“Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar” – KOMİTƏ SƏDRİ – YENİLƏNİB – (1)

Hicran HÜSEYNOVA: “Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır, biz  də bu məsələni qaldırmışıq”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də  Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirib.

Etikxeber.az-ın xəbərinə görə, o, bildirib ki, Dövlət Komitəsi  qadınlara qarşı zorakılıqla bağlı xüsusi arayış hazırlayıb.

H. Hüseynova deyib ki, bu problemlər bir gün ərzində yaranmır: “Bundan əvvəl qadına qarşı zorakılıq hallarını ailədə bilirlər. Ona görə də aidiyyatı qurumlar reaksiya verməlidir. Vaxtında qadına dəstək verilsə, elə hallar olmaz”.

***

 

Sonra aliment məsələsinə toxunan komitə sədri qeyd edib ki, bəzi qadınlardan onlara bu barədə müraciətlər daxil olur:

“Qadınlar bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”. H. Hüseynova deyib ki, dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir: “Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

H. Hüseynova eyni zamanda,  uşaqpulu məsələsinə münasibət bildirib. 

Deyib ki, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb. Dövlət Komitəsinin sədrinin qeyd etdiyinə görə, hələ də bir çox qadınlar işləmir: “Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırmışıq. Yəni, uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

***

Komitə sədri sonra kişilərin ailə münaqişəsi nəticəsində zorakılığa məruz qalmasına toxunub və bildirib ki, son 14 ildə qadınlar tərəfindən döyülən kişilərlə bağlı şəxsən onun özünə  2 dəfə müraciət olunub.

H. Hüseynova deyib ki, Komitəyə 85 yaşlı kişi şikayət edib: “Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mən söhbət etdik. Nəvə, nəticələri də vardı. Məlum oldu ki, kişidə alzheimer, yaddaş xəstəliyi yaranıb, döyülmə halı olmayıb”. Dövlət Komitəsinin sədri qeyd edib ki, həbsxanada bir gözəl qadın görüb: “Mənə dedilər ki, həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub, onu döyüb. Qadın elə hala düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib”.

 

Erkən nikahlar məsələsinə gəlincə, H. Hüseynova bunları diqqə çatdırıb:

“Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ilə bağlı ən yüksək göstərici 2011-ci ildə qeydə alınıb: 5138 nəfər”. Komitənin təşəbbüsü ilə qanunvericilikdə qızların nikah yaşının 18-ə qaldırıldığını xatırladan H. Hüseynova deyib ki, 2012-ci ildən bu göstərici azalıb: “2018-ci ildə bu göstərici 338 olub. Əvvəl 15-17 yaşında ana olan qızların sayı 4392 nəfər idisə , 2018-ci ildə bu göstərici 2129 nəfərdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

AVRO-2020: Pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək

Read Next

BDU-nun 100 illiyi ilə bağlı – MM-İN PLENAR VƏ KOMİTƏ İCLASLARININ VAXTI DƏYİŞDİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir