“Azərbaycana qarşı belə hallara tez-tez yol verilir…” – NOVRUZ MƏMMƏDOV – YENİLƏNİB

AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib.

Etikxeber.az xəbər verir ki,   bunu jurnalistlərə açıqlamasında  Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli bir qurumdur:

“AŞ PA iki ölkəni qəbul edib, lakin onlardan biri digərinin ərazilərini bütün bu illər ərzində işğal altında saxlayır. AŞ PA-dan bunu tələb etmək lazımdır ki, əgər sən ədalətli bir qurumsansa, ədalət tərəfdarısansa, niyə bununla bağlı heç bir söz demirsən, heç bir qərar qəbul etmirsən?! AŞ PA müəyyən dairələrin əlində sanki bir alətə çevrilib. Azərbaycan isə inkişaf edir, böyük nüfuzu var, ölkənin münaqişədə olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, davamlı inkişafını necə lazımdır təmin edir, regionda, beynəlxalq aləmdə nüfuzu artır”.

O əlavə edib ki, Azərbaycan kiçir bir dövlət olsa da, Şimal, Cənub, Şərq, Qərb kimi mühüm dəhlizlərin, yəni İpək Yolunun yenidən bərpa olunmasında həm təşəbbüskardır, həm iştirakçıdır, həm də aparıcı bir rol oynayır:

“Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu – bütün bunların hər biri Azərbaycanın 26 ildə həyata keçirdiyi böyük işlərdir. Dünyanın ən böyük dövlətləri belə, bu cür miqyasda işlər görməyiblər. Bütün bunlar Azərbaycanın beynəlxaq aləmdə yerini, rolunu göstərir. Bu isə çox təəssüflər olsun ki, Qərbdə bəzi dairələrin xoşuna gəlmir. Axtarırlar ki, hansısa yolla bir şey desinlər, bir fikir söyləsinlər. Azərbaycan ərazilərini 25 ildən artıqdır ki, işğal altında saxlayan işğalçı Ermənistan haqqında isə bir dəfə də olsun söz demirlər, amma Azərbaycanla bağlı balaca bir söhbət olan kimi danışırlar”.

Prezidentin köməkçisi bildirib ki, bu gün Myanmada Rohinca müsəlmanları ilə bağlı böyük bir insan faciəsi baş verir:

“Bir neçə gün əvvəl “Euronews” telekanalı Rohinca müsəlmanları ilə bağlı faciəni zəmanəmizin ən böyük faciələrindən biri kimi dəyərləndirdi. Bu həqiqətdir. Amma bu faciəni kimlər törədib, hansı ölkədə baş verir?! Bu faciə Qərbin uzun illər müdafiə etdiyi, həbsxanadan azad etdiyi Nobel sülh mükafatı laureatı, Myanma xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çjinin indi rəhbər olduğu ölkədə baş verir. Bu hüquq müdafiəçisi faktiki olaraq ölkənin lideri, baş naziri vəzifəsindədir. Amma Qərb Rohinca müsəlmanları ilə bağlı məsələyə sərt, qəti mövqe bildirmir. 1990-cı illərin əvvəlindən Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində Azərbaycanda baş verənləri niyə əsrimizin ən böyük faciələrindən biri kimi qiymətləndirmirdilər? Bu, bir nümunədir. Bəli, Rohinca müsəlmanlarına qarşı törədilənlər böyük faciədir, amma Azərbaycan haqqında bir dəfə də bunu deməyiblər. “Euronews” telekanalı da susanların sırasındadır. Azərbaycanda bir insanın hüququnun pozulduğu iddia olunsa, bu barədə aylarla danışıb yazacaqlar. Amma 1 milyon qaçqın və məcburi köçkünlərlə bağlı bəzən dilucu danışan da tapılmır. Bu, qərəzli, ikili standart deməkdir. Dünyada sabitliyə, təhlükəsizliyə mane olan məhz belə hallardır. Azərbaycana qarşı belə hallara tez-tez yol verilir”.

***

PA rəsmisi həmçinin deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət olunması bir daha Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə və xüsusi əlaqələr olduğunu nümayiş etdirir.

N. Məmmədov bildirib ki, ev sahibi kimi bir dövlət dəvət etmək ixtiyarı olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci ildə “G 20” zirvə görüşünə də Azərbaycanı xüsusi qonaq kimi dəvət etmişdi: “Digər tərəfdən, Azərbaycanın belə mötəbər tədbirlərə dəvət olunmasına əslində təbii baxmaq lazımdır. Çünki Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır, hətta bir sıra nailiyyətlərinə, parametrlərinə görə onların çoxundan da irəlidədir. Məsələn, Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir, bundan əvvəl 37-ci yerdə idi. O nöqteyi-nəzərdən D-8 sammitində Azərbaycanın iştirakının həm ölkəmiz, həm də həmin dövlətlər üçün böyük əhəmiyyəti var idi. Zirvə görüşündə məsələlərin müzakirəsində, fikir mübadiləsində Azərbaycan prezidenti İlham Əliyev də iştirak etdi. Çünki Azərbaycanın artıq belə məsələlərdə yeri, rolu, mövqeyi görünür, bilinir və nəzərə alınır”.

N. Məmmədovun sözlərinə görə, Azərbaycan kiçik dövlət olsa da, təkcə region deyil, beynəlxalq miqyasda bəzən vasitəçi, təşəbbüskar kimi rolunu oynayır:

“Bu, çox vacibdir. Bizim region çox mürəkkəb regiondur. Burada gedən proseslər dünyanın bütün ölkələrini narahat edir. Azərbaycan həm iqtisadi cəhətdən inkişaf etmiş dövlətdir, həm də siyasi və coğrafi mövqeyinə, beynəlxalq aləmdə tutduğu mövqeyə, statusa görə çox böyük əhəmiyyəti olan dövlət hesab edilir. Ona görə də Azərbaycan prezidenti D-8 sammitində Azərbaycanla bağlı vəziyyət, indiyə qədər atılan addımlar, keçilən yol, beynəlxalq aləmdə gördüyü işlər, o cümlədən islamofobiyaya qarşı mübarizə, islam həmrəyliyi istiqamətində atdığı addımlar və münaqişə ilə bağlı məzmunlu və diqqətə layiq çıxış etdi. Bu çıxış hamının alqışları ilə qarşılandı”.

Etikxeber.az

Read Previous

İki məhkum qaçdı: Onların kimliyi və nədə ittiham edildikləri məlum oldu – YENİLƏNİB

Read Next

Vitse-spiker: “Çexiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir “

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir