milyard dollar yatırım etdiyini dilə gətirən cənab İlham Əliyev bunun xaricə qoyulan ən böyük yatırım olduğunu söylədi. Eyni zamanda, bildirdi ki, bu günə kimi digər önəmli layihələr birlikdə həyata keçirilib: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması.

Azərbaycan lideri “Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq”, – deyərək, çıxışına yekun vurdu.

Türkiyə prezidenti cənab Ərdoğan isə çıxışında vurğuladı ki, Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir.

Yəni, dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışı reallaşdırılan layihələr ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırır.

Bu baxımdan, cənab Ərdoğan çıxışında bu məqama diqqət ayıraraq, “hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə – STAR Neft Emalı Zavodu, bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri – bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir.

2008-ci ildən etibarən enerji sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR STAR Neft Emalı Zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə ölkəmizə qazandırıb. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan STAR Neft Emalı Zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək”, – dedi və əlavə etdi ki, bu zavod Türkiyənin ən böyük enerji layihəsidir.

Bu baxımdan, neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir.

Belə ki, gündə 214 min barel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək”.

Azərbaycan dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir

Komitə sədri bu yerdə tarixə ekskurs edərək, bir sıra vacib məqamları da xatırladıb:

“Bildiyiniz kimi, dünya sənayesində roluna, əhəmiyyətinə görə mühüm yer tutan sahələrdən biri neft-kimya kompleksləridir.

Onun çox mürəkkəb strukturu var və ölkələrin iqtisadi inkişaf səviyyəsini xarakterizə edərkən bu sahənin də potensialı qiymətləndirilir. Əsrimiz texnika-texnologiya əsridir. Bu texnologiyanın səmərəli istifadə olunması daha çox yanacaq məhsullarının istehlakı ilə əlaqədardır.

Odur ki, dünyanın inkişaf etmiş əksər ölkələrində neft-kimya kompleksləri, neft məhsullarının emalı çox ciddi sahələrdən sayılır.  Bu gün neftdən alınan məhsulların sayı həddindən artıq çoxdur və o ölkələrdə neft-kimya komplekslərinin səmərəliliyi yüksəkdir ki, onlarda  ən müxtəlif çeşidlərlə məhsul istehsal edən neft emalı müəssisələri var.

Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan bu məsələdə dünyanın ən öndə gedən ölkələrindən biridir. Çünki Azərbaycan hələ XIX əsrin axırlarından etibarən, dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir.

Azərbaycanda kiçik də olsa, neftayırma zavodları olub. Konkret olaraq, keçmiş sovetlər dövründə güclü neft-kimya kompleksimiz, neft emalı müəssisələrimiz olub.

O vaxt həmin müəssisələr, zavodlar ildə 20 milyon tonadək neft emal ediblər. Hətta bir müddət Azərbaycana emal güclərindən daha səmərəli istifadə üçün kənardan, SSRİ-nin digər ucqar bölgələrindən neft gətirilib.

Düzdür, onun keyfiyyəti o qədər də yüksək deyildi, amma bunlar faktdır. Yəni, tam qürur və fəxarət hissi ilə demək istəyirəm ki, Azərbaycan XX əsrdə, 71 il ərzində Sovet İttifaqının neft emalı sahəsində əsas yerlərindən birini tutub”.

Yusif Məmmədəliyev, Əli Quliyev, İzzət Orucova, Vahab Əliyev, Musa Rüstəmov və…

Z.Səmədzadənin dediyinə görə, xüsusilə, bizim görkəmli alimlərimiz, başda akademik Yusif Məmmədəliyev olmaqla, Əli Quliyev, İzzət Orucova, Vahab Əliyev, Musa Rüstəmov və digərləri Azərbaycanın və keçmiş SSRİ neft sənayesinin inkişafına böyük töhfələr veriblər:

“Onların əməyi və zəhmətləri müstəsna və danılmazdır, daim xatırlanmalıdır. Hətta bu gün bizim alimlərimizin bəzilərinin texnologiyaları dünyanın bir çox neftayırma zavodlarında tətbiq olunur.

SOCAR-ın uğurlarının əldə olunmasında neft mütəxəssislərimiz çox böyük xidmətlərə malikdirlər. Mən bu yerdə ötən əsrin 70-ci illərini, böyük öndər Heydər Əliyevin neft emalı sənayesinin inkişafı ilə addımlarını xatırlayıram. Hələ o vaxtlar böyük işlər görüb, gələcəyə hesablanmış tarixi addımlar atılıb. Bunlar mütləq deyilməli və vurğulanmalıdır”.

Azərbaycan bu gün dünyəvi layihələrdə iştirak edən mühüm bir tərəfdaş-dövlətdir

Komitə sədrinin bildirdiyinə görə, bu gün maliyyə vəsaitlərimiz, xammal hasilatımız, neft ixrac edən boru kəmərimiz var və bunlar müsbət amillərdir.

“Ən böyük istehlakçı da Türkiyə və ətraf ölkələrdir. Azərbaycan həm neft hasilatçısıdır, həm də  vaxtilə güclü neft-kimya sənayesinə, kompleksinə malik olub və indi də yüksək səviyyədə modernizə edilən bir sahəyə malikdir. Burada iqtisadi səmərəlilik məsələsi göz qabağındadır.

Bu gün açılışı yenicə həyata keçirilmiş STAR-da ən müasir texnologiyalar tətbiq olunub, hamısı yüksək Qərb texnologiyalarıdır və bunlardan istifadə, heç şübhəsiz, iqtisadi səmərəliliyi artıracaq. Burada ən mühüm amillərdən biri də odur ki, Azərbaycan dünyəvi  bir layihəyə imza atıb.

Azərbaycan dünya miqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu baxımdan, çox sevinirəm ki, Azərbaycanın xarici investisiya yatırımı artıb. Çox sevinirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət məqamlar-meyillər özünü göstərir. Sevinirəm ki, Türkiyənin bu məhsullarla bağlı idxalı, həmçinin, çəkdiyi xərclər azalacaq.

Yəni, bu layihə həm istehsalçı olaraq bizim üçün, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır. Bu kimi layihələrin genişlənməsi onu göstərir ki, Azərbaycan bu gün dünyəvi layihələrdə iştirak edən mühüm bir tərəfdaş-dövlətdir”, – deyə Z.Səmədzadə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev Xalikov və Torkunov ilə görüşdü – FOTOLAR – YENİLƏNİB

Read Next

Nə qədər tələbələrim var, olacaq, bir o qədər gənc, cavan qalacağam – XALQ ARTİSTİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir