“Azərbaycan-Türkiyə dostluq və qardaşlığı daimidir, sarsılmazdır və bu sarsılmazlıq, bu birgəlik bizləri növbəti qələbələrə, növbəti zəfərlərə aparacaq, qovuşduracaq”-ELDƏNİZ SƏLİMOV

Dünyada Azərbaycanla Türkiyə kimi bir-birinə bu dərəcədə yaxın və sıx tellərlə bağlı ikinci bir dövlət tapıla bilməz, yoxdur. Bizləri qan, can, ruh, dil, din, tarixi-ortaq dəyərlər birləşdirir, bir-birimizə bağlayır. Bizim qanımız da, canımız da, ruhumuz da, keçmişimiz də, dəyərlərimizi də birdir, eynidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra növbəti mərhələyə qədəm qoyub, əlaqələr daha da möhkəmlənib, monolitləşib, özünün ən üst səviyyəsinə yüksəlib.

Onun sözlərinə görə, xüsusilə də, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun siyasətinin layiqli davamçısı-ölkə Prezidenti İlham Əliyevin 17 il öncə hakimiyyət estafetini qəbul etməsi ilə iki qardaş və dost ölkə arasında münasibətlər bütün dünya dövlətlərinə və xalqlarına örnək, model, nümunə olub.

“İki dost və qardaş ölkə arasında münasibətlərin bu cür zirvəyə yüksəlməsində Ulu Öndərimizin, cənab Prezidentimizin və 2003-cü ildən bu yana Türkiyəyə uğurla rəhbərlik edən cümhurbaşqanı (sabiq baş nazir) Rəcəb Tayyib Ərdoğanın xidmətləri, zəhmətləri sonsuzdur, misilsizdir. Məhz bu tarixi şəxsiyyətlərin sayəsində Azərbaycanla Türkiyə daim bütün məsələlərdə, bütün platformalarda bir-birinə dəstək verib, bir-birinə arxa-dayaq olublar.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olmaqla, həmçinin, qardaş və dost Özbəkistanla Pakistan kimi, işğalçı və təcavüzkar Ermənistanı 29 il ərzində tanımayan, onunla diplomatik münasibətlər qurmayan 3 ölkədən də biridir. Qardaş Türkiyə ölkəmizə daim Qarabağ məsələsində birmənalı və istisnasız dəstəyini verib və verməkdədir. Azərbaycan da qardaş ölkəni on illərdir təhdid edən qanlı terrorla mücadiləsində birmənalı şəkildə müdafiə edib, bu gün də onun yanındadır.

İşğalçı və təcavüzkar Ermənistanın təxribatları nəticəsində iyul ayında Azərbayca-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verən gərginlik, qanlı qarşıdurma zamanı Türkiyənin Azərbaycanla növbəti həmrəyliyi, birgəliyi isə bütün dünyaya mesaj, xəbərdarlıq oldu. Hər kəs bundan payını, hesabını götürmüş oldu. Bütün dünya bir daha şahid oldu ki, bu iki qardaş və dost olkə arasında münasibətlər, sadəcə, sözdə deyil, həm də əməldədir, işdədir.

Heç təsadüfi deyil ki, həmin hadisələrdən bir az sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Bununla yanaşı, o da qeyd edilməlidir ki, qardaş Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrimizin formalaşmasına yardım göstərib. Çünki o zamanlar orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynadı və demək olar ki, artıq hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.

Bu yerdə onu da qürur və fəxr hissi ilə deyə bilərik ki, Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.

Prezident dedi:

“Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Daha bir misal. Cəmi bir neçə gün öncə ölkə Prezidenti Yunanıstanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul etdi. Həmin qəbul zamanı beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Hər kəs gördü və şahidi oldu ki, bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir.

Dövlət başçımız dedi:

“Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”

Hesab edirəm ki, bu bəyanat, bu sözlər, sadəcə, siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər həm də etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir.

Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika da yalnız güclü dövlət başçılarına xasdır.

Cənab Prezidentin: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycanın açıq diplomatiyasına işarə edir. Çünki bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini açıq tənqid edir. Bu baxımdan, düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.

Bir sözlə, bütün bunlar onu göstərir Azərbaycan-Türkiyə münasibətləri, dostluq və qardaşlığı daimidir, əbədidir, sarsılmazdır və bu sarsılmazlıq, bu birgəlik bizləri növbəti qələbələrə, növbəti zəfərlərə aparacaq, qovuşduracaq”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

18:07, 5 avqust

Etikxeber.az

Read Previous

Emreli millinin heyətindən-KƏNARLAŞDIRILDI…

Read Next

Deputat Ucarın Bərgüşad, Lək və Xələc kəndlərində seçicilərini-QƏBUL ETDİ, DİNLƏDİ VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir