Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir – PREZİDENT – YENİLƏNİB

“Qazlaşdırma, elektrik enerjisi, içməli su və kanalizasiya xidmətləri ilə təminat sahəsində işlərin davam etdirilməsi vacibdir”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısı bildirib ki, bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək:

“6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə “Asan dəstək”, “Abad proqramı” əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür”.

Prezident İlham Əliyev bildirib ki, bu il 3 “ASAN Xidmət” mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq:

“Turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlər görülməlidir. Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir. Ölkədə gedən islahatlar uğurlu nəticələr verir. Ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir, dövlətimizi daha da gücləndirir”.

***

“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”.

Bunu  da dövlət başçısı çıxışında deyib.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan prezident İ. Əliyev qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir. Dövlət başçısı bildirib ki, son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib: “Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300  km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub”.

Dövlət başçısı qeyd edib ki, son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb: “Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib. Son 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmaye qoyulub”.

Etikxeber.az

Read Previous

“Cümhuriyyət ili” və prezident seçkiləri… DEPUTATLAR BU BARƏDƏ NƏ DEDİLƏR?

Read Next

Akademik-deputat “günahkeçisi”ni tapdı: BƏZİ YAZIÇILAR, JURNALİSTLƏR, SOSİAL ŞƏBƏKƏLƏR… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir