“Azərbaycan xalqı iki mənfur düşmənə- koronavirusa və bu virusdan da amansız olan erməni təcavüzkarlarına qarşı mübarizə aparır ki…”-MM-İN KOMİTƏ SƏDRİ

2020 – ci il xalqımız üçün çətin, məsuliyyətli, həm də şərəfli, uğurlu bir ildir. Azərbaycan xalqı bu il iki mənfur düşmənə- koronavirusa və bu virusdan da amansız olan erməni təcavüzkarlarına qarşı mübarizə aparır. Pandemiya bütün dünyada olduğu kimi ölkəmizdə də müəyyən problem yaratmış, əvvəlcədən bir çox qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq virus insanlardan yan keçməmiş, kənd təsərrüfatında çalışanların işinə ciddi manelər törətmişdir.

Ancaq buna baxmayaraq sahibkarlar, torpaq sahibləri xəstəliklə mübarizə tədbirlərinə əməl etməklə bərabər öz işlərini də davam etdirmişlər. Taxıl yığımında və tədarükündə elə ciddi bir gerilik olmamışdır. Məhsul vaxtında toplanmışdır. Demək olar ki, nəzərdə tutulan nəticə əldə edilmişdir. Heyvandarlıq məhsulları istehsalı da qənaətləndiricidir. Pambıqçılar pandemiyanın və müharibənin törətdiyi çətinliklərə baxmayaraq bol məhsul yetişdirmişlər və bu gün pambıq yığımı müvəffəqiyyətlə davam edir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Millət vəkili deyib ki, kənd təsərrüfatının digər sahələrində də elə bir ciddi çətinliklər, gerilik müşahidə olunmur. İnsanlar əkib becərdikləri məhsulu raket yağışı, top, güllə atəşi altında yığıb tədarük etməkdən çəkinmirlər.

“Onlar dövlətimizin başçısına, Ali Baş Komandanımıza böyük ümid və inam bəsləyir, torpaqlarımızın azqın düşməndən tez bir zamanda tam azad olunacağı günü səbirsizliklə gözləyirlər. Dağılan təsərrüfatlar, viran edilən evlər, dağıntılar, çətinliklər, şanlı ordumuzun zəfər yürüşü müqabilində onların gözündə heçdir. Xalqımız torpaqlarımızın azadlığı uğrunda hər bir çətinliyə dözməyə qatlaşmağa hazırdır. Bu ölkə rəhbərinə ünvanlanan müraciətlərdə, səsləndirilən fikirlərdə, söhbətlərdə özünü aydın göstərir. Xalq Ali Baş Komandanla, şanlı ordumuzla birdir və bu birliyin, həmrəyliyin, müstəqilliyin, qələbənin yolunda hər bir kəs nəinki evindən – eşiyindən canından keçməyə belə hazır olduğunu nümayiş etdirir. Əlbəttə ki, vətənə, torpağa sədaqət, məhəbbət ifadəsi olan bu birlik, səfərbərlik qələbəmizi daha da yaxınlaşdırır və düşmənə ağır, sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun, igid əsgər və zabitlərimizin sücaəti sayəsində işqal altında olan bütün ərazilərimizin sözsüz ki, erməni təcavüzkarlarından azad ediləcəyini reallaşdırır.

Qələbə Azərbaycan iqtisadiyyatının, onun önəmli olan sahəsi kənd təsərrüfatının inkişafına da böyük təkan verəcək və işqaldan azad olunan torpaqlarımız insanların əliylə bol- bəhrəli taxıl, pambıq, üzüm sahələrinə çevriləcək, xarabazarlığa çevrilən şəhər və kəndlərimiz, ata- baba yurdları abadlaşacaq, üzə güləcəkdir. Hünər, zəhmət, ədalət, halallıq Azərbaycanı daha yüksək zirvələrə ucaldacaq, dövlətimiz öz rəhbərinin – cənab İlham Əliyevin siyasəti, əməli, torpağa, xalqa məhəbbəti, sədaqəti ilə daha da yüksələcək, şöhrətlənəcək və tarixə yeni-yeni qələbə səhifələri yazacaqdır. Azərbaycan daha da inkişaf edəcək, xalqımız xoşbəxt və firavan yaşayacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti-MƏHV EDİLDİ – VİDEO

Read Next

Pəhləvan cüssəli…Vətən sevdalısı…İki bacının tək qardaşı-ŞƏHİD RZA XANBABA OĞLU… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir