Azərbaycanda 75 xarici ölkədən 5541 tələbə təhsil alıb – MİLLƏT VƏKİLİ

Bakıda keçirilən altıncı Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti ciddi təhdid edən islamofobiya, ksenofobiya, ayrı-seçkiliyin aradan qaldırılması yollarının müzakirəsi üçün önəmli platforma kimi qəbul olunur. Aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Sahibə Qafarova deyib.

Deputat bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu dünyanın tanınmış elm və siyasi xadimlərinə, dövlət rəsmilərinə, jurnalistlərə bir yerə toplaşıb problemlərin həllini tapmağa şərait yaradır. Foruma beynəlxalq maraq və tədbirə qatılanların sayı ildən–ilə artır. Ona görə də, bu Forumun beynəlxalq mötəbər tədbirlər sırasında yeri yüksək qiymətləndirilir. “Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində bu kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etmək bacarığını sübuta yetirib. Bu mənada VI Beynəlxalq Humanitar Forum da kifayət qədər əlamətdar və məhsuldar keçməklə, ölkəmizin sivilizasiyalar və mədəniyyətlər arasında dialoqa, multikulturalizm ənənələrinin geniş yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti bir daha nümayiş etdirdi” – deyə, S. Qafarova vurğulayıb.

Komitə sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Forumdakı iştirakı və çox dərin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Forumda iştirak edən qonaqlar Prezidentin çıxışını, dövlətimizin başçısının problemləri çox qətiyyətlə və açıq mətnlə ifadə etməsini, yaranmış situasiyada çıxış yollarını göstərməsini yüksək qiymətləndirdilər.

“Forumda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yolları, humanizm və bəşəri məsuliyyətin zəruriliyi, dayanıqlı inkişaf məqsədləri və digər mühüm məsələlər müzakirə olunur. Müzakirə olunan məsələlər sırasında mən təhsil məsələlərini xüsusi qeyd etmək istəyirəm. Bütün həyatı təhsillə bağlı olan, uzun illərdir bu sahədə çalışan bir insan kimi təhsil məsələlərinin belə bir mühüm Forumda müzakirə olunmasını olduqca təqdirəlayiq hal hesab edirəm. İlk plenar iclas da məhz bu məsələyə həsr olunmuşdu və “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” adlanırdı”– deyən S.Qafarova hesab edir ki, ilk panel müzakirələrinin bu mövzuda aparılması, təhsillə bağlı geniş diskussiyanın təşkili heç də təsadüfi deyil və Azərbaycanda təhsilin inkişafına göstərilən yüksək diqqətin əyani təsdiqidir. Prezident İlham Əliyev də Forumdakı dərin məzmunlu nitqində təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

sahiba-yeni-yeni

S. Qafarova bildirib ki, ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb, 3000-dən çox orta məktəb tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə infrastruktur məsələlərin yüksək səviyyədə həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin inteqrasiyasını sürətləndirmək, ölkəmizdə peşəkar, savadlı kadrların hazırlanması məqsədilə müxtəlif proqramların icra olunduğunu xatırladan deputat qeyd edib ki, ali təhsil müəssisələrində çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb. Görülən işlərin nəticəsində Azərbaycanda müasir dövrün tələblərinə uyğun güclü təhsil sistemi formalaşıb. “Mən digər bir vacib məqama toxunmaq istəyirəm. Azərbaycan dövləti həmişə müəllim peşəsinin nüfuzunu yüksəltmək üçün ardıcıl tədbirlər görür, bu sahədə bacarıqlı, savadlı kadrların hazırlanmasına diqqət göstərir. Atılan stimullaşdırıcı addımlar gənclərdə bu müqəddəs peşəyə marağı daha da artırıb. Azərbaycanda müəllim işləmək istəyən gənclərin sayının 3 dəfədən çox artması özlüyündə böyük bir nailiyyətdir. Eyni zamanda, cari ildə qəbul imtahanları zamanı 500 və daha çox bal toplayan məzunlardan 2090-ı məhz müəllimlik peşəsini seçib ki, bu da olduqca yüksək göstəricidir. Dövlətimizin başçısı da ölkəmizdə müəllim peşəsinə marağın çox böyük dərəcədə artdığını söyləyərək bildirdi ki, aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb” – deyə, deputat vurğulayıb.

Ümumiyyətlə, 2017-2018-ci tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyentin tələbə adını qazandığını bildirən S.Qafarova əlavə edib ki, bu, dövlətin məqsədyönlü təhsil siyasətinin, təhsil sahəsində aparılan islahatların uğuru kimi çıxış edir. Abituriyentlərin sayına paralel olaraq qəbul imtahanlarında toplanmış ballar da əhəmiyyətli dərəcədə artıb. Maksimum – 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə artmaqdadır ki, bu da gənclərin savadlılıq səviyyəsinin yüksəldiyini təsdiq edən reallıqdır: “Ölkəmizdə təhsil sahəsində görülən işlərin uğurlarını, güclü təhsil sisteminin mövcudluğunu ifadə edən digər bir fakt isə Azərbaycanda təhsil alan əcnəbilərin sayının artmasıdır. Dünyada təhsil sahəsində, ali məktəblər arasında çox güclü rəqabətin yaşandığı indiki şəraitdə əcnəbilərin ali təhsil üçün məhz ölkəmizi seçməsi, öz gələcəklərini Azərbaycanın ali təhsil ocaqlarına həvalə etməsi yenə də Azərbaycanın təhsil sisteminin yüksək inkişafını təsdiq edir. Xatırlatmaq istərdim ki, ötən tədris ilində Azərbaycanda 75 xarici ölkədən 5.541 tələbə təhsil alıb. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 10 faiz artım deməkdir”.

Həmçinin dərsliklərin yenilənməsi və təkmilləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü də bildirən Sahibə Qafarova son dövrlər dərsliklərlə bağlı aparılan ictimai müzakirələrə də münasibət bildirib. Onun fikrincə, dərsliklərin hazırlanması, onların keyfiyyəti tədrisin təşkilində olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanda müvafiq dövlət qurumları bu məsələyə çox həssaslıqla yanaşır. Eyni zamanda, dərsliklər kifayət qədər bilikli və tədris prosesində təcrübəsi olan müəlliflər tərəfindən hazırlanır, geniş ekspertizadan keçirildikdən sonra nəşrə buraxılır. Bununla yanaşı, MM-in deputatı hesab edir ki, tanınmış ziyalılarımız, dəyərli alimlər və mütəxəssislər dərsliklər çap olunmazdan əvvəl müvafiq qurumlar tərəfindən keçirilən ictimai müzakirələrə qoşulub fikir və rəylərini versələr, bu, görülən işin daha keyfiyyətli olmasına töhfə verə bilər.

“Nəticə etibarilə, sadalananlar bir daha təsdiq edir ki, Azərbaycan təhsili uğurla inkişaf edir və bu gün Azərbaycanın təhsil sahəsində deməyə sözü var” – deyə, S. Qafarova qeyd edib.

Etikxeber.az

Read Previous

Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir – NAZİR – FOTO

Read Next

Münaqişə BMT-nin qətnamələri və ATƏT-in sənədləri əsasında həll edilməlidir – MƏMMƏDYAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir