Azərbaycan-Türkiyə XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirildi

Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyə tərəfini isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, bu əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının Azərbaycan və Türkiyə arasında milli, tarixi, mədəni köklərə əsaslanan qardaşlıq və dostluğun səciyyəvi rəmzi olduğu ifadə olunub.

Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki sabitliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlığımız dilə gətirilib, terrorun bütün forma və təzahürlərini qınadığımız, Azərbaycanın Türkiyəyə daim dəstək verdiyi və onun yanında olduğu bildirilib. Türkiyə və türk xalqının bu çətinlikləri tezliklə dəf edəcəyi və tarixin bu sınağından qalibiyyətlə çıxacağına birgə əminlik ifadə edilib.

Həmçinin Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edilib, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub. Ölkələrimiz arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkilib.

Görüşdə, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.

Etikxeber.az

Read Previous

Əməkdar artist gizli saxladığı sirri açıqladı: “Məmməd Araz dedi ki…” – VİDEO

Read Next

Prezident spikerləri qəbul etdi və ona medal təqdim olundu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir