AZƏRBAYCAN ÜÇÜN KTMT MÖVZUSU QAPANIB(MI?) – Politoloqun baxışı

Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı maraqlı müzakirələr gedir.

Bir müddət əvvəl Rusiyanın təşəbbüsü ilə təşkilata müşahidəçi ölkə və ya ölkələrin qəbulu təklifi irəli sürülmüşdü. Bu təklif təşkilatın nizamnaməsində əks olunmalıdır.

Ermənistan parlamentində müzakirələr zamanı nizamnaməyə ediləcək əlavədən narazılıq ifadə edilib. Məsələ burasındadır ki, Ermənistanda düşünürlər ki, Azərbaycan müşahidəçi statusuyla təşkilata qatıla bilər və İrəvanda ondan da ehtiyat edirlər ki, bu Rusiyanın maraqlarına cavab verir.

Erməni deputatları parlamentdəki çıxışı ilə xarici işlər nazirinin müavini Şavarş Köçəryan sakitləşdirməyə çalışıb. O, deyib ki, təşkilata istənilən dövlətin üzvlüyü və ya müşahidəçi statusu ilə qatılması konsensusla həll olunacaq. Yəni, Köçəryan demək istəyib ki, Ermənistanın razılığı olmadan Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər, nə də müşahidəçi statusunda qatıla bilər.

Ermənistan parlamentində müzakirələr zamanı təşkilatın nizamnaməsinə bir bəndin də əlavə olunması təklif edilib: “KTMT-yə üzv dövlət təşkilata üzv olan digər dövlətinə düşmən olan ölkəyə silah sata bilməz”.

Yəni, demək istəyirlər ki, KTMT üzvü olan Rusiya və Belarus Ermənistanın düşməni Azərbaycana silah və hərbi texnika satmasın. Hər yerdə Azərbaycanı ittiham etməkdə yorulmayan Şavarş Köçəryan belə təklifin absurd olduğunu, Rusiya və Belarusa şərt diqtə etməyin mümkünsüzlüyünü anlayaraq deputatların təklifinin hamı tərəfindən qəbul olunmayacağını bildirib.

Şavarş Köçəryan deputatları sadəcə bu şəkildə sakitləşdirib ki, üzv dövlətlər bir-birlərinə silah alışında və satışında güzəştlərə malikdirlər.

Ötən il bu vaxtlar Azərbaycan parlamentinin bir neçə deputatı bu mövzuda açıqlama verərək Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması gərəkliyini əsaslandırmağa çalışdı. Həmin deputatlarla qiyabi polemikaya girərək, işğal davam etdiyi dövrdə KTMT-yə üzvlüyün Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab vermədiyini əsaslandırdım.

Yaxşı yadımdadır, televiziya kanallarından biri mənimlə təşkilata üzvlüyü dəstəkləyən deputatın debatını təşkil etmək istədi, dərhal razılaşdım, ancaq qarşı tərəf debata maraq göstərmədi. Çünki necə izah edəsən ki, torpaqlarımızı işğal edən dövlətlə eyni hərbi blokda yer almaq mümkündür?

Bundan böyük absurd ola bilməz. Bu ona bənzəyərdi ki, NATO-nun bir dövləti o birin üzv dövlətin ərazisini işğal edib və hər iki dövlət heç nə olmamış kimi hərbi blokda əməkdaşlığı davam etdirirlər.

“Azərbaycan KTMT-yə üzv ola bilər” deyənlərə cavabı bir neçə ay sonra prezident İlham Əliyev də verdi. Rusiyalı jurnalistlərdən biri Davosda İlham Əliyevə “Azərbaycan KTMT-yə üzv ola bilərmi” sualını ünvanladıqda prezidentin cavabı qısa oldu: “Azərbaycan heç bir hərbi blokda üzvlüyə çalışmır”.

Bununla da bu haqda danışan deputatlarımız bir daha “Azərbaycan və KTMT” mövzusuna qayıtmadılar. Ancaq bu o demək deyil ki, onlar bir daha bu mövzuya qayıtmayacaqlar.

Ermənilər bizi KTMT-də görmək istəmirlərsə və bu təşkilat Rusiya-Ermənistan hərbi ittifaqından ibarətdirsə, biz niyə ora üzvlüyə və ya müşahidəçi olmağa çalışmalıyıq?

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

Qida təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi gəlir – AQRAR KOMİTƏ İLK İCLASINI SENTYABRIN 20-DƏ KEÇİRƏCƏK

Read Next

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir