Azərbaycan-Rusiya sərhədində avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb – Komitə

Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, komitə rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhədi keçməsi təmin edilib.

Xatırladaq ki, Rusiya Federasiyası istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı yaranmışdı. Problemin operativ şəkildə həll edilməsi məqsədilə noyabrın 11-də Dövlət Gömrük Komitəsi rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Noyabrın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxsən “Samur” gömrük postuna gedərək vəziyyətlə tanış olub.

Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsinin rəhbərliyi arasinda görüş keçirilib. Görüşdə son günlərdə sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib, tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.

Onu da qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib və komitə sədri iki ölkə sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Etikxeber.az

Read Previous

“Atamın komandasında yer almayacam” – TRAMPIN QIZI

Read Next

Ölkədə təbii qaz alan abonentlərin sayı durmadan artır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir