“Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə…” – HİKMƏT BABAOĞLU

“Azərbaycanın beynəlxalq miqyasda nüfuzu  mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir. Bu kontekstdə yeni əsrin müqaviləsi kimi səciyyələndirilən  yenilənmiş “Azəri-Çıraq-Günəşli” sazişinin imzalanmasını xüsusi qeyd etmək lazımdır. Azərbaycan  Prezidenti İlham Əliyev sözügedən Sazişin imzalanması mərasimindəki çıxışında diqqətə çatdırdı ki, əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Yeni əsrin müqaviləsi həm də Azərbaycanın çox etibarlı tərəfdaş olduğunu, ölkəmizlə tərəfdaşlıq etdiyi subyektlər arasında ciddi etimad mühiti olduğunu göstərir. Başqa bir məqam isə ondan ibarətdir ki, yeni əsrin müqaviləsi çərçivəsində əldə ediləcək gəlirlərdən səmərəli istifadə olunması qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayacaq. Qarşıdakı dövrdə bu sahədə dinamizmin təmin olunması, ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi sayəsində qarşıya qoyulan hədəflərə nail olmaq mümkün olacaq”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O, qeyd edib ki, Prezident İ. Əliyev 2017-ci ili ciddi iqtisadi islahatlar ili kimi xarakterizə etdi:

“Doğrudan da, səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir. Bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan Prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyası müəyyənləşdirməsi ilə bağlıdır. Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyəşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı, bugünkü uğurlardan da danışmaq olmazdı”.

Millət vəkili eyni zamanda deyib ki, Azərbaycanın sürətli inkişafına mane olan məqamlar da var:

“Məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən Azərbaycanın ərazi bütövlüyü məsələsində Azərbaycana müxtəlif xarakterli çoxsaylı təzyiqlər edilir. Azərbaycan müstəqil xarici siyasət yeridə bilməsə, o zaman ərazi bütövlüyü məsələsində güzəştə məcbur edilə bilər. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycan dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla münasibətləri ikitərəfli və çoxtərəfli qaydada inkişaf edir. Heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu və nüfuzu artmaqdadır. Əlbəttə ki, bu münasibətlərin  inkişafı kontekstində Azərbaycanın başlıca hədəfi öz ərazi bütövlüyünü təmin etməkdir. Önümüzdəki mərhələdə də Azərbaycan bu istiqamətə işlərini davam etdirəcək və yeni layihələr həyata keçirəcək”.

Etikxeber.az

Read Previous

Azərbaycanda da din xadimlərinə rəsmi nikah kəsmək hüququ verilə bilərmi?

Read Next

Əliyev Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir