“Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır…” – MAKSİMÇUK

Milli Məclisin  (MM) Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri və Xorvatiya Parlamentinin Azərbaycanla Dostluq Qrupunun nümayəndələri arasında görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yaqub Mahmudov belə görüşlərin münasibətlərin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Qeyd edilib ki, Azərbaycan və Xorvatiya oxşar tarixi keçmişə malikdir. Xalqlarımız azadlıq uğrunda mürəkkəb yol keçiblər. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. İqtisadi, sənaye, kənd təsərrüfatı, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlər xüsusi rol oynayır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsində deputatların qarşılıqlı səfərləri önəmli yer tutur. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərinin səmərəli əməkdaşlığı vacib məsələlərdəndir.

Diqqətə çatdırılıb ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi var. Biz suverenlik və ərazi bütövlüyümüzün bərpası yolunda mübarizə aparırıq. Bu mübarizədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir.

Xorvatiya Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk səmimi görüşə görə minnətdarlığını ifadə edib.

Qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Bildirilib ki, ölkələrimiz arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır.

Qonaq Azərbaycanda müşahidə etdikləri inkişafı yüksək qiymətləndirib. Bildirib ki, onun ölkəsi Qafqazın bu bölgəsi ilə iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir.

Görüşdə Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vahid Əhmədov və Məlahət İbrahimqızı çıxış edərək ikitərəfli əməkdaşlığın inkişafı barədə fikirlərini bildiriblər.

MM Sədrinin birinci müavini Ziyafət Əsgərov da Xorvatiya Respublikası Parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Z. Əsgərov ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir, əməkdaşlığa dair  25-ə yaxın sənəd imzalanıb, xüsusilə 2013-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair sənəd bir çox sahələri əhatə edir.

Nəzərə çatdırıb ki, inkişaf etməkdə olan ticarət-iqtisadi əlaqələrimizin gücləndirilməsi  üçün kifayət qədər potensial var. Birinci vitse-spiker onu da qeyd edib ki, gələn il Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olacaq.

Sonra L. Maksimçuk təmsil etdiyi parlamentin adından bildirib ki, biz bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək arzusundayıq. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsini vacib sayırıq.

Etikxeber.az

Read Previous

XUDU MÜƏLLİMİN MƏKTUBU – Rafael Hüseynov yazdı

Read Next

Millimiz bu dəfə Gürcüstanla qarşılaşacaq – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir